5–10 dəqiqə sonra yenidən partlayış səsi eşidildi – Hadisə şahidləri danışırlar

6 Mart, 2026 - 16:36
5–10 dəqiqə sonra yenidən partlayış səsi eşidildi

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kənd tam orta məktəbində tədris davam etdirilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, martın 4-də 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hadisə şahidi olan məktəbin müəllimi Leyla Həsənova deyib ki, dünən dərsdə güclü partlayış səsi eşidiblər: “Aeroport bizə yaxın olduğu üçün partlayışın aeroportun ərazisində baş verdiyini gördük. Dərhal uşaqları təxliyə etdik və məktəbin həyətinə çıxdıq. Təxminən 7–8 dəqiqə sonra ikinci zərbə endirildi. Yaşadığımız stresə baxmayaraq, tez bir zamanda uşaqların təxliyəsini təmin etdik".

Məktəbin digər müəllimi Aytəkin Babayeva isə qeyd edib ki, dünən baş verənlərə baxmayaraq, bu gün tədris öz qaydasında davam etdirilir: "Dünən təşviş yaransa da, vəziyyəti nəzarətdə saxladıq. Tədris prosesi cədvələ uyğun şəkildə davam edir və şagirdlərə lazım olan psixoloji dəstək göstərilir".

Məktəbin 8-ci sinif şagirdi Münəvvər İsgəndərli deyib ki, hadisə baş verən vaxt məktəbdə olub: "Müəllimlərimiz şagirdləri sürətli və ehtiyatlı şəkildə məktəbdən çıxarmağa başladılar. Siqnal verildikdən sonra biz artıq məktəbin həyətində idik. Təxminən 5–10 dəqiqə sonra məktəbimizin yaxınlığında yenidən partlayış səsi eşidildi. Bildirildi ki, bu da İran tərəfindən atılan dronlardan biri idi.
Həmin anda hamımız çox həyəcanlı və qorxmuş vəziyyətdə idik və nə edəcəyimizi belə bilmirdik".

Qeyd edək ki, dron hücumu zamanı məktəbə ziyan dəyməyib.