ADPU 2030 - Təhsil elmləri mərkəzi hədəfinə doğru inamla

23 Sentyabr, 2026 - 12:18
ADPU 2030 - Təhsil elmləri mərkəzi hədəfinə doğru inamla

Bu yazını oxuduqca, oxucuda rəqəmlərin həddindən çox olması təəssüratı yarana bilər, ancaq biz bu rəqəmlərlə statistik ardıcıllıq vermək yox, onları danışdırmaq niyyətindəyik. Çünki rəqəmlər bəzən gələcəyin konturlarını strateji mətnlərdən daha aydın göstərir. Gəlin Pedaqoji Universitetin bu günü və gələcəyə uzanan yolunu rəqəmlərin dili ilə oxuyaq. Bu baxımdan 2026/2027-ci tədris ilinin tələbə qəbulu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Univer¬siteti - yaxud mənim daha çox sevdiyim ifadə ilə sadəcə Pedaqoji Universitet -  ilə bağlı üç göstərici diqqət çəkir: qəbul planının ADPU şəbəkəsi üzrə 97 faiz dolması, dövlət sifarişi üzrə keçid balı ən azı 500 olan 14 ixtisas və ölkədə pedaqoji ixtisaslara ayrılan yerlərin təxminən 36 faizinin ADPU şəbəkəsinin payına düşməsi. Ayrı-ayrılıqda bunlar qəbul xəbərləridir. Birlikdə isə daha böyük mənzərə yaradır: Pedaqoji Universitet ikinci yüzilliyinə tarixi nüfuzla yanaşı real tələb, geniş coğrafiya və yenilənmə gücü ilə daxil olur. 105 il əvvəl altı tələbə ilə fəaliyyətə başlayan universitet üçün əsas sual keçmişi necə anlatmaq deyil: ADPU ikinci yüzilliyində hara gedir? Yenilənmiş “ADPU-2030” planından cavab aydın olur: müəllim hazırlığı missiyasını qorumaqla təhsil və sosial elmlər üzrə tədqiqat aparan, rəqəmsal imkanları inkişaf etmiş, məktəb və əmək bazarı ilə canlı əlaqə quran, beynəlxalq rəqabətə açıq universitetə çevrilmək. Başqa sözlə, ADPU milli təhsil elmləri mərkəzi kimi möhkəmlənməyi qarşısına strateji hədəf kimi müəyyənləşdirib.

2026/2027-ci tədris ili üzrə ölkənin 20 ali məktəbində pedaqoji ixtisaslara 8580 yer ayrılıb. Onların 3075-i ADPU və Şəki, Quba, Şamaxı, Ağcabədi, Cəlilabad filiallarının payına düşür. Yəni hər 100 yerdən 36-sı bu şəbəkədədir. Bu, üstün mövqe ilə yanaşı böyük məsuliyyətdir. ADPU-da proqram, pedaqoji təcrübə və ya müəllim hazırlığı üzrə verilən qərar bir kampusda qalmır; müxtəlif bölgələrdə məktəblərin gələcək kadr keyfiyyətinə təsir edir.

Tələbin miqyası da diqqətəlayiqdir. Universitet və beş filial üzrə ayrılmış ümumilikdə 3605 yerdən 3491-i ilkin yerləşdirmədə dolub. ADPU üzrə plan 96,93, filiallarda 96,62 faiz dolub; Quba və Cəlilabad 100 faizlik nəticə göstərib. ADPU-da dövlət sifarişli qəbulun payı ötən illə müqayisədə 56,68 faizdən 62,10 faizə yüksəlib. Şəbəkə üzrə orta bal 384,63, median 402,6, maksimum nəticə 649,4 bal olub.

Yüksək nəticəli abituriyentlərin seçimləri isə digər mühüm siqnaldır. Dövlət sifarişi üzrə keçid balı ən azı 500 olan 14 ixtisasdan 4-ü ADPU-da, 10-u filiallardadır. ADPU-da müxtəlif bölmələr üzrə 45, filiallarda isə 43 bakalavriat proqramının təqdim olunduğunu nəzərə alsaq, bu ADPU şəbəkəsi üzrə 88 proqramdan 14-də - başqa sözlə proqramların 16 faizə qədərində dövlət sifarişi üzrə keçidin 500 balın üzərində olması deməkdir. 

