Biologiyaya marağı olmayan şagirdim fənni sevib tibb təhsili aldı – Kənd müəllimi təcrübəsindən danışır

26 Yanvar, 2026 - 15:41
Biologiyaya marağı olmayan şagirdim fənni sevib tibb təhsili aldı

Naxçıvan məktəblərində peşəsini sevən, onu layiqincə yerinə yetirən saysız-hesabsız gənc müəllim var. 
“Azərbaycan müəllimi” olaraq kənd məktəblərində çalışan  müəllimlərimizi tanıtmağa davam edirik. Belə müəllimlərdən biri də biologiya müəllimi Xırda Nəcəfovadır. 

O, 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq fakültəsinin “Biologiya” ixtisasını bitirib. Sonra Şahbuz rayonunun Mahmudoba kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb. 2016-cı ildə müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında istirak edərək yüksək nəticə (75%) göstərib. Püsyan, Şada, Aşağı Yaycı kənd orta məktəblərində dərs deyib. 
Həmsöhbətimizlə daha yaxından tanış olaq. 
 
- Hazırda hansı məktəbdə işləyirsiniz və uğurlarınız nədir ? 

- 2022-ci ildə yaşayış yeri ilə əlaqədar olaraq MİQ imtahanından 50 bal toplayaraq, 84% nəticə ilə Şərur rayonunun Diyadin kənd tam orta məktəbində ixtisasım üzrə müəllimlik fəaliyyətimi davam etdirirəm. Həmin ildən məktəb rəhbərlərinin imtahanında iştirak edib laboratoriya müdiri vəzifəsində işləyirəm. Yasayış yerim Püsyan idi, ona görə də Diyadin kəndində işlədiyim üçün çətinliklər çəkirdim. Sonra Diyadin kəndində ev tikərək uşaqlarımla birlikdə orada  yaşamağa başladım. Uşaqlarım da hazırda işlədiyim Diyadin kənd tam orta məktəbində təhsil alırlar.

Həmçinin 2025-ci ildə müəllimlərin sertifikasiya imtahanında 52 balla yüksək nəticə göstərmişəm. Müəllimlik fəaliyyətim ərzində Naxçıvan Dövlət Universitetinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən ixtisasartırma kurslarında iştirak edib sertifikat əldə etmişəm. 
2022-ci ildə Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “İnnovativ müəllim” layihəsində iştirak edərək sertifikat əldə etmişəm. 

- Nə üçün müəllim olmaq istədiniz? Bu sahəyə maraq haradandır?

- Əslində ən böyük arzum həkim olmaq idi. Amma imtahan nəticəsində biologiya müəllimliyinə qəbul oldum. Müəllimlik peşəsi mənim üçün müqəddəsdir. Bu peşəyə maraq öz müəllimlərimə olan sevgidən, hörmətdən irəli gəlir. Təsadüfi deyil ki, babalarım da dövrünün sayılıb-seçilən müəllimlərindən olub. Həm biologiyaya olan marağım, həm də şərəfli peşənin davamçısı kimi müəllimlik peşəsini   seçdim.

- Kənd məktəbində biologiya fənnini tədris etməyin əsas üstünlükləri və çətinlikləri nələrdir?

- Üstün cəhətləri odur ki, əyani vasitələrimiz çox olur. Şagirdlər özləri əyani vəsaiti asanlıqla əldə edərək dərsi daha da maraqlı edirlər. Dövlətimizin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ucqar kənd məktəbi olsa da heç bir çətinliklə rastlaşmırıq. Lazım olan resurslarla keyfiyyətli dərs keçə bilirik. 

- Sertifikasiya imtahanına hazırlıq necə keçdi və yüksək nəticə əldə etməyinizdə hansı amillər rol oynadı?

- Sertifikasiya imtahanına heç hazırlaşmamışdım. Həmin ərəfədə səhhətimdə ciddi problem yaşayırdım. Ailəm imtahanda iştirak etməməyimdə təkid edirdi. Amma sertifikasiya imtahanı mənim önəm verdiyim mərhələdir, müəllimə verilən dəyərdir, qiymətdir. Öz fikrimdən dönmədim və uğurlu nəticə əldə etdim. Bu uğurun səbəbi illərdir pedaqoji fəaliyyətimdə olan məsuliyyətin nəticəsidir.

