Zəfər Qurbanov: Elmi-tədqiqatların tədrisə inteqrasiyası üçün konfrans mühüm fürsətlər yaradır

6 Dekabr, 2025 - 16:54
Zəfər Qurbanov: Elmi-tədqiqatların tədrisə inteqrasiyası üçün konfrans mühüm fürsətlər yaradır

“Elmi-tədqiqatların nəticələrinin tədrisə inteqrasiyası baxımından belə beynəlxalq konfranslar ali təhsil müəssisələri üçün mühüm fürsətlər yaradır. Bu cür tədbirlər həm təhsilin məzmununun zənginləşməsinə, həm də universitetlərarası əməkdaşlığın güclənməsinə xidmət edir”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Mingəçevirdə keçirilən III Beynəlxalq Elmi Konfransda çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov bildirib.

Onun sözlərinə görə, Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən alimlərin bir araya gəlməsi qloballaşma proseslərinin ali təhsildə müzakirəsinə imkan yaradır, yeni çağırışlar və innovativ yanaşmaların elmi mühitdə paylaşılmasını sürətləndirir. Rektor qeyd edib ki, bu konfrans elmi fikirlərin mübadiləsi üçün mühüm platforma rolunu oynayır.

Z.Qurbanov tədbirin tələbələrin və gənc tədqiqatçıların inkişafına təsirindən də danışıb:

“Konfrans tələbələrin və gənc tədqiqatçıların elmə marağını artırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Bu cür mühit gənclərin elmi fəaliyyətə cəlb olunması üçün xüsusi stimul yaradır”.