3 azərbaycanlı gəncin "Bayraktar" xəyalı gerçəyə çevrildi – Uğurlarının sirləri
Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bayraktar Teknoloji Azərbaycan” MMC arasında qurulan əməkdaşlıq çərçivəsində “2026-cı il Yay Təcrübə Proqramı”nda 3 gənc iştirak edir. Təhsil mütəxəssisləri bunun gənclərin müdafiə sənayesi, innovativ texnologiyalar və yüksək texnoloji istehsal sahələrində praktiki bilik və bacarıqlar əldə etmələri üçün mühüm imkan olduğunu düşünürlər. Bəs bu imkanı qazananlar kimlərdir?
Həmin 3 gənc - Saleh Pirizadə, Turqut Xəlilzadə və Vidadi İbramxalilov Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələridir.
“Məzun kimi daha böyük imkanlar əldə edəcəyimə şübhə etmirəm”
Saleh Pirizadə 18 yaşındadır. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Proqramla idarə olunan sənaye avadanlıqlarının texniki istismarı” ixtisası üzrə III kurs tələbəsidir. Yüksək Texniki Peşə təhsili alır. CAD/CAM proqramları (SolidWorks, SolidCAM), robototexnika və avtomatlaşdırılmış sənaye sistemləri ilə çox maraqlanır:
“Təhsil müddətində iştirak etdiyi ən önəmli və məsuliyyətli fəaliyyət "Robotchallenge Azerbaijan 2026" yarışması üçün hazırladığı robot layihəsi olub: “Bu layihədə mənə robotun mexaniki hissələrini hazırlamaq təklif olundu. İlk növbədə geniş daxili araşdırmalar etdim və robotun komponentlərini “SolidWorks” proqramında sıfırdan üçölçülü (3D) olaraq dizayn etdim. Daha sonra bu hissələrin CNC frez dəzgahında emal olunması üçün “SolidCAM” proqram təminatından istifadə edərək lazımi G-kodlarını çıxartdım. Müəllimimin də texniki məsləhətləri və dəstəyi ilə emal prosesində istifadə olunacaq kəsici alətlərin seçimini etdim, dəzgahı sıfırladım və hissələri xətasız şəkildə emal edərək layihəni uğurla tamamladım”.
Bu cür uğurlu işləri sayəsində indi onun qarşısında yeni və daha böyük fürsət açılıb:
“Sevinirəm ki, bu gün buradayam. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi olaraq belə bir qapı açıldısa, məzunu olaraq daha böyük imkanlar əldə edəcəyimə şübhə etmirəm. Burada qazandığım uğurlarımın açarı mürəkkəb texniki çertyojları real istehsalat mühitində xətasız tətbiq etməyə çalışmağımdır. Dəzgah başında saatlarla işləyirəm”.
“Bu uğuru gələcəyim üçün açılmış bir qapı kimi görürəm”
Mərkəzin digər tələbəsi - Vidadi İbramxalilov Qusar rayonundandır. O da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Proqramla idarə olunan sənaye avadanlıqlarının texniki istismarı” ixtisası üzrə təhsil alır:
“Bayraktar Teknoloji Azərbaycan”ın əməkdaşları müəssisəmizə gəlib bizi “2026-cı il Yay Təcrübə Proqramı”nda iştirak edə biləcəyimizlə bağlı məlumatlandırdı. Müraciət etdim və bu prosesdə hec bir çətinliklə qarşılaşmadim. Qəbul olduğumu biləndə çox sevindim”.
Proqrama seçilə bilməsini belə izah edib: “Təhsil aldığım müddətdə praqramla idarə olunan dəzgahlara marağım daha da artdı. Məncə, bu da seçilməyimə kömək etdi”.
Vidadi bu proqramı öz gələcəyi üçün fürsət hesab edir: ““Bayraktar Teknoloji Azərbaycan”ın əməkdaşı olmağı düşünürəm. Əldə etdiyim bu uğuru gələcək həyatım üçün açılmış bir qapı kimi görürəm və ondan maksimum dərəcədə istifadə etmək üçün əlimdən gələni edəcəyəm”.
“Bu nailiyyət mənə sübut etdi ki...”
“2026-cı il Yay Təcrübə Proqramı”nın üçüncü iştirakçısı Turqut Xəlilzadə 19 yaşındadır. Sumqayıt şəhər sakini artıq Sənaye və İnnoivasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin III kurs tələbəsidir. “Proqramla idarə olunan sənaye avadanlıqlarının texniki istismarı” ixtisası üzrə yüksək texniki peşə təhsili alır. “Proqramla idarə olunan dəzgahların CNC operatoru və proqramçısı” ixtisası üzrə yetişir:
““Bayraktar Texnoloji Azərbaycan”ın Yay Təcrübə Proqramında bu mərhələyə qədər yüksəlməyim mənim üçün, sadəcə bir nəticə deyil, bu, dəzgah başında keçirdiyim saatların, çəkdiyim əməyin və göstərdiyim texniki intizamın ən real və qürurverici sübutudur. Bu nailiyyət mənə sübut etdi ki, düzgün hədəf və fasiləsiz praktika ilə ən mürəkkəb mühəndislik sistemlərini belə idarə etmək mümkündür”.
