ADPU-nun müəllimi: Müasir dövrdə fərdin həyat strategiyası təhsil səviyyəsi ilə bağlıdır

1 Aprel, 2026 - 13:01
ADPU-nun müəllimi: Müasir dövrdə fərdin həyat strategiyası təhsil səviyyəsi ilə bağlıdır

“İnsan kapitalına investisiyanın ən vacib formalarından biri məhz ali təhsildir və bu mərhələ fərdin gələcək karyera trayektoriyasını müəyyən edən əsas amillərdən sayılır”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dosenti, biologiya üzrə fəlsəfə doktoru Şəbnəm Əsədova bildirib.

Onun sözlərinə görə, müasir dövrdə fərdin həyat strategiyası, peşə seçimi və sosial mobilliyi birbaşa təhsil səviyyəsi ilə bağlıdır:
“Ali təhsil yalnız peşəkar bilik qazandırmır, eyni zamanda gənclərin dünyagörüşünü genişləndirir, sistemli və tənqidi düşünmə, komandada işləmək, qərarvermə və iş proseslərini səmərəli qurmaq kimi kompetensiyaları formalaşdırır. Bu bacarıqlar isə əmək bazarında məşğulluq və karyera yüksəlişi üçün xüsusi əhəmiyyət daşıyır”.

Şəbnəm Əsədova qeyd edib ki, gənc mütəxəssislər əmək fəaliyyətinə başladıqdan sonra universitetdə qazandıqları nəzəri və praktik biliklərin real iş mühitində nə qədər faydalı olduğunu daha aydın dərk edirlər. Bununla belə, bəzi hallarda son kurslardan işə başlayan tələbələr üçün ilkin mərhələdə praktiki təcrübə nəzəri hazırlıqdan daha üstün görünə bilər.

Müəllim vurğulayıb ki, uzunmüddətli karyera inkişafı baxımından ali təhsil üstünlük yaradan əsas faktorlardan biridir:
“Bir müddət sonra karyera inkişafı və rəhbər vəzifələrə yüksəliş məsələsi gündəmə gələndə, güclü nəzəri baza və ali təhsil hazırlığına malik işçilər üçün daha geniş imkanlar yaranır”.

Şəbnəm Əsədovanın fikrincə, son illərdə əmək bazarı sürətlə dəyişir və bu dinamika həm işəgötürənlərin tələblərində, həm də gənclərin seçimlərində özünü göstərir. Xüsusilə iqtisadi, texnoloji və mədəni faktorlar bazarın strukturunu transformasiya edir.
O bildirib ki, universitet təhsilinə maraq hər il artsa da, məzunların bir hissəsi hələ də ixtisası üzrə iş tapmaqda çətinlik çəkir:
“Eyni zamanda işəgötürənlər də müəyyən səriştələrə malik mütəxəssis tapmaqda çətinlik yaşadıqlarını bildirirlər. Bu, təhsil sistemi ilə əmək bazarı arasında uyğunlaşmanın daha da gücləndirilməsini zəruri edir”.

Dosent əlavə edib ki, son onillikdə Azərbaycanda ali təhsilə marağın artması universitetlərə qəbul üzrə rəqabəti də yüksəldib. Bunun nəticəsində bəzi abituriyentlər bəzən istədikləri ixtisasdan daha az rəqabətli proqramlara və ya dövlət sifarişli yerlərə üstünlük verirlər.

Şəbnəm Əsədova hesab edir ki, ödənişli təhsilin genişlənməsi bir tərəfdən seçim imkanlarını artırsa da, digər tərəfdən maliyyə imkanları məhdud olan istedadlı gənclərin peşəkar inkişafını məhdudlaşdıra bilər.

O, həmçinin məzun ixtisasları ilə işəgötürən tələbləri arasındakı uyğunsuzluğa diqqət çəkib:
“Gənclər yaş, öyrənmə qabiliyyəti və IT bacarıqları baxımından üstünlüklərə malik olsalar da, işəgötürənlər çox vaxt təcrübəli kadrları üstün tuturlar. Şirkətlərin yalnız kiçik bir hissəsi yeni məzunları işə götürərək onları peşəkar kimi yetişdirməyə hazırdır”.
Müəllimin fikrincə, universitetlərin rəqabət qabiliyyəti birbaşa məzunların məşğulluq göstəricilərində əks olunur. Bu baxımdan tədrisin keyfiyyəti, akademik heyətin peşəkarlığı, proqramların əmək bazarına uyğunluğu, elmi-tədqiqat fəaliyyəti və beynəlxalq əməkdaşlıq əsas meyarlardandır.

Şəbnəm Əsədova vurğulayıb ki, universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, tələbələr üçün staj və təcrübə imkanlarının genişləndirilməsi, effektiv karyera xidmətlərinin təşkili məzunların işlə təminatına birbaşa təsir edir.

Onun sözlərinə görə, bu gün Azərbaycan gəncləri üçün təhsil, texnologiya və əmək bazarına çıxış imkanları əvvəlki illərlə müqayisədə daha genişdir. Bu müsbət dinamikanın davamlı olması üçün dövlət, işəgötürənlər və ali təhsil müəssisələri arasında əməkdaşlıq daha da dərinləşdirilməlidir.

Sonda Şəbnəm Əsədova qeyd edib ki, məqsədyönlü proqramlar və birgə təşəbbüslər gələcəkdə gənclərin sosial-iqtisadi inteqrasiyasını sürətləndirəcək, onların bilik və bacarıqlarının inkişafına şərait yaradaraq rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına xidmət edəcək.