Bu proqramlara 232 nəfər dövlət sifarişi ilə qəbul olunub; ən yüksək hədd isə Şəki filialında xarici dil müəllimliyi üzrə 614 baldır. 
ADPU-da yeni açılmış riyaziyyat və fizika müəllimliyində 15 yerin hamısının dolması, bu ixtisasda maksimum nəticənin 637,1 bala çatması isə fənlərarası müəllim hazırlığına real marağı göstərir. Yaxud magistratura səviyyəsində bu il ilk dəfə qəbul aparılan Azərbaycan dilinin xarici dil kimi tədrisi, Fəlsəfə tarixi və Əhalinin müxtəlif qrupları ilə sosial iş proqramlarının hər üçü üzrə ayırılan yerlər tam dolub.

Yüksək bal və planın dolması etimadın, seçim rəqabətinin göstəricisidir; nəticə keyfiyyəti isə qəbuldan sonra yaranır. Tələbə hansı kurikulumla qarşılaşacaq, məktəbi nə qədər yaxından tanıyacaq, mentor dəstəyi alacaqmı? Tədqiqat, rəqəmsal etika və inklüziv sinif bacarıqları qazanacaqmı?

“ADPU-2030”un əsl sınağı bu suallara məzunların fəaliyyəti ilə verilən cavabdır. Qəbul nailiyyəti yolun sonu deyil, keyfiyyətli müəllim hazırlığı üçün yüksək başlanğıcdır.

Keyfiyyətin başqa başlanğıc nöqtəsi isə tələbənin səsidir. Universitetin ictimaiyyətə açıqladığı 2025-ci ildə keçirilən sorğuda 5137 tələbənin 81 faizi müəllimlərin tədris bacarığından tam razı qaldığını, 73 faizi proqramların lazımi mütəxəssis bacarıqları qazandırdığını bildirir. Bununla yanaşı, 9 mindən çox açıq rəy təcrübənin genişləndirilməsi, karyera və təcrübə imkanları, infrastruktur və proqramların yenilənməsi barədə konkret gözləntiləri əks etdirir. Məmnunluq rəqəmləri nailiyyəti göstərir; açıq rəylərin idarəetmə qərarına çevrilməsi isə keyfiyyət sisteminin yetkinliyinin göstəricisi kimi qiymətləndirilə bilər.

Müəllim hazırlığından təhsil elmləri ekosisteminə

Universitetin 2030-cu ilə qədərki inkişaf yolunu göstərən strateji planı 6 strateji məqsəd və 34 hədəf üzərində qurulub. ADPU 2030-cu ilədək sosial elmlər üzrə dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olmağı, klassik və dördüncü nəsil universitet modelinə doğru irəliləməyi nəzərdə tutur. Belə universitet yalnız diplom vermir; bu universitet bilik yaradır, onu cəmiyyətə ötürür, məktəb və əmək bazarı ilə ortaq və qabaqlayıcı həllər hazırlayır, sosial təsiri ölçür. Bu yanaşmanın mərkəzində yenə müəllim dayanır, onun ətrafında isə təhsil elmləri ekosistemi qurulur.

Diqqətəlayiq məqam odur ki, təhsil elmləri mərkəzi dedikdə daha çox ixtisas nəzərdə tutulmur. O, kurikulum və qiymətləndirmə, təhsil psixologiyası, inklüzivlik, məktəb liderliyi, rəqəmsal pedaqogika və təhsil siyasəti üzrə bilik yaradır; həmin biliyi məktəb üçün proqrama, müəllim üçün metodikaya, rəhbər üçün qərar alətinə çevirir. Strategiyada pedaqogika, psixologiya və digər sosial elmlər üzrə tədqiqat-konsaltinq mərkəzləri yaratmaq, ADPU-nu milli və beynəlxalq “beyin mərkəzi”nə çevirmək niyyəti buna görə xüsusi əhəmiyyət daşıyır.