Uğur qazanan sayılı şəxslərdən olmasının səbəbini isə belə açıqlayır:
““Bayraktar Texnoloji Azərbaycan”ın əməkdaşları bizim müəssisəyə gələrək layihə və təcrübə proqramı barədə təqdimat etdilər. Elə oradaca daxili qeydiyyatdan keçdim. Çünki müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində dünya brendi olan bir şirkətdə peşəkar olmaq, vacib bilik və bacarıqlara yiyələnmək istəyirəm. Öz ixtisasım üzrə müasir sənaye avadanlıqlarının real iş rejimini daxildən öyrəmək, təcrübəmi maksimum səviyyəyə qaldırmaq və ölkəmizin milli texnoloji inkişafına töhfə verə biləcək bir mütəxəssis kimi formalaşmaq mənim ən böyük hədəfimdir”.
Seçim prosesində bəzi çətinliklər də yaşayıb:
“Seçim mərhələsində qarşılaşdığım ən böyük çətinlik — proqram üçün tələb olunan rəsmi sənədlərin toplanması prosesi mənim üçün çox mühüm olan robot yarışmasının hazırlıq mərhələsi ilə eyni vaxta düşmüşdü. Həm texniki imtahana hazırlaşmaq, həm sənədləri vaxtında çatdırmaq, həm də robot layihəsinin emalını tamamlamaq daxili bir gərginlik yaratsa da, mühəndislik intizamı sayəsində vaxtı düzgün planlaşdırdım”.
“Bayraktar Texnoloji Azərbaycan”ın Yay Təcrübə Proqramı qrupuna adının əlavə edildiyini öyrənəndə keçirdiyi hisslərdən danışan Turqutun sözlərinə görə, bu onun dəzgah başında robot layihəsi üzərində keçirdiyi yuxusuz gecələrin bəhrəsidir:
“Bu uğur mənim gələcəyə olan inamımı və texnoloji inkişafa olan motivasiyamı qat-qat artırdı. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aldığım təhsil bu uğurun birbaşa əsas bünövrəsidir. Bizə burada sadəcə nəzəri dərslər yox, real zavod və istehsalat mühitində tətbiq olunan praktika öyrədilib”.
Turqutun fikrincə, seçim prosesində ona üstünlük qazandıran bacarıqları peşə təhsilində formalaşıb:
““SolidWorks” və “SolidCAM” proqram təminatlarında sərbəst şəkildə üçölçülü 3D modelləşdirmə etmək, mürəkkəb hissələr üçün kəsim parametrlərini hesablayıb G-kodlarını generasiya etmək və CNC dəzgahlarını sıfırlayaraq G54 istehsalat prosesini müstəqil idarə etmək bacarığımdır. Bundan əlavə, proqramla idarə olunan sənaye avadanlıqlarının texniki istismarı üzrə əldə etdiyim fundamental biliklər və müxtəlif metallar üzərində aparılan emal proseslərindəki dəqiqliyim, texniki düşüncə tərzimin bu sahənin tələblərinə tam uyğun olduğunu sübut etdi. Mühəndislik məntiqi ilə problemlərə soyuqqanlı yanaşmağım və real dəzgah başında qazandığım praktiki vərdişlər, məncə, bu seçim prosesində məni digər namizədlərdən fərqləndirən əsas amillərdir”.
Turqut deyir ki, bu təcrübə onun üçün sadəcə peşə bacarıqlarının artırılması yox, həm də şərəfdir:
“Müdafiə sənayesi daxili səhv qəbul etməyən, hər bir detalın yüksək dəqiqliklə işləndiyi texnoloji bir zirvədir. Belə bir sahədə təcrübə qazanmaq mənim üçün sadəcə bir staj deyil, çox böyük bir milli qürur məsələsidir. Bizim 44 günlük Vətən müharibəsində heyranlıqla və qürurla izlədiyimiz, daxili tariximizin yazılmasında misilsiz rol oynayan pilotsuz uçuş aparatlarını və innovativ texnologiyaları istehsal edən bu dünya brendinin bir parçası olmaq, onun daxili sirlərini öyrənmək mənim üçün ən böyük şərəfdir. Bu mühitdə təcrübə qazanmaq gələcəkdə ölkəmin yerli sənayesinə və milli texnoloji inkişafına töhfələr verə biləcək professional bir mütəxəssis kimi formalaşmaq deməkdir.
Bu təcrübə proqramından ən böyük gözləntim müasir müdafiə sənayesinin ən xırda mühəndislik detallarına qədər olan iş prinsiplərini birbaşa bu sahənin peşəkarlarından öyrənməkdir. İstehsalat prosesindəki yüksək intizamı, proqramla idarə olunan avadanlıqların real zavod mühitindəki daxili idarəetmə metodologiyasını mənimsəmək istəyirəm. Amma mənim üçün ən əsas hədəf və bu proqramın həlledici nöqtəsi odur ki, təcrübə müddətində özümü maksimum dərəcədə sübut edim, öyrəndiyim hər bir detalı praktikada xətasız tətbiq edim və gələcəkdə “Bayraktar Texnoloji Azərbaycan” ailəsinin daimi üzvünə çevrilərək burada çalışan o peşəkarlardan biri olum”.
