5 mindən çox müraciətçidən yalnız 53-ü "Maarifçi" oldu – Yeni iştirakçılarla görüş keçirildi
“IV “Maarifçi” ilə sayımız 150-ni keçdi. Onlardan 40 nəfərdən çoxu Elm və Təhsil Nazirliyi sistemində çalışır”.
Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli nazirliyin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramının müsahibə mərhələsini uğurla başa vuran iştirakçılarla görüşündə deyib.
Gəncləri salamlayan Mətin Kərimli proqramın məqsədi, əhatə dairəsi və iştirakçılar üçün yaratdığı imkanlar barədə məlumat verib. O bildirib ki, “Maarifçi” proqramı gənclərin peşəkar inkişafına dəstək olmaqla yanaşı, onların dövlət idarəçiliyi sahəsində praktik bilik və bacarıqlar qazanmasına, nəzəri biliklərini real iş mühitində tətbiq etməsinə şərait yaradır. Aparat rəhbəri vurğulayıb ki, proqram müddətində əldə ediləcək təcrübə iştirakçıların gələcək karyerasının formalaşmasında mühüm rol oynayacaq.
Yeni iştirakçıları təşəbbüskar olmağa, öyrənməkdən və inkişaf etməkdən çəkinməməyə çağıran Mətin Kərimli onları “Maarifçi” Tələbə-Məzun proqramından maksimum istifadə etməyi tövsiyə edib: “Proqramdan sonra harada işləyəcəyinizdən asılı olmayaraq, əmin olun ki, burada qurduğunuz əlaqə və təcrübələr çox əhəmiyyətli olacaq. “Maarifçi” öyrənmə prosesidir. Öyrənmə prosesi qarşılıqlıdır, həm öyrədən, həm də öyrənən bu prosesdə fəal olmalıdır. Hər birimiz bu prosesdən öyrənirik. Ona görə də maksimum dərəcədə öyrənməyə çalışın”.
Öyrənməyin ən yaxşı üsullarından birinin soruşmaq olduğunu vurğulayan Aparat rəhbəri iştirakçıları sual verməyə çağırıb: “Sual verməkdən çəkinməyin, təkliflər verin. Onda siz daha yaxşı öyrənəcəksiz. Fəaliyyətimizlə bağlı, iş prosesi ilə bağlı soruşun, ictimaiyyət arasında hansısa stereotiplər varsa, onları çəkinmədən həmkarlarınızdan soruşa bilərsiniz. Sizi maraqlandıran məsələlərlə bağlı soruşun. Soruşun ki, öyrənə biləsiniz”.
İştirakçılara proqramın bir yarış olmadığını xatırladıb:
““Maarifçi” bir yarış deyil. 53 nəfər iştirakçısınız və siz bir-birinizlə yarışmırsınız. Bu sizin öz-özünüzlə yarışınızdır. Bu, “Peşəkar keyfiyyətlərimi necə inkişaf etdirə bilərəm, daha yaxşı necə öyrənə bilərəm?” deyə daxili yarışınız ola bilər”.
“Maarifçi” proqramına rekord sayda müraciət olub
Görüşdə Elm və Təhsil Nazirliyinin əməkdaşı, proqramın işçi qrupunun katibi Tünzalə Vəliyeva təqdimatla çıxış edib. Onun sözlərinə görə, IV “Maarifçi” tələbə-məzun proqramına rekord sayda – 5 mindən çox müraciət olub.
Bunun IV “Maarifçi” tələbə-məzun proqramına gənclərin böyük marağının göstəricisi olduğunu qeyd edən T.Vəliyeva seçim prosesinin çoxmərhələli qiymətləndirmə əsasında həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, qeydiyyatdan keçən 5096 nəfərdən 3721 nəfər test imtahanına dəvət olunub.
Test mərhələsini uğurla başa vuran 881 nəfər müsahibəyə çağırılıb, sonda isə nazirliyin müxtəlif struktur bölmələrinin ekspertlərinin qiymətləndirməsi əsasında 53 namizəd proqram iştirakçısı seçilərək “Maarifçi” adını qazanıb: “Seçim prosesi 6 müsahibə komissiyası tərəfindən həyata keçirilib. Müsahibələrdə 86 əməkdaş iştirak edib və seçim prosesinə ümumilikdə 756 saat vaxt sərf olunub”.
İştirakçılar ən çox məktəbəqədər və ümimi təhsil sistemində təcrübə keçirlər
Tünzalə Vəliyeva qeyd edib ki, “Maarifçi” iştirakçılara təhsil sisteminin müxtəlif istiqamətlərində praktiki təcrübə qazanmaq imkanı yaradır. Belə ki, təhsilin idarə olunmasından rəqəmsal transformasiya, hüquq, maliyyə və layihələrin idarə edilməsinədək müxtəlif istiqamətlərdə praktiki təcrübə qazanaraq təhsil sisteminin müxtəlif sahələrinin fəaliyyəti ilə yaxından tanış olurlar.
