51 nömrəli məktəblə bağlı yayılan görüntülərə aydınlıq gətirildi

2 Aprel, 2026 - 18:20
51 nömrəli məktəblə bağlı yayılan görüntülərə aydınlıq gətirildi

Sosial şəbəkələrdə 51 nömrəli məktəblə bağlı yayılan görüntülər ictimai müzakirələrə səbəb olub. Həmin kadrlarda azyaşlıların elektrik naqillərinin yerləşdiyi hasardan keçərək məktəbin həyətində futbol oynadıqları əks olunub.

Məktəbdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, sözügedən görüntülər köhnədir və hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib: “26 mart 2026-cı il tarixindən etibarən aidiyyəti qurumlara müraciət olunub, nəzarət tədbirləri artırılıb. Eyni zamanda valideynlərə bir daha müraciət edilərək qeyri-dərs günlərində övladlarına daha ciddi nəzarət etmələri tövsiyə olunub”.

Məktəbin açıqlamasında qeyd olunub ki, məktəbin hasarına yaxın ərazidə yerləşən köşkə aid elektrik naqilləri artıq yığışdırılıb. Bundan əlavə, elektrik sayğacının yerinin dəyişdirilməsi ilə bağlı da aidiyyəti qurumlara müraciət edilib.