Yüksək Texnologiyalar Parkına yeni rezidentlər qəbul edilib

24 İyul, 2026 - 12:08
Yüksək Texnologiyalar Parkına yeni rezidentlər qəbul edilib

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında keçirilən Ekspertlər Şurasının növbəti iclasında innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən dörd yeni startap və şirkətin SABAH.city innovasiya şəhərciyinin rezidenti statusu təsdiqlənib.

"Phoenix IT Solutions", "Dapti", "Plan & Eat" və "Esyasoft CIS" tərəfindən rəqəmsal transformasiya, süni intellekt əsaslı adaptiv təhsil, B2B korporativ qidalanma və kommunal xidmətlərin rəqəmsallaşdırılması istiqamətlərində həyata keçiriləcək layihələrin SABAH.city innovasiya ekosisteminə inteqrasiyası ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinə, texnologiya transferinin təşviqinə və insan kapitalının inkişafına mühüm töhfə verəcək.

Təsdiqlənən layihələr çərçivəsində dövlət və özəl sektor üçün müəssisə resurslarının idarəedilməsi (ERP) sistemlərinin və bulud infrastrukturlarının qurulması, beynəlxalq sertifikatlaşdırma və peşəkar təlim proqramlarının təşkili, təhsildə süni intellekt əsaslı fərdiləşdirilmiş həllərin tətbiqi, B2B korporativ qidalanma və logistika proseslərinin optimallaşdırılması, eləcə də kommunal xidmətlərin rəqəmsallaşdırılması üzrə ağıllı monitorinq sistemlərinin tətbiqi nəzərdə tutulur.

Bu çərçivədə rezidentlər tərəfindən həyata keçiriləcək əsas layihələr aşağıdakılardır:
●    Phoenix IT Solutions – Şirkət dövlət və özəl sektor üçün ERP sistemləri, bulud texnologiyaları, süni intellekt və məlumat analitikası sahələrində rəqəmsal transformasiya həlləri təqdim edəcək. Eyni zamanda layihə çərçivəsində SAP və AWS üzrə beynəlxalq sertifikatlaşdırma proqramları və peşəkar təlimlər təşkil olunacaq.
●    Dapti – Startap süni intellekt əsaslı adaptiv təhsil platforması vasitəsilə tələbələr üçün fərdiləşdirilmiş öyrənmə mühiti yaradacaq. Platforma AI Tutor (süni intellekt əsaslı fərdi müəllim), avtomatlaşdırılmış qiymətləndirmə və təhsil analitikası alətlərini özündə birləşdirərək tədris prosesinin daha səmərəli təşkilinə imkan yaradacaq.
●    Plan & Eat – Startap şirkətlərlə iaşə obyektləri arasında rəqəmsal əlaqə yaradan B2B korporativ qidalanma platformasını təqdim edəcək. Platforma işçilərin qidalanma prosesinin səmərəli təşkilini, sifarişlərin əvvəlcədən idarə olunmasını, sağlam qidalanmanın təşviqini və logistika proseslərinin optimallaşdırılmasını təmin edən ağıllı həllər təqdim edəcək.
●    Esyasoft CIS – Şirkət kommunal xidmətlərin rəqəmsallaşdırılması sahəsində fəaliyyət göstərərək ağıllı sayğac sistemləri, GIS, billinq, CRM, məlumat analitikası və süni intellekt əsaslı monitorinq həllərini əhatə edən kompleks həllər portfelini SABAH.city innovasiya ekosisteminə inteqrasiya edəcək.

Yeni rezidentlərin SABAH.city innovasiya ekosisteminə qoşulması özəl sektorla əməkdaşlığın genişlənməsinə, gənc mütəxəssislər üçün təlim, beynəlxalq sertifikatlaşdırma və praktiki təcrübə imkanlarının yaradılmasına töhfə verəcək. Bu təşəbbüslər yüksəkixtisaslı insan kapitalının formalaşmasına, ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinə və Azərbaycanın regional innovasiya mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı innovativ və yüksək texnologiyalı məhsulların hazırlanmasını dəstəkləyən, xüsusi hüquqi rejimə malik innovasiya zonasıdır. Parkın fəaliyyəti daxili və xarici investisiyaların cəlb edilməsinə, elmi tədqiqatların kommersiyalaşdırılmasına və yüksəkixtisaslı insan kapitalının formalaşdırılmasına yönəlib.