ABŞ-də yeni dərs ili rekord xərc tələb edəcək: 43,3 milyard dollar
ABŞ-də yeni dərs ili ərəfəsində məktəb alış-verişi ölkənin ən böyük illik pərakəndə satış mövsümlərindən birinə çevrilib. Milli Pərakəndə Satış Federasiyasının (NRF) proqnozuna görə, bu il uşaq bağçasından 12-ci sinfə qədər təhsil alan şagirdlər üçün məktəb alış-verişinə 43,3 milyard dollar xərclənəcək ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir.
Araşdırmaya əsasən, valideynlər hər şagird üçün orta hesabla 863,86 dollar xərcləməyi planlaşdırırlar.
Hesabatda qeyd olunur ki, əvvəlki illərlə müqayisədə məktəb alış-verişinin məzmunu da dəyişib. Əgər əvvəllər əsasən dəftər, qələm, qovluq və məktəb forması alınırdısa, indi ailələrin büdcəsində notbuk, planşet, qulaqcıq, kalkulyator, enerji doldurucuları və digər rəqəmsal avadanlıqlar da mühüm yer tutur.
Bu səbəbdən ən böyük xərc məhz elektronikaya düşür. Orta hesabla bir şagird üçün:
– 293,11 dollar elektron avadanlıqlara;
– 250,29 dollar geyim və aksesuarlara;
– 174,01 dollar ayaqqabıya;
– 146,45 dollar isə məktəb ləvazimatlarına xərclənəcək.
ABŞ-də aparılan başqa bir sorğuya görə, bir çox ailələr xərclərini optimallaşdırmağa çalışır. Valideynlər daha çox köhnəlmiş geyim və ayaqqabıları yeniləyir, texnologiya məhsullarının alınmasını isə mümkün qədər təxirə salırlar. Həmçinin istifadəyə yararlı məktəb çantaları və bəzi ləvazimatlar əvvəlki illərdən saxlanılır.
Araşdırma göstərir ki, valideynlər alış-verişə əvvəlki illərlə müqayisədə daha erkən başlayırlar. Sorğu iştirakçılarının 62 faizi iyulun əvvəlindən məktəb üçün alış-veriş etdiyini bildirib. Alış-verişini hələ tamamlamayanların əksəriyyəti isə endirim kampaniyalarını gözlədiyini, hansı məhsulların həqiqətən lazım olduğunu müəyyənləşdirdiyini və xərcləri bir neçə həftə ərzində bölüşdürməyə çalışdığını qeyd edib.
Məqalədə vurğulanır ki, məktəb alış-verişi artıq ailə büdcəsinin ən böyük illik xərclərindən birinə çevrilib. Bu il də valideynlər zəruri ehtiyaclara üstünlük verməyə, qiymətləri müqayisə etməyə və vacib olmayan alışları təxirə salmağa çalışırlar. Bu yanaşmaya baxmayaraq, ABŞ-də yeni tədris ili üçün ümumi xərclərin rekord həddə – 43,3 milyard dollara çatacağı proqnozlaşdırılır.




