20-dən çox ölkənin nüfuzlu riyaziyyatçıları AzMİU-da bir araya gəlib

25 İyun, 2026 - 09:48
20-dən çox ölkənin nüfuzlu riyaziyyatçıları AzMİU-da bir araya gəlib

İyunun 23-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Riyaziyyat, mexanika və onların tətbiqlərinin müasir problemləri” (Modern Problems of Mathematics, Mechanics and Their Applications – MPMMA 2026) II Beynəlxalq Konfransı keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, AzMİU, Gürcüstan Universiteti, Türkiyənin Yıldız Texniki Universiteti və Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfrans dünyanın müxtəlif ölkələrindən alimləri, tədqiqatçıları və elm təşkilatlarının nümayəndələrini Bakıda bir araya gətirib. Bu il konfransa 22 ölkədən təqdim olunan 178 elmi məruzə təşkilat komitəsi tərəfindən qəbul edilib. Məruzələrin 82-si xarici həmmüəlliflərlə hazırlanıb ki, bu da tədbirin beynəlxalq elmi əməkdaşlıq platforması kimi əhəmiyyətini bir daha nümayiş etdirib.

Konfransın fəxri sədri AzMİU-nun rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova, sədri isə elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanovadır. Elmi komitənin həmsədrləri dünyaşöhrətli alim, AzMİU rektorunun müşaviri professor Məsud Əfəndiyev və Gürcüstanın riyaziyyatçı-alimi, professor Roland Duduçavadır. Elmi komitədə Azərbaycan, Almaniya, Kanada, Çin, İtaliya, Avstriya, Serbiya, Yunanıstan, Türkiyə, Yaponiya, Polşa, Hindistan, Cənubi Koreya və digər ölkələrin nüfuzlu universitet və elmi mərkəzlərini təmsil edən tanınmış alimlər yer alıblar. Konfransın əsas məqsədi riyaziyyat, tətbiqi riyaziyyat, mexanika və onların müxtəlif elm və texnologiya sahələrində tətbiqləri üzrə son elmi nailiyyətlərin müzakirəsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, alimlər arasında təcrübə mübadiləsinin təşviqi və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Professor Nigar Aslanovanın moderatorluğu ilə keçirilən açılış mərasimində universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov, Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun direktor əvəzi professor Elxan Səbziyev, professor Məsud Əfəndiyev və digərləri çıxış edərək konfransın əhəmiyyətinə diqqət çəkiblər.

Daha sonra təşkil olunan plenar iclasda dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu alimlər məruzələrlə çıxış ediblər.

“Springer Nature” nəşriyyat qrupunun nümayəndəsi Tatyana Qolea beynəlxalq elmi nəşrlər və nüfuzlu jurnallarda çap imkanlarına dair təqdimatla çıxış edib. Almaniyanın Helmholts Mərkəzinin professoru Məsud Əfəndiyev biomatematika və ictimai sağlamlıq, Serbiyanın Niş Universitetinin professoru Lyubişa Koçinats müasir analiz nəzəriyyəsi, AzMİU-nun professoru Kamil Aydazadə hidravlik şəbəkələrdə hesablama problemləri, Riyaziyyat İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri akademik Bilal Bilalov isə elliptik tənliklər sahəsində son elmi nailiyyətlər barədə məruzə təqdim ediblər.

Qeyd edək ki, konfrans iki gün davam edəcək. Konfransın növbəti günündə Kanada, Gürcüstan və Azərbaycanın aparıcı alimlərinin çıxışları ilə plenar iclaslar davam etdiriləcək. York Universitetinin professoru Men Va Vonq, Gürcüstan Universitetinin professoru Roland Duduçava və Bakı Dövlət Universitetinin professoru Vaqif Quliyev müasir riyaziyyatın aktual problemlərinə dair məruzələr təqdim edəcəklər. Eyni zamanda, Hindistanın Cənubi Asiya Universitetindən professor Pənkaj Ceyn, Türkiyənin Bilkent Universitetindən professor Aleksandr Qonçarov, Antalya Elm Universitetindən professor Vəli Şaxmurov və ABŞ-nin Alabama Universitetindən professor Rişad Şaxmurov onlayn formatda çıxış edəcəklər. Konfrans çərçivəsində keçiriləcək bölmə iclaslarında ABŞ, Almaniya, Kanada, İtaliya, Avstriya, Polşa, İsrail, Yaponiya, Türkiyə, Serbiya, Hindistan, Özbəkistan, İraq, Malayziya, Qətər, Çexiya, Gürcüstan və digər ölkələrin alimləri öz elmi nəticələrini təqdim edəcəklər. Sessiyalarda diferensial tənliklər, funksional analiz, operator nəzəriyyəsi, optimallaşdırma problemləri, biomatematika, süni intellekt və maşın öyrənməsi, rəqəmsal texnologiyalar, kiberdayanıqlılıq, riyazi modelləşdirmə, struktur mexanikası, kompozit materiallar, enerji səmərəliliyi, nəqliyyat-logistika sistemləri, sənayedə süni intellektin tətbiqi və digər aktual istiqamətlər üzrə yüzlərlə elmi məruzə dinləniləcək. Mühəndislik və tətbiqi elmlər istiqamətində aparılacaq müzakirələrdə “ağıllı binalar”, rəqəmsal əkiz sistemləri, IoT əsaslı idarəetmə modelləri, kiberfiziki sistemlər, innovativ tikinti texnologiyaları və müasir mühəndis həlləri xüsusi yer tutacaq. İyunun 25-də keçiriləcək bağlanış mərasimində konfransın yekunları elan olunacaq, yeni elmi tərəfdaşlıqlar və birgə tədqiqat layihələri üzrə perspektivlər müzakirə ediləcək.

Qeyd edək ki, MPMMA 2026 beynəlxalq konfransı AzMİU-nun qlobal elmi məkanla inteqrasiyasının gücləndirilməsi, universitetdə aparılan fundamental və tətbiqi tədqiqatların beynəlxalq səviyyədə tanıdılması, eləcə də yeni əməkdaşlıq və innovasiya platformalarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbir bir daha göstərir ki, AzMİU təkcə mühəndis və memar hazırlayan ali məktəb deyil, həm də regionun nüfuzlu beynəlxalq elm mərkəzlərindən birinə çevrilməkdədir.

20-dən çox ölkənin nüfuzlu riyaziyyatçıları AzMİU-da bir araya gəlib
20-dən çox ölkənin nüfuzlu riyaziyyatçıları AzMİU-da bir araya gəlib
20-dən çox ölkənin nüfuzlu riyaziyyatçıları AzMİU-da bir araya gəlib
20-dən çox ölkənin nüfuzlu riyaziyyatçıları AzMİU-da bir araya gəlib
20-dən çox ölkənin nüfuzlu riyaziyyatçıları AzMİU-da bir araya gəlib
20-dən çox ölkənin nüfuzlu riyaziyyatçıları AzMİU-da bir araya gəlib
20-dən çox ölkənin nüfuzlu riyaziyyatçıları AzMİU-da bir araya gəlib
20-dən çox ölkənin nüfuzlu riyaziyyatçıları AzMİU-da bir araya gəlib
20-dən çox ölkənin nüfuzlu riyaziyyatçıları AzMİU-da bir araya gəlib
20-dən çox ölkənin nüfuzlu riyaziyyatçıları AzMİU-da bir araya gəlib
20-dən çox ölkənin nüfuzlu riyaziyyatçıları AzMİU-da bir araya gəlib