ABŞ-də yeni yanaşma: Texnologiyanın faydası sübut olunarsa, tətbiq ediləcək

23 Avqust, 2026 - 13:18
ABŞ-də yeni yanaşma: Texnologiyanın faydası sübut olunarsa, tətbiq ediləcək

ABŞ Təhsil Nazirliyi məktəblərdə texnologiyadan məsuliyyətli və məqsədyönlü istifadə ilə bağlı yeni tövsiyələr açıqlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, nazirliyin 20 avqust tarixli məktubunda ştatlar, məktəb dairələri, müəllimlər, valideynlər və təhsil texnologiyaları hazırlayan şirkətlər üçün bir sıra prinsiplər müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, texnologiyanın istifadəsi şagirdin öyrənməsinə verdiyi töhfə ilə qiymətləndirilməlidir.

Tövsiyələrə əsasən, məktəblər təhsil texnologiyalarını seçərkən onların müstəqil araşdırmalarla təsdiqlənmiş effektivliyinə diqqət yetirməli, tətbiqin nəticələrini mütəmadi qiymətləndirməli və müəllimlər üçün müvafiq təlimlər təşkil etməlidirlər. Öyrənmə nəticələrini yaxşılaşdırmadığı müəyyən edilən texnologiyalardan isə imtina edilməsi tövsiyə olunur.

Nazirlik hər bir təhsil texnologiyası ilə bağlı beş əsas suala cavab verilməsini vacib sayır:

Hansı təhsil problemini həll edir?
Nə vaxt istifadə olunmalıdır?
Kimlər üçün nəzərdə tutulub?
Nə qədər müddət istifadə edilməlidir?
Şagirdlərin öyrənməsini yaxşılaşdırdığını hansı sübutlar göstərir?

Sənəddə texnologiyanın yalnız mənfi tərəflərinə fokuslanmağın düzgün olmadığı da qeyd edilir. Bildirilir ki, düzgün tətbiq olunduqda rəqəmsal alətlər kənd və ucqar ərazilərdəki şagirdlərin əlavə və ixtisaslaşmış dərslərə çıxışını genişləndirə, xüsusi təhsil ehtiyacı olan uşaqlara dəstək göstərə, müəllimlərə şagirdlərin bilik səviyyəsini daha operativ qiymətləndirmək və fərdi yanaşma tətbiq etmək imkanı yarada bilər.

Nazirlik məktəblərdən əyləncə məqsədli texnologiya ilə tədris məqsədli texnologiyanı fərqləndirməyi də tələb edir.

Sənəddə qeyd olunur ki, mobil telefon və alqoritmlər əsasında işləyən sosial media platformaları şagirdlərin diqqətini yayındıra bilər. Bununla belə, tədris texnologiyalarına yalnız ekran qarşısında keçirilən vaxta görə məhdudiyyət qoyulması əvəzinə onların konkret təhsil məqsədinə xidmət edib-etmədiyi nəzərə alınmalıdır.

Yeni tövsiyələrdə valideynlər üçün şəffaflığın təmin edilməsi, şagird məlumatlarının qorunması və texnologiyaların hazırlanmasında etik prinsiplərə əməl olunması da önə çəkilir. Nazirlik həmçinin texnologiya şirkətlərini məhsullarının effektivliyinə dair müstəqil araşdırmalar dərc etməyə, imkan və məhdudiyyətlər barədə açıq məlumat verməyə və əldə olunan nəticələr əsasında məhsullarını davamlı təkmilləşdirməyə çağırıb.