Bir müəllimin uğur hekayəsi

23 Yanvar, 2026 - 14:51
Bir müəllimin uğur hekayəsi

Müstəqil Azərbaycan dövlətinin ən ümdə vəzifələrindən biri azərbaycançılıq, dövlətçilik ideyalarına sadiq yeni nəslin formalaşdırılmasıdır ki, bu işdə ölkə pedaqoqları əsl fədakarlıq göstərir. Belə pedaqoqlar sırasında Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Qızıltac Şahbazovanın özünəməxsus yeri vardır. 

Qızıltac Tarverdi qızı Şahbazova 1962-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 1968-1978-ci illərdə Naxçıvan şəhər C.Məmmədquluzadə adına 2 və Ə.Sultanlı adına 10 saylı orta məktəblərdə alıb. 1987-ci ildə Naxçıvan Dövlət Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası fakultəsini fərqlənmə diplomu ilə bitirib. Müşahidələr deməyə əsas verir ki, Qızıltac Şahbazovanın mənəvi dünyası doğma məktəbi ilə bağlı söhbətlər zəminində Mirzə Cəlil ruhundan qidalanıb, Əli Sultanlı tələbkarlığını mənimsəyib. Nəticədə isə bir Azərbaycan qadını bütün ömrünü maarifçilik hərəkatına həsr edib. 

Q.Şahbazova 1988-ci ildən Şərur rayon Qarxun kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayıb, yeni nəslin formalaşdırılması prosesinə daha dərindən nüfuz edib. 

2000-ci ildən elmi-pedaqoji fəaliyyətini Naxçıvan Müəllimlər İnstitutunda davam etdirən Q.Şahbazova özü üçün yəqin edib ki, müstəqil Azərbaycan dövlətinə bütün varlığı ilə bağlı vətəndaşın formalaşdırılması kiçikyaşlı məktəblillərin mənəvi tərbiyəsinə dair mükəmməl nəzəri konsepsiya hazırlamaqdan əsaslı dərəcədə asılıdır. Eyni problemi tədqiqat obyektinə çevirən gənc ziyalı  2007-ci ildə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Qızıltac müəllimin elmi yaradıcılığında qlobal dünyada çağdaş insanın mənəvi dünyasının xüsusi ciddiyyətlə gündəmə gətirildiyi müşahidə edilməkdədir və bu, təsadüfi deyil. Bu istiqamətdə ciddi tədqiqatlar aparan Qızıltac Şahbazova hələ 2012-ci ildə ADPU nəşriyyatı tərəfindən oxuculara təqdim olunan “Müasir şəraitdə kiçikyaşlı məktəblilərin mənəvi tərbiyəsi məsələləri” adlı kitabında bir çox problemlərə aydınlıq gətirməyə çalışıb.

Əlbəttə ki, insanın mənəvi tərbiyəsi bütün varlığı ilə  xalqının tərəqqisi uğrunda mübarizə aparan görkəmli ziyalıları daim düşündürüb. Müasir dövrdə isə milli mənəvi dəyərləri qorumaq və gələcək nəsillərə təqdim etmək hər bir cəmiyyət üzvünün mücadiləsindən asılıdır. Şübhəsiz ki, ailə və məktəbin birliyi zəminində haqqında danışılan problem  bütün yönləri ilə həll edilmədən fərdin əsl vətəndaş səviyyəsinə yüksəldilməsi qeyri-mümkündür. Əsl həqiqətdə, istər ailədəki hər bir söz sahibi, istərsə də məktəb kollektivlərinin hər bir əməkdaşı tərbiyənin qızıl prinsiplərinə bələd olmadan mənəvi tərbiyə sahəsində uğur qazanmaqdan söhbət gedə bilməz. Həmin qızıl prinsiplərin təqdimində isə Qızıltac Şahbazovanın “Müasir şəraitdə kiçikyaşlı məktəblilərin mənəvi tərbiyəsi məsələləri” adlı kitabı əvəzsiz mənbələrdən biridir. Fədakar pedaqoqun fikrincə, hər bir valideyn yanlız ailə başçısı kimi deyil, eyni zamanda cəmiyyətin yeni insanını formalaşdırmaq baxımından məsuliyyət daşıyır. 

