ABŞ-də robot müəllim məktəbdə dərs deyəcək: 57 min dollara hazırlanıb
ABŞ-nin Nyu-York ştatındakı bir məktəbdə "Sally" adlı süni intellektlə işləyən robot müəllim köməkçisi kimi fəaliyyətə başlayacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, insanabənzər robot Kanadanın "Realbotix" şirkəti tərəfindən hazırlanıb və Salamanka şəhərinin məktəb dairəsində yerləşən liseydə 11-12-ci sinif şagirdlərinin tədris prosesinə cəlb ediləcək.
Silikon dəriyə, uzun saçlara və hərəkət edən qollara malik olan "Sally" dərs zamanı jestlər edə bilir. Robot şagirdlərin fərdi identifikasiya nömrəsi vasitəsilə onları tanıyacaq, əvvəlki ünsiyyətləri yadda saxlayacaq və proqramlaşdırma, robototexnika, eləcə də süni intellekt mövzularının öyrənilməsində onlara dəstək verəcək.
Məktəb rəhbərliyi bildirib ki, robot müəllimləri əvəz etməyəcək. Onun əsas vəzifəsi şagirdlərin yeni texnologiyalara marağını artırmaq, dərslərdə öyrənilən mövzuları möhkəmləndirmək və onların tənqidi düşünmə bacarıqlarının inkişafına dəstək olmaqdır.
Qeyd edək ki, "Sally"nin hazırlanması 57 min ABŞ dollarına başa gəlib ki, bu da Nyu-York ştatında müəllimlərin orta illik əməkhaqqından aşağı məbləğ hesab olunur.