İxtisas hazırlığının profilində aparılan şaxələndirmə həmin ekosistemin bir hissəsidir. Hazırkı planda 530 qeyri-pedaqoji yer ümumi qəbulun 14,7 faizini, 3075 nəfərlik pedaqoji istiqamətlər 85,3 faizini təşkil edir. Bu Pedaqoji Universitetin 2030-cu ilədək qəbul planının 30 faizinin sahəyə yaxın qeyri-pedaqoji ixtisaslara şaxələndirilməsi hədəfinə doğru mühüm addımdır. Bunu müəllim hazırlığından geri çəkilmək kimi deyil, pedaqoji nüvəni genişləndirmək kimi oxumaq lazımdır. Sosial, humanitar və təbiət elmləri təhsil və insan inkişafı missiyasına xidmət etdiyi ölçüdə ADPU-nu gücləndirəcək. Meyar proqram sayı yox, yaradılan əlavə dəyərdir.

Bu modeldə həlledici məkan məktəbdir. Universitetin strategiyasında mentorluq institutunun formalaşdırılması, baza məktəblərinin sayının artırılması, əmək bazarı nümayəndələrinin proqramların hazırlanmasına cəlbi və pedaqoji təcrübənin təkmilləşdirilməsi nəzərdə tutulur. Tələbə məktəblə yalnız son kursda tanış olmamalıdır. Müşahidə, birgə dərs planlaşdırması, mentor dəstəyi, müstəqil tədris və refleksiya bütün hazırlıq dövrünə yayıldıqda nəzəri bilik peşə davranışına çevrilir. Təhsil elmləri mərkəzi üçün məktəb təcrübə ünvanı ilə yanaşı, ortaq öyrənmə və tədqiqat tərəfdaşıdır.

Elmin son ünvanı Azərbaycan məktəbidir

Tədqiqat dinamikası transformasiyanın ikinci dayağıdır. 2024-cü ildə ADPU-nun 197 müəllifi üzrə Scopus-da 408 məqalə yayımlanıb. 2026-cı ilin ilk yarısında isə əməkdaşların 20-dək məqaləsi Q1 və Q2 kvartilli jurnallarda dərc olunub. Strateji plan beynəlxalq bazalarda ölkə üzrə ilk beşliyə daxil olmağı, ən azı bir universitet jurnalını uyğun indeksə çıxarmağı, qrant və sifarişli tədqiqat gəlirini büdcənin 5 faizinə çatdırmağı hədəfləyir.

Lakin təhsil elmləri mərkəzinin fərqi məqalə sayından sonra başlayır. Hər araşdırma bir suala cavab verməlidir: nəticə Azərbaycan məktəbinin hansı problemini anlamağa və həll etməyə kömək edir? OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) 2025-ci il hesabatı göstərir ki, müəllimə sadəcə elmi məqaləyə çıxış vermək yetmir. Sübutu şərh edən, yerli şəraitə uyğunlaşdıran, tədqiqatçı ilə məktəb arasında əlaqə yaradan bilik vasitəçiliyi lazımdır. Baza məktəbi, beş filial və geniş məzun coğrafiyası ADPU-ya bunu milli miqyasda qurmaq üstünlüyü verir.

Məktəblərlə birgə tədqiqat gündəliyi formalaşdırmaq bu üstünlüyü təsirə çevirə bilər. Oxu savadlılığı, STEAM tədrisi, inklüziv sinif, formativ qiymətləndirmə, müəllim rifahı, bölgələrdə kadr davamlılığı və süni intellekt (Sİ) dövründə akademik dürüstlük kimi məsələlər tətbiqi araşdırmalar tələb edir. Nəticələr isə jurnalda qalmamalıdır: müəllim üçün bələdçiyə, direktor üçün qərar çərçivəsinə, cəmiyyət üçün açıq göstəriciyə, qərarlar üçün analitik sənədə çevrilməlidir. Elm sinfə çatanda nəşr göstəricisi sosial təsir qazanmış olur.

