Zaur İsayev: Dərslik yeganə tədris mənbəyi olmamalıdır

11 Fevral, 2026 - 16:24
Zaur İsayev: Dərslik yeganə tədris mənbəyi olmamalıdır

"Şagirdlərin dərsi mənimsəməsi ilə bağlı problemlərin yaranması bəzən dərsliyin məzmunu ilə, bəzən isə müəllimin tədris bacarıqları ilə əlaqələndirilir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil TV-nin “Təhsil saatı" verilişində Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev deyib.

O qeyd edib ki, təhsil proqramları zamanla dəyişir və bu dəyişikliklər dərsliklərin funksiyasına da təsir göstərir.

Zaur İsayev bildirib ki, təxminən 20-25 il əvvəl dərsliklər yeganə bilik mənbəyi hesab olunurdu. Lakin müasir dövrdə fənlər üzrə çoxsaylı informasiya mənbələri və texnoloji imkanlar mövcuddur. Buna görə də dərslik artıq təhsil prosesində istifadə olunan resurslardan yalnız biridir.

O vurğulayıb ki, hazırda Elm və Təhsil Nazirliyi tərəfindən hər bir fənn və sinif üzrə vahid dərslik siyasəti həyata keçirilir: “Bununla yanaşı, hər bir şagirdin fərdi qavrama səviyyəsi nəzərə alınmalıdır. Elmi yanaşmalara əsasən, şagirdlər informasiyanı fərqli üsullarla mənimsəyirlər”.
Direktorun sözlərinə görə, müəllimin əsas vəzifəsi tədris materialını şagirdin intellekt və qavrama səviyyəsinə uyğunlaşdırmaq və onu düzgün şəkildə çatdırmaqdır. Müəllim dərsliklə şagird arasında vasitəçi rolunu oynayır və bu baxımdan sinifdə aparıcı qüvvə olaraq qalır.
Zaur İsayev əlavə edib ki, dərslik yeganə tədris mənbəyi olmamalıdır və mövzunun daha effektiv öyrənilməsi üçün müxtəlif resurslardan istifadə mümkündür.