250, 110, yoxsa 50 bal? – Təhsil krediti kimlərə verilir?
Bu gündən ali təhsil müəssisələrinə qeydiyyat başlayır . İstər ixtisas seçmək üzrə olanlar, istərsə də artıq seçmiş və məcburən arzuladığı ixtisasın ödənişlisinə üstünlük verənlər təhsil tələbə krediti üçün müraciət edə bilərlər.
Maraqlıdır, hansı kateqoriyadan olan şəxslər üçün təhsil tələbə kreditinin götürülməsi imkanı yaradılıb? Kimlər müraciət edərsə, müsbət cavab alacaq?
Ali məktəblərə yenicə qəbul olanlar da kredit ala bilərlər
“Azərbaycan müəllimi”nə Təhsil Tələbə Krediti Fondunun Təhsil Tələbə Krediti Fondunun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar Zeynalova bildirib ki, 2026/2027-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə qeydiyyat avqustun 3-dən başlayıb. Odur ki, ödənişli əsaslarla ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə qəbul olunan abituriyentlər təhsil krediti üçün müraciət edə bilərlər. Belə ki, 2026/2027-ci tədris ilinin payız semestri üçün my.gov.az platforması üzərindən təhsil qeydiyyatını həyata keçirdikləri zaman paralel olaraq www.e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə kreditinə (TTK) də müraciət mümkündür: “Təhsil tələbə kreditinin iki növü var. Standart təhsil tələbə kreditindən təkcə sosial statusu olanlar deyil, hətta maddi durumu yerində olan, sadəcə dövlətin yaratmış olduğu imkandan faydalanmaq istəyən hər bir şəxs yararlana bilər”.
Qurumun Himayəçilik Şurasının qərarına görə, digər semestrlər üçün tələbənin ÜOMG-si (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) 71 bal və ya daha yüksək olmalıdır. Peşə təhsili müəssisələri üzrə bu, aralıq qiymətləndirmə ilə ölçülür:
“Standart təhsil kreditində təhsil səviyyəsindən asılı olmayaraq, əsas şərtlərdən biri odur ki, tələbə illik təhsil haqqının 20 faizini özü ödəyir. Belə ki, tələbə ilk tədris ilinin ilk semestrində də standart təhsil tələbə kreditindən yararlana bilər. Əgər minimal bal həddi uyğundursa, o, illik təhsil haqqının 20 faizini universitetə ödəyib TTKF-ya müraciət edir. Kredit rəsmiləşdirildikdən sonra TTKF qalan vəsaiti ödəyir”.
2026/2027-ci tədris ilində ali təhsil müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunaraq tələbə adını qazanan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər:
“Təhsil tələbə kreditləri hər semestr üçün verilir. Ona görə də payız semestrində illik təhsil haqqının 20 faizini ödəyən tələbə növbəti semestrdə, yəni yaz semestrində yenidən 20 faizi ödəməyəcək. Onun növbəti ödənişi növbəti tədris ilinin payız semestrində olacaq”.
Qaydalara görə, ali təhsil müəssisələrinə qəbul olunan tələbələr ilk tədris ilinin birinci semestrindən təhsil tələbə krediti üçün müraciət edə bilərlər. Müsbət cavab almaq üçün isə qəbul imtahanlarında topladığı bal TTKF-nin Himayəçilik Şurasının müəyyənləşdirdiyi minimum həddən yüksək olmalıdır:
“Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində minimum hədd 250, magistratura səviyyəsində 50 baldır”.
Xüsusi qabiliyyət tələb edən ixtisaslarda bakalavriat səviyyəsinə qəbul olunan tələbədən kredit ala bilməsi üçün minimum 100 bal, magistratura səviyyəsində təhsil alacaq tələbədən isə azı 30 bal tələb edilir.
Ötən ildən orta ixtisas müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qəbul olub təhsil tələbə krediti almaq istəyənlər üçün minimal bal həddi 40 bal müəyyən edilib. Orta ixtisas təhsili müəssisələrində standart növ təhsil tələbə kreditindən yararlanmaq üçün abituriyentin topladığı balın minimum həddi 110-dur. Peşə təhsili pilləsinin texniki və yüksək texniki peşə təhsili səviyyəsi üçün attestata müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası 3 olduqda tələbə standart TTK-dan yararlana bilir. İllik təhsil haqqının 20 faizinin ödənilməsi şərti qüvvədədir.
Sosial kredit almaq üçün hər hansı şərt yoxdur
Sosial təhsil tələbə krediti həssas təbəqələrə dəstək məqsədi daşıyır. Bu TTK növündən yalnız sosial cəhətdən həssas qruplara aid tələbələr yararlanırlar. Müraciət edən şəxs ünvanlı dövlət sosial yardımı alan ailənin üzvüdürsə, yaxud III dərəcə əlilliyi varsa, ailə başçısını itirməyə görə sosial müavinət və ya pensiya alırsa, sosial kreditlə təhsil ala bilər. Sadəcə özünün yox, valideynlərinin I və ya II dərəcə əlilliyi olanlar da sosial təhsil tələbə kreditinə müraciət edə bilərlər. Bundan əlavə, valideyni işsiz olanlar, ya da yaşa görə əmək pensiyası və ya sosial müavinət alanlara da sosial kredit düşür.
Bu tələbələr təhsilin ilk ilinin birinci semestrindən etibarən sosial təhsil tələbə kreditindən faydalana bilirlər və qarşılarına hər hansı başqa şərt qoyulmayıb.
Tələbə ödədiyi məbləği universitetdən geri ala bilər?
Bəzən tələbə universitetə təhsil haqqını tam şəkildə ödədikdən sonra ona etdiyi müraciət əsasında təhsil tələbə krediti ayrılır və o rəsmiləşdirilir. Lakin belə hallarda vəsaitin geri qaytarılması ilə bağlı TTKF-nin konkret mexanizmi nəzərdə tutulmayıb. Nazirlər Kabinetinin 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” yalnız təhsil tələbə kreditlərinin verilməsi, istifadə olunması və geri ödənişi ilə bağlı müddəaları tənzimləyir. Artıq məbləğin geri qaytarılması məsələsi yalnız tələbənin müraciəti əsasında və ali təhsil müəssisəsinin daxili maliyyə və sənəd dövriyyəsi prosedurlarına uyğun şəkildə həyata keçirilir.