Rəqəmsal müəllim, insani məktəb

ADPU-da elektron sənəd dövriyyəsi, “MyADPU”, “Moodle” əsaslı e-tədris və elektron kitabxana rə-qəmsal transformasiyanın infrastrukturunu formalaşdırır. Universitet bu infrastrukturu təkmil¬ləşdirməklə e-universitet, sistem inteqrasiyası, məlumatəsaslı idarəetmə, heyətin rəqəmsal savadlılığı, tələbələrdə Sİ və kibertəhlükəsizlik bacarıqlarının inkişafı istiqamətində hərtərəfli inkişafı hədəfləyir. 

Avropa Komissiyasının “DigCompEdu” çərçivəsi rəqəmsal səriştələri peşəkar əməkdaşlıqdan tədris və qiymətləndirməyə qədər altı sahədə 22 kompetensiya ilə izah edir. UNESCO-nun 2024-cü il Sİ çərçivəsi isə etik və insanmərkəzli istifadəyə diqqət çəkir. Bu baxımdan rəqəmsal səriştələr sadəcə müvafiq proqramlardan istifadə etmək demək deyil. Bu nöqtədə Sİ və rəqmsal bacarıqlarla bağlı fənnlərin tətbiqi ilə yanaşı ADPU kurikulum, tapşırıq dizaynı, qiymətləndirmə və akademik dürüstlük siyasətlərini birlikdə yeniləməlidir. Bu zaman isə, texnologiyanın müəllimin empatiyasını, pedaqoji məsuliyyətini və şagirdlə canlı münasibətini əvəz etmədiyi unudulmamalıdır.

Filiallardan dünyaya açılan inkişaf xətti

Beş filial ADPU-nun sadəcə coğrafi genişliyi deyil, strateji üstünlüyüdür. Keçid balı ən azı 500 olan 14 ixtisasdan 10-nun filiallarda yerləşməsi bölgələrdə güclü pedaqoji təhsilə real tələbi göstərir. Növbəti addım filialları yerli ehtiyacı araşdıran, müəllimlərə qısamüddətli inkişaf kursları təklif edən, praktik tədqiqat aparan və uğurlu metodikanı bölgələr arasında yayan regional laboratoriyalara çevirməkdir. O zaman nəticə yalnız qəbul sayı ilə deyil, əməkdaşlıq edilən məktəb, dəstəklənən müəllim və yerli təhsilə təsirlə ölçüləcək.

Regional güc beynəlxalq görünürlüklə tamamlanır. ADPU “QS World University Rankings 2027”də 1201-1400 aralığındadır. “Times Higher Education”ın “2026 Sustainability Impact Ratings” nəticələrində universitet ümumi sıralamada 1001-1500, “Keyfiyyətli təhsil” kateqoriyasında isə 601-800 aralığında yer alır. Bunlar ilk ciddi müqayisə nöqtəsidir. Proqramların beynəlxalq akkreditasiyası, mobillik və əcnəbi tələbələrin payını 5 faizə çatdırmaq hədəfləri gerçəkləşdikcə reytinq məqsəd deyil, daxili keyfiyyət dəyişikliyinin xarici əksi kimi özünü büruzə verəcək.

Beynəlmiləlləşmənin artıq işləyən nümunəsi də var. Corc Vaşinqton Universiteti ilə magistratura səviyyəsində ikili diplom proqramı 2020-ci ildən həyata keçirilir və 2025-ci ilin sonunadək 122 məzun verib; proqram üzrə əməkdaşlığın 2030-cu ilədək davam etdirilməsi nəzərdə tutulur. Bu təcrübənin dəyəri yalnız xarici diplomda deyil. Birgə kurikulum, fərqli akademik mədəniyyət, xarici müəllimlərlə iş və beynəlxalq keyfiyyət tələbləri digər proqramların yenilənməsi üçün də nümunə yarada bilər. Uğurlu tərəfdaşlıq ayrıca layihə kimi qalmadıqda bütün universitetin öyrənmə resursuna çevrilir.

