Yuxarı sinif mövzuları niyə aşağı siniflərdə tədris olunur? - AÇIQLAMA 

11 Fevral, 2026 - 16:30
Yuxarı sinif mövzuları niyə aşağı siniflərdə tədris olunur?

“Son illərdə yeni dərslik layihələrinin tətbiqinə başlanıldıqdan sonra istifadə olunan dərsliklərin hamısı demək olar ki, yenilənib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil TV-nin “Təhsil saatı" verilişində qonaq olan Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev deyib.

Onun sözlərinə görə, bu yeniliklərin əsas məqsədi tədris materiallarının elmi əsaslarla, şagirdlərin yaş və qavrama səviyyəsinə uyğun şəkildə hazırlanmasıdır.

O qeyd edib ki, dərslik məzmunu formalaşdırılarkən dünyanın qabaqcıl təhsil sistemlərinin proqramları geniş şəkildə təhlil olunub. Bu istiqamətdə ABŞ-nin “Common Core” proqramı, Böyük Britaniya, Avstraliya, Yaponiya və digər ölkələrin təhsil proqramları araşdırılıb. Həmçinin beynəlxalq qiymətləndirmə çərçivə sənədləri də əsas götürülüb.

Direktor vurğulayıb ki, beynəlxalq qiymətləndirmələrdə, xüsusilə ibtidai siniflərin buraxılış mərhələsində bəzi mövzuların daha sadə formada təqdim edilməsi diqqət mərkəzində olub. Təhlillər nəticəsində müəyyən edilib ki, ölkələrin əksəriyyətində IV sinif səviyyəsində mövzular şagirdlərin yaş xüsusiyyətlərinə uyğun, sadələşdirilmiş formada təqdim olunur.

Zaur İsayev əlavə edib ki, yeni dərsliklər tətbiq edilməzdən əvvəl bir neçə mərhələdən keçərək məktəblərdə sınaqdan keçirilir. Belə ki, əvvəlcə dərsliklər pilot layihə kimi bir il müddətində tətbiq olunur, müəllimlərin rəyləri nəzərə alınaraq təkmilləşdirilir və ikinci dəfə sınaqdan keçirilir. Yalnız bundan sonra dərsliklər kütləvi istifadəyə verilir.

Pilot layihələr zamanı müxtəlif məktəblərdə və şagird qruplarında qiymətləndirmələr aparılır və nəticələr təhlil edilir. Əldə olunan nəticələr göstərir ki, yeni dərsliklər şagirdlərin qavrama səviyyəsinə uyğundur və beynəlxalq standartlara cavab verir.

Direktor qeyd edib ki, müasir təhsil proqramları dünya ölkələrində tətbiq olunan qabaqcıl yanaşmalarla uyğunlaşdırılıb və bu baxımdan mövzuların siniflər üzrə bölgüsü şagirdlərin yaş xüsusiyyətlərinə tam uyğun hesab olunur.