Karyera hədəflərindən danışan gənc Turqut bu proqramın onun öz hədəflərə çatmağında necə rol oynayacağından da danışıb:
“Mən peşəkar karyeramı birmənalı olaraq müdafiə sənayesində proqramla idarə olunan sənaye avadanlıqlarının CNC, CAD/CAM mühəndisliyinin tətbiqi və istehsalat texnologiyaları sahəsində qurmaq istəyirəm. Bu hədəfə çatmaq üçün gələcəkdə özümü görmək istədiyim yeganə və ən ideal ünvan məhz “Bayraktar Texnoloji Azərbaycan” şirkətidir. Bu Yay Təcrübə Proqramı mənim gələcək karyera hədəflərim üçün, sadəcə bir başlanğıc deyil, bu məqsədə aparan ən böyük və həlledici qapıdır. Proqram sayəsində şirkətin daxili istehsalat fəlsəfəsini, yüksək intizamını və texnoloji standartlarını daxildən mənimsəyərək, gələcəkdə “Bayraktar Texnoloji Azərbaycan”ın peşəkar mütəxəssislərindən biri olmaq yolunda ən güclü bünövrəni qoyacağıma əminəm”.
Şaban Cəərçiyev: “Onların bu mərhələyə hazır olmaları üçün doğru mühiti yaratmağa çalışdıq”
Tələbələrinin uğurunu mərkəzin uğuru kimi dəyərləndirən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Cəərçiyevin fikrincə, bu uğurun arxasında tələbələrin həm yerli, həm də beynəlxalq yarışlarda, hakatonlarda iştirak etmələridir ki, bu yarışlar vasitəsilə dəyərli təcrübə qazanırlar:
“Məsələn, elə “Bayraktar Texnologiya Azərbaycan”da yer tutan tələbələrimiz bu il iki beynəlxalq yarışın iştirakçısı olub və nəticələr əldə ediblər. Bu da istər-istəməz tədrislə - tələbələrin nəzəri hazırlığı ilə yanaşı, innovativ mühitdə, komanda şəklində fəaliyyət göstərmək, yeni təcrübələr qazanmaq imkanlarını, bilik və bacarıqlarını artırır”.
Direktorun sözlərinə görə, mərkəzin tələbələrini digərlərindən fərqləndirən vacib amil yanaşmadır:
“Bu gün sənaye təkcə diplomu olan deyil, problemi həll etməyi bacaran, komandada işləyə bilən, yeni texnologiyalara tez uyğunlaşan mütəxəssislərə ehtiyac duyur. Biz də tədris prosesini məhz bu bacarıqlar üzərində qurmağa çalışırıq. Mərkəzimizdə tələbələr yalnız nəzəri bilik əldə etmir, onlar emalatxanalarda işləyir, real avadanlıqlarla tanış olur, sənayeyönümlü layihələrdə iştirak edir, yarışlara qatılır, ideyalarını məhsula çevirməyi öyrənirlər. Çalışırıq ki, mərkəzimizdə təhsil alan tələbələr, sadəcə peşə sahibi deyil, istehsalat mühitində dəyər yarada biləcək mütəxəssis kimi yetişsinlər”.
Direktor əlavə edib ki, tələbələr də çox zəhmətkeşdirlər:
“Onlar seçim mərhələlərində öz bilikləri, texniki bacarıqları və ən əsası öyrənməyə olan həvəsləri ilə seçildilər. Seçim prosesi kifayət qədər ciddi idi. Tələbələr müxtəlif mərhələlərdən, o cümlədən müsahibələrdən uğurla keçərək bu proqramda iştirak hüququ qazandılar. Biz, sadəcə onların bu mərhələyə hazır olmaları üçün doğru mühiti yaratmağa çalışdıq”.
Ona görə də yalnız biliyi deyil, həmçinin tələblərin gələcək potensialını da dəyərləndirən “Bayraktar Texnologiya Azərbaycan” Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə üstünlük verib:
“Tələbələrimiz müsahibələrdə göstəriblər ki, öyrənməkdən çəkinmirlər, məsuliyyət götürə bilirlər və texnologiyaya maraqları dərs otağı ilə məhdudlaşmır”.
Bu yeni əməkdaşlığın verəcəyi töhfə də böyük olacaq: “Bu əməkdaşlıq həm tələbələrimiz, həm də peşə təhsili üçün olduqca vacibdir. Çünki gənclər dünyanın qabaqcıl texnologiya mühitlərindən birini yaxından görəcək, real istehsalat prosesində təcrübə qazanacaq və əminəm ki, əldə etdikləri bilik və baxış bucağını sənayenin inkişafı üçün sərf edəcəklər”.