T.Vəliyeva “Maarifçi” proqramı iştirakçılarının təcrübə keçdiyi struktur bölmə və qurumlar, eləcə də fəaliyyət istiqamətləri üzrə də ətraflı məlumat verib. Onun sözlərinə görə, iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri, tabeli qurumlar və regional təhsil idarələrində praktiki fəaliyyətə cəlb olunublar. 10 nəfər Elm və Təhsil Nazirliyində, 7 nəfər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində fəaliyyət göstərəcək.
Ən çox iştirakçı məktəbəqədər və ümumi təhsil sahəsindədir. Belə ki, 4 nəfər isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində, 20 nəfər isə ayrı-ayrı regional təhsil idarəsində təcrübəyə başlayıb.
Onların arasında Abşeron-Xızı, Dağlıq Şirvan, Lənkəran-Astara, Qazax-Tovuz, Şəki-Zaqatala, Şərqi Zəngəzur Regional Təhsil idarələri var.
Bundan başqa, hər birində 1 nəfər olmaqla Əsaslı Tikinti və Təchizat İdarəsi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Təhsil Tələbə Krediti Fondu və Təhsilin İnkişafı Fondunda da “Maarifçi”lər təcrübə proqramına cəlb olunublar.
Proqram iştirakçılarının əksəriyyəti təhsilin təşkili və idarə olunması sahəsindəki fəaliyyəti öyrənəcək
İştirakçıların fəaliyyət istiqamətləri üzrə bölgüsünə gəlincə, proqram iştirakçılarının əksəriyyəti, yəni 17 nəfər təhsilin təşkili və idarə olunması sahəsinə cəlb olunub.
İnzibati idarəetmə sahəsində 9 nəfər, hüquq və iqtisadiyyat-maliyyə istiqamətlərinin hər biri üzrə 7 nəfər təcrübə keçir.
Bundan başqa, data analitika və rəqəmsal idarəetmə və IT layihələri sahələrinin hər birində 4 nəfər, beynəlxalq münasibətlər və layihələrin idarə olunması istiqamətlərinin hər birində 2 nəfər, tikinti və memarlıq sahəsində isə 1 nəfər proqram çərçivəsində praktik bilik və bacarıqlar əldə edir.
T.Vəliyeva “Maarifçi”lərin təhsil səviyyəsinə dair göstəricilərini də təqdim edib. Belə ki, seçilənlərdən 31 nəfər bakalavriat, 22 nəfər isə magistratura məzunudur. Onlar ali təhsil müəssisələrinə yüksək balla qəbul olunublar.
T.Vəliyevanın açıqladığı rəqəmlərdən belə görünür ki, iştirakçıların 22 nəfəri ali məktəbə 500–600, 16 nəfəri 400–500, 9 nəfəri isə 600-dən yuxarı balla qəbul olunub.
İştirakçılar arasında Bakı Dövlət Universitetinin (BDU) məzunları üstünlük təşkil edirlər. Proqram iştirakçılarından 14 nəfər BDU məzunudur. Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Dövlət İdarəçilik Akademiyası (DİA) və UNEC-in hər birindən 5 nəfər, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 4 nəfər seçilib. Bakı Mühəndislik Universiteti (BMU), Dövlət Gömrük Komitəsi Akademiyası (DGKA), Gəncə Dövlət Universiteti (GDU), Mingəçevir Dövlət Universiteti (MDU) və Naxçıvan Dövlət Universitetindən (NDU) hər birindən 2 nəfər, ADA Universiteti, AMİ, BANM, BDU-nun Qazax filialı, BSU, LDU və Xəzər Universitetindən isə hər birindən 1 nəfər proqram iştirakçısı olub.
“Bizim hələ də nail olmadığımız şeylərə siz bu yaşda nail olmusunuz. Bu məni təəccübləndirdi”, - deyən Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov gənclərə tövsiyə edib ki, mütləq ali məqsədləri olsun: “Bu ölkəni inkişaf etdirəcək gənclər sizsiniz. Hər hansı fəaliyyət sahəsində məşğul olmaq yox, o sahənin zirvəsinə qalxmalısınız”.
İştirakçılar bu proqramın bir parçası olduqlarından məmnundurlar
Bəziləri onlayn olmaqla 53 “Maarifçi”nin hamısı görüşə qatılmışdı. Proqramda təmsil olunmaqdan məmnunluqlarını ifadə edən gənclər tövsiyələrə əməl edərək 4 aylıq fürsətdən yararlanacaqlarını deyiblər.
Xatırladaq ki, “Maarifçi” tələbə-məzun proqramı 2024-cü ildən təşkil olunur və indiyə kimi 102 nəfər bu proqramın iştirakçısı olub. Proqramın 52 məzunu Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində əmək fəaliyyətinə cəlb olunub.