- Sertifikasiya sizin peşəkar inkişafınıza və dərs metodlarınıza hansı yenilikləri gətirdi?

- Sertifikasiya nəticəsinin yüksək olması şagird və valideyn qarşısında daha da nüfuzlu, məsuliyyətli olmağıma səbəb oldu. İlk növbədə, müasir təlim yanaşmalarını daha dərindən öyrənməyimə və onları praktik fəaliyyətimdə tətbiq etməyimə imkan yaratdı. Bununla yanaşı sertifikasiya prosesi özünüqiymətləndirmə və refleksiya bacarıqlarımı gücləndirdi. Dərslərimin effektivliyini təhlil etməyi, zəif və güclü tərəfləri müəyyənləşdirməyi və davamlı inkişaf üçün konkret hədəflər qoymağı öyrəndim. Eyni zamanda dərslərin planlaşdırılmasında şagirdyönümlü yanaşma, fəal təlim metodlarının istifadəsi əsas prioritetə çevrildi.

- Laborant kimi fəaliyyətiniz biologiya dərslərinin daha praktik və maraqlı keçməsinə necə təsir edir?

- Bu həm laborant, həm də biologiya müəllimi kimi dərslərimin praktik yönümlü təşkilinə geniş imkanlar yaradır, nəticənin daha da əlçatan olmasına səbəb olur. Laboratoriya avadanlıqları ilə işləmə bacarığım, şagirdlərin mövzuları yalnız nəzəri deyil, eyni zamanda praktiki şəkildə mənimsəməsinə imkan yaradır, şagirdlərdə tədqiqatçılıq, müşahidə və analitik düşünmə bacarıqlarının formalasmasina şərait yaradır.

- Məktəbdə laboratoriya şəraitindən səmərəli istifadə üçün hansı üsullara üstünlük verirsiniz?

- Məktəbdə laboratoriya şəraitindən səmərəli istifadə üçün əyani, praktik, təhlükəsiz üsullara üstünlük verirəm. Təcrübələrin əvvəlcədən planlaşdırıb, təhlükəsizlik qaydalarına əməl olunmasına və şagirdlərin prosesdə fəal iştirakına xüsusi diqqət yetirirəm.
- Kənd məktəbində şagirdlərin biologiyaya marağını artırmaq üçün hansı innovativ yanasmalardan istifadə edirsiniz?
- Kənddə yaşayan şagirdlər ətraf mühitlə sıx əlaqədə olduqları üçün təbiət hadisələrini daha yaxından müşahidə edir, canlı aləmi real şəraitdə tanıyır, biologiya movzularını daha asan qavrayırlar.

- Bəs şagirdlərlə münasibətləri necə qurmusunuz? Onlar sizi sevirmi?

- Şagirdlərlə münasibətimi qarşılıqlı anlaşma və hörmət əsasında qururam. 15 illik pedaqoji staj dövründə çox şagirdlərim olub, mənə elə gəlir ki, onların qəlbində yer tutmuşam. Bunu illər əvvəl dərs keçdiyim şagirdlərin əlaqə saxlaması, müəllimlər günündə sevinərək təbrik mesajları göndərmələri sübut edir.

- Dərs dediyiniz şagirdlərin hansı uğurları olub? Onları biologiya fənninə yönləndirə bilirsinizmi?

- Dərs dediyim müddətdə biologiya fənn olimpiadalarında iştirak edərək yer tutan, hətta biologiya müəllimliyini sevərək seçən şagirdlərim də olub. Bu sualınıza daha dolğun cavabı sərhəd və həmçinin ucqar kənd olan Şahbuz rayonunun Şada kənd tam orta məktəbindən nümunə gətirmək istərdim. Belə ki, məndən əvvəl biologiya fənninə marağı olmayan şagirdə dərs deməyə başlayandan sonra biologiyani sevib, çalışaraq IV qrupu seçdi və Naxçıvan Tibb Kollecində təhsil aldı. Bu gün də həmin şagirdimlə də əlaqəmiz var. Hər dəfə qeyd edir ki, mənim oxumağıma motivasiya siz olmusunuz.

- Praktiki təcrübə ilə nəzəri biliklərin uzlaşdırılması şagirdlərin nəticələrində hansı dəyişiklikləri yaradıb?

