Adil Vəliyev: Daha bir qrup müəllimin sertifikasiyaya cəlbi ilə bağlı qaydalar hazırlanır

5 Mart, 2026 - 12:25
Adil Vəliyev: Daha bir qrup müəllimin sertifikasiyaya cəlbi ilə bağlı qaydalar hazırlanır

“Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərindəki müəllimlərin sertifikasiya imtahanı iki mərhələdən ibarət olacaq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri Milli Məclisin Sosial qanunvericilik şöbəsinin rəhbəri Adil Vəliyev bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, bu qanun layihəsi qəbul edildikdən sonra musiqi və incəsənət məktəblərində çalışan müəllimlər də sertifikasiyaya cəlb olunacaqlar. İmtahanlar elektron qaydada keçiriləcək. Elm və Təhsil Nazirliyinin bununla bağlı mövcud təcrübəsi də yaxşı bir nümunədir: “Əvəllər müəllimlərin peşə bacarıqları attestasiya yolu ilə şifahi şəkildə qiymətləndirilirdi. Lakin sertifikasiya daha konkret meyarlar ilə aparılacaq. Artıq attestasiya ilə bağlı təcrübə olduğuna görə sertifikasiyanın tətbiqi daha asan olacaq. Sertifikasiya ilə bağlı qaydalar hazırlanır və qanun qəbul edildikdən sonra onlar da işə düşəcək".