2030-a gedən yol nəticə ilə ölçülür

ADPU-nun bu yaxınlarda elan etdiyi 2026/2027-ci tədris ili üçün strateji plana uyğun yeni iş planı modelində hər fəaliyyətin strateji planla əlaqəsi, baza və hədəf dəyəri, müddəti, məsulu və nəticəni təsdiqləyən mənbələr əks olunur. Bu, “nə etdik?” sualını “nə dəyişdi?” sualı ilə tamamlayır. Beş il sonra tədbirlərin uzun siyahısı deyil, tələbə, müəllim, məktəb və tədqiqat mühitində yaranan ölçülə bilən fərq əsas hesabat olmalıdır. Yəni universitet 2030 hədəfləri üçün özünün aydın nəticə indikatorlarını müəyyənləşdirib və artıq bunu iş planları səviyyəsində tətbiq etməyə başlayır.

Yüksək nəticəli və dövlət sifarişli tələbələrin payı; məzunların əmək fəaliyyətinə başlamaları; tələbə rəyləri üzrə görülən tədbirlər; məktəblərlə birgə tədqiqatların praktik istifadəsi; qrant gəlirləri; rəqəmsal səriştələr; beynəlxalq mobillik və ortaq nəşrlər; filialların regional təsiri kimi vahid nəticə bazasının tətbiqi ilə əsas indikatorlar üzrə müvəffəqiyyət dərəcələri bir araya gətirilə bilər. Bu isə nəticələrdən öyrənərək inkişaf etmək üçün güclü məlumatəsaslı qərar mexanizimi deməkdir.

Önəmli bir nöqtə odur ki, inkişaf zəncirvari xarakterli prosesdir, yəni bir sahədəki uğur digər halqalarda dəstəkləndikdə yekun mütləq uğura çata bilərik: yüksəkballı tələbə güclü proqram və mentorluqla qarşılaşmalı; proqram məktəb sübutuna söykənməli; tədqiqat rəqəmsal məlumatla dəstəklənməli; nəticə regionda və beynəlxalq tərəfdaşlıqda paylaşılmalıdır. Təhsil elmləri mərkəzi bu dövrənin işlədiyi universitetdir: bilik yaradır, müəllim hazırlığına gətirir, məktəbdə sınaqdan keçirir, ölçür və kurikuluma qaytarır.
ADPU-nun 2030-cu ilə inamı yalnız 105 illik tarixə söykənmir. Onun ölçüləbilən əsasları var: pedaqoji qəbul planının 36 faizini əhatə edən şəbəkə, son illər ardıcıl olaraq 100 faizədək dolma səviyyələri, keçid balı ən azı 500 olan ixtisasların dinamikası, beynəlxalq nəşr fəallığı, rəqəmsal xidmətlər, ilk qlobal reytinq mövqeləri və strategiyanı illik fəaliyyətə bağlayan idarəetmə modeli kimi halqalar. Vəzifə isə bu gücləri vahid təsir xəttində birləşdirməkdir.

2030-cu ildə uğurun inandırıcı təsviri belədir: ADPU daha çox proqramı olan deyil, Azərbaycan məktəbi haqqında sistemli bilik yaradan; müəllimi fənn biliyi ilə yanaşı tədqiqat, rəqəmsal etika, inklüzivlik və liderlik baxımından hazırlayan; paytaxtla regionlar arasında keyfiyyət körpüsü quran; elmi nəticəni sinfə çatdıran universitetdir. Bugünkü göstəricilər real başlanğıc verir. Yolun davamı ənənəyə sədaqəti, faktlara söykənən özünütəhlili və yeniliyə cəsarəti birlikdə tələb edir. Təhsil elmləri mərkəzi hədəfi bu üç xəttin 2030-a qədər ardıcıl birləşdirilməsindən keçir.

Taleh MİRZƏYEV,
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, təhsil və media mütəxəssisi, tədqiqatçı, təhsil idarəetməsi üzrə doktorant