- Təbiət fənni kimi biologiya praktiki təcrübələr əsasında mənimsənilən bir fəndir. Şagirdlər mövzuları yalnız əzbərlə deyil, təcrübə və müşahidə yolu ilə daha dərindən mənimsəyir, səbəb- nəticə əlaqələrini daha aydın başa düşürlər.

- Müasir metodlardan dərs prosesində istifadə edirsinizmi?

- Bəli, müasir təlim metodlarından dərs prosesində mütəmadi istifadə edirəm. Fəal və interaktiv üsullara üstünlük verərək problem əsaslı təlim, müxtəlif iş formaları, layihə və tədqiqat tapşırıqları, vizual materiallar kimi metodlar dərs prosesini daha dinamik edir, şagirdlərin fəallığını artırır, öyrənməni daha effektiv hala gətirir.

- Açıq dərslər və ya təbiət qoynunda dərslər keçirsinizmi, əgər keçirsinizsə hansı metodlarla?

- Bəli, “açıq dərs”lər və təbiət qoynunda dərslər keçmişəm. Əsasən ekskursiya dərslərini təbiət qoynunda keçərək müxtəlif bitki nümunələrindən herbari, həşərat nümunələri hazırlayıb laboratoriyada əyani vəsait kimi saxlayırıq. Təbiət qoynunda keçirilən dərslərdə şagirdlər ətraf mühiti birbaşa müşahidə edir, bitki və heyvan növlərini yerində öyrənir, sadə təcrübələr və ölçmələr aparırlar.

- Yeni dərs deməyə başlayan gənc biologiya müəllimlərinə, xüsusilə kənd məktəblərində çalışanlara nə tövsiyə edərdiniz?

- Gənc müəllimlərə tövsiyəm odur ki, biologiya əyaniliyi sevən fəndir, fənni həyatda "canlı" gostərməyi bacarsınlar. Şagirdlərə "kitab biologiyasi" yox, ətraflarında gördükləri biologiyani öyrətsinlər. Kənd məktəblərində bunu həyata keçirmək asandır. Özünüzü daim yeniləyin, öz üzərinizdə çalışın, yaradıcı olun. Biologiyanı həyatla bağlı tədris edərək sağlam qidalanma, erkən nikaha, sağlamlıq, təbiəti qoruma, ekoloji problemlər kimi mövzuları diqqət mərkəzində saxlamaq olar. Bir müəllim üçün vacib nüans səbirli və vicdanlı olmaqdır. Şagirdlər üzərində nəticə tez görünməyə bilər, torpağa əkilən toxum cücərən gündən bar vermədiyi kimi.

- Gələcəkdə biologiyanın tədrisi və laboratoriya işləri ilə bağlı hansı hədəfləriniz var?

- Əsas hədəfim biologiyanı sevdirən müəllim olmaq, biologiyanı əzbərdən çıxarıb tətbiqə çevirmək, laboratoriya işlərini daha əlçatan, məqsədli etməkdir. Gələcək nəsillər üçün savadlı müəllimlər, tibb işçiləri yetişdirməkdir. Bununla bərabər hər bir şagird öz orqanizmini tanımalı, bioloji və anatomik savadı olmalıdır.

- Son olaraq sizcə, müasir dövrün müəllimi necə olmalıdır?

- Müasir dövrün müəllimi çevik, yaradıcı, yenilikçi, öyrətməyi öyrədən, psixoloji savadlı, empati qurma bacarıqlı, texnologiya və internet resursları ilə dost olmalıdır. Müəlim yalnız tədris fəaliyyəti ilə deyil, eyni zamanda davranışı, əxlaqi mövqeyi və ictimai münasibətləri ilə də cəmiyyət üçün nümunəvi şəxs olmalıdır. Onun şəxsi davranışı, ünsiyyət mədəniyyəti və məsuliyyət hissi şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Ona görə də müəllim dəyərləri aşılayan nümunəvi şəxsdir. Hər bir müəllim tədris etdiyi fənni şagirdə daha yaxşı öyrətmək üçün alternativ yol və üsullardan da istifadə etməlidir. Ev şəraitində hazırlanan sadə modellər, telefonla çəkilmiş video və şəkillər, karton, plastik, təbii materiallarla maketlər də az imkanla çox nəticə əldə etməyə gətirib çıxarır.