Zorakılıq və zərərli vərdişlər uşaqların gələcək imkanlarını məhdudlaşdırır  - İlqar Qasımov

17 Fevral, 2026 - 11:22
Zorakılıq və zərərli vərdişlər uşaqların gələcək imkanlarını məhdudlaşdırır  - İlqar Qasımov

“Erkən nikahlar, zorakılıq və zərərli vərdişlər uşaqların sağlamlığına birbaşa mənfi təsir göstərir və onların gələcək həyat imkanlarını məhdudlaşdırır”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini İlqar Qasımov “Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbirində səsləndirib.

Nazir müavini bildirib ki, valideyn, müəllim və dövlət qurumlarının birgə fəaliyyəti bu sahədə uğurun əsas şərtidir: “Uşaqlar yalnız ailədə deyil, məktəbdə və cəmiyyətdə də düzgün dəyərlər əsasında formalaşırlar.

“Hüquqlarınla parla” layihəsi uşaqların hüquqlarının qorunması və sağlam həyat tərzinin təşviqi baxımından olduqca əhəmiyyətlidir. Layihə çərçivəsində uşaqlara aşağıdakı mühüm mövzular barədə biliklərin verilməsi xüsusi əhəmiyyət daşıyır: uşaq hüquqları və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının prinsipləri, zorakılığın qarşısının alınması, erkən nikahların fəsadları, sağlam qidalanma və həyat tərzi, zərərli vərdişlərdən uzaq durma, rəqəmsal təhlükəsizlik və kibermühitdə qorunma. Bu mövzular yalnız hüquqi deyil, həm də səhiyyə baxımından son dərəcədə vacibdir”, – deyə o bildirib.