Məlumdur ki, XX əsrin 20-60-cı illərində də görkəmli pedaqoqlar ictimai düşüncənin əsas diqqətini  yeni nəsillərin təlim-tərbiyəsinə yönəldib, dövlətin dəstəyi ilə meydana çıxan bir çox nəşrlər valideynlərin stolüstü kitabına çevrilib. Fikrimizcə, müasir cəmiyyətimizin ən cidddi problemlərindən biri əksər valideynlərin pedaqoji biliklərdən uzaq düşmələridir. Bəlkə də, məhz bu cəhəti nəzərə alan Qızıltac Şahbazova “Müasir şəraitdə kiçikyaşlı məktəblilərin mənəvi tərbiyəsi məsələləri” kitabında valideynlərdən dönə-dönə söz açıb, ailədə onların şəxsi nümunəsinin mühüm əhəmiyyət kəsb etməsini ciddi arqumentlərlə əsaslandırıb.
Müəllif çox doğru olaraq problemə belə bir mövqedən yanaşıb ki, doğma məmləkətinə bağlı, Vətən uğrunda həyatını qurban verməyə hazır nəsillərin formalaşdırılmasında Heydər Əliyevin zəngin irsi mühüm rol oynayır. Çünki məhz Heydər Əliyev dühası Azərbaycan xalqını müstəqil və qüdrətli dövlətçiliyə qovuşdurmuşdur.

Bəli, bir pedaqoq olaraq Q.Şahbazovanı düşündürən əsas problem insanın mənəvi dünyasıdır. Digər tərəfdən, aydın görünür ki, alim-pedaqoq yeni nəsil nümayəndələrinin mənəvi inkişafına yanaşmada da məhz Ulu Öndər Heydər Əliyevin dövlətçilik prinsiplərinə əsaslanıb. O, 2018-ci ildə ADPU nəşriyyatı tərəfindən pedaqoji ictimaiyyətə təqdim edilən “Heydər Əliyev və milli-mənəvi dəyərlərə dövlət qayğısı” kitabının tərtibçisi kimi ciddi və məsuliyyətli bir vəzifənin öhdəsindən layiqincə gəlib. 
Qızıltac Şahbazovanın elmi fəaliyyəti elm sahəsindəki təşkilatçılığı ilə tamamlanır. O, 2006-2019-cu illərdə Naxçıvan Müəllimlər İnstitutunun “Pedaqogika və psixologiya” kafedrasının müdiri vəzifəsində çalışarkən yüksəkixtisaslı kadrların hazırlığı məsələsini daim diqqətdə saxlayıb, tələbələrin elmi tədqiqat işlərinə cəlb olunmasını vacib və gərəkli saymışdır.  Bunun nəticəsidir ki, artıq bir çox tələbələri onunla çiyin-çiyinə çalışır. 2019-cu ildən Naxçıvan Müəllimlər İnstitutunda Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsində işləyən Q.Şahbazova eyni zamanda Dissertasiya şurasının elmi katibi olaraq onlarla tədqiqatçının taleyində yer tutan uğurlara imza atıb. 

O, “Müasir mərhələdə ümumtəhsil məktəbinin ibtidai təhsil pilləsində tərbiyə işinin nəzəriyyəsi və təcrübəsi'' (Naxcıvan Muxtar Respublikası məktəbinin iş təcrübəsi əsasında) mövzusunda doktorluq  dissertasiyası üzərində tədqiqat işi aparır.
Bəli, 25 ildir ki, Naxçıvan Müəllimlər İnstitutunda gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qızıltac Şahbazova öz elmi-pedaqoji fəaliyyəti ilə yeni uğurlar qazanmaqdadır.
 
Çapay Quliyev,
Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru