ABŞ-də iki məktəbli avtobusu qəzaya düşüb

3 Aprel, 2026 - 16:38
ABŞ-də iki məktəbli avtobusu qəzaya düşüb

ABŞ-də məktəb avtobuslarının iştirakı ilə iki ayrı yol-nəqliyyat hadisəsi baş verib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, hadisələrdən birində azyaşlı şagirdlər xəsarət alıb, digər insident isə xəsarətsiz ötüşüb.

Məlumata görə, ilk hadisə Florida ştatında "Zoo Parkway" ərazisində baş verib. Səhər saatlarında ekskursiyaya gedən San Pablo ibtidai məktəbinin şagirdlərini daşıyan avtobus dəmir yolu keçidindən keçərkən yük avtomobili arxadan vurub. Nəticədə azı 4 şagird xəsarət alıb. 

Qeyd olunur ki, qəza zamanı avtobusda olan şagirdlər zooparka ekskursiyaya gedirmiş.

Digər hadisə isə Şimali Karolina ştatının Kil Devil Hils şəhərində qeydə alınıb. Bildirilib ki, "Nags Head" ibtidai məktəbinə məxsus avtobus hərəkətdə olarkən yaşayış evindən çıxan avtomobil tərəfindən vurulub. Hadisə zamanı avtobusda 46 şagird olub.

Məlumata əsasən, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. Şagirdlər arasında xəsarət alan olmayıb. 

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.