ADPU-nun Quba filialında tələbələrin lokal instrumental ansamblı yaradılır

12 May, 2026 - 16:23
ADPU-nun Quba filialında tələbələrin lokal instrumental ansamblı yaradılır

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında tələbə-gənclərin sosial-mədəni həyatının zənginləşdirilməsi və yaradıcı potensialının üzə çıxarılması istiqamətində mühüm təşəbbüslər reallaşdırılmaqdadır. 

"Azərbaycan müəllimi" xəbər verir ki, filialın direktoru professor Yusif Alıyevin təşəbbüsü ilə tələbələrdən ibarət lokal instrumental ansamblın yaradılması nəzərdə tutulur. Bu təşəbbüs ali təhsil mühitində estetik zövqün formalaşdırılması, milli-mədəni dəyərlərin təbliği və tələbələrin asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu məqsədlə filialın musiqi bacarıqları olan tələbələri ilə təşkil olunan görüşdə filialın direktoru prof. Yusif Alıyev, tədris və elmi işlər üzrə direktor müavini Pərvanə Rzayeva və Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova təşəbbüsün əhəmiyyəti və perspektivləri haqqında məlumat veriblər. 

Görüş zamanı Yusif Alıyev tələbələrlə söhbət edərək vurğulayıb ki, ali təhsil yalnız akademik biliklərlə məhdudlaşmamalı, eyni zamanda tələbələrin mədəni-estetik inkişafını da əhatə etməlidir. Professor gənclərin təşəbbüskarlığını yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, yaradıcı təşəbbüslərin daim dəstəklənəcəyini bildirib.

Ansamblın tərkibi ilə bağlı təqdimatda filialın tələbələri Əminə Vəliyeva, Xədicə Orucova, Leyla Heydərova, Xumar Qədirova, Tofiq Dadaşov, Nərmin Abdullayeva, Türkanə Qazıyeva, Yeganə Harunova və Nərgiz Abdullayevanın lokal instrumental ansamblda fəaliyyət göstərəