28 universitet və təhsil müəssisəsinin iştirakı ilə sərgi keçiriləcək
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində (MTK) irimiqyaslı universitet sərgisi keçiriləcək. Təhsil ocağının 9-12-ci sinif şagirdləri üçün təşkil olunacaq sərgidə müxtəlif ölkələri təmsil edən 28 nüfuzlu universitet və təhsil müəssisəsinin rəsmi nümayəndələri iştirak edəcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirin əsas məqsədi şagirdlərin gələcək təhsil seçimlərini daha yaxından araşdırmalarına və düzgün karyera planlaması qurmalarına dəstək olmaqdır.
Sərgi çərçivəsində məktəblilər bakalavr proqramları, xaricdə təhsil imkanları, universitetlərə qəbul prosesi və təqaüdlərlə bağlı ən son və dəqiq məlumatları birbaşa müəssisə nümayəndələrindən öyrənə biləcəklər. Həmçinin, şagirdlər onları maraqlandıran bütün sualları rəsmi şəxslərə ünvanlamaq imkanı qazanacaqlar.
Tədbirin proqramı aşağıdakı kimidir:
Tarix: 9 oktyabr.
Saat: 09:30 - 10:30.
Məkan: MTK-nın idman zalı.
Hədəf auditoriyası: 9, 10, 11 və 12-ci sinif şagirdləri.
Sərgi gələcəyin tələbələrinə qlobal təhsil imkanlarını kəşf etmək və universitetlərlə ilk birbaşa əlaqəni qurmaq üçün unikal bir platforma rolunu oynayacaq.




