ADPU-da “Gələcək təhsil liderləri”nin mentorluq proqramı yekunlaşıb

1 İyul, 2026 - 09:47
ADPU-da “Gələcək təhsil liderləri”nin mentorluq proqramı yekunlaşıb

İyunun 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin II mövsümünün qaliblərinin mentorluq proqramının yekunlaşması ilə bağlı görüş keçirilib.

Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib. 

Bildiriıib ki, görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev, redaktoru Məhəmməd İsrayılzadə, Kargüzarlıq bölməsinin müdiri Aygün Heydərova və mentorluq proqramının iştirakçıları iştirak ediblər.

Görüşü giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetdə tələbəyönümlü idarəetmə modelinin formalaşdırılması, gənclərin liderlik potensialının üzə çıxarılması və onların gələcək idarəçi kadrlar kimi yetişdirilməsinin universitetin strateji hədəfləri sırasında xüsusi yer tutduğunu bildirib.

Rektor qeyd edib ki, “Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsi artıq universitetdə sağlam rəqabət, təşəbbüskarlıq və innovativ düşüncə mühitinin formalaşmasına mühüm töhfə verən layihələrdən birinə çevrilib. Professor Cəfər Cəfərov vurğulayıb ki, müsabiqənin II mövsümünün qalibləri üçün təşkil olunan mentorluq proqramının əsas məqsədi onların nəzəri biliklərini praktiki idarəetmə təcrübəsi ilə zənginləşdirmək, ali təhsil müəssisəsinin fəaliyyət mexanizmlərini yaxından öyrənmələrinə şərait yaratmaq, qərarvermə, komanda idarəçiliyi, strateji planlaşdırma və effektiv ünsiyyət bacarıqlarını inkişaf etdirmək olub. Rektor qeyd edib ki, universitet rəhbərliyi tələbələrin yalnız akademik göstəricilərinə deyil, eyni zamanda onların liderlik keyfiyyətlərinin formalaşmasına da xüsusi diqqət yetirir. Rektor proqram müddətində iştirakçıların universitetin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olduqlarını, rəhbər heyətlə birbaşa ünsiyyət qurduqlarını, idarəetmə proseslərini müşahidə etdiklərini və müxtəlif praktik tapşırıqların icrasında iştirak etdiklərini diqqətə çatdırıb. Bildirilib ki, bu cür layihələr gənclərin gələcək peşəkar fəaliyyətində daha hazırlıqlı və məsuliyyətli mütəxəssis kimi formalaşmasına mühüm töhfə verir.

Davamında rektor mentorluq proqramını uğurla tamamlayan tələbələrə şəhadətnamələri təqdim edib.

Görüş müzakirələrlə davam edib.

Qeyd edək ki, universitetin müxtəlif fakültələrindən olan ümumilikdə 800-dək tələbəni əhatə edən və üç mərhələdən ibarət “Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin sonunda 10 tələbə qalib adını qazanıb. Qaliblər 1000AZN dəyərində pul mükafatı və qiymətli hədiyyələrlə yanaşı, Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mentorluq proqramında iştirak hüququ da əldə ediblər.müsabiqənin qalibi olmuş tələbələr 1 il ərzində universitet rəhbərliyi və sturuktur rəhbərlərindən təyin edilmiş mentorlarla görüşərək şəxsi və karyera inkişafları üçün vacib mentor dəstəyi alıb, mentorlarının peşəkar təcrübələrindən faydalanıblar. Həmçinin, tələbələr mütəmadi olaraq müxtəlif sturukturların real iş fəaliyyətində iştirak edərək peşəkar və karyera inkişafları üçün əhəmiyyətli praktik səriştələr qazanmaq şansı əldə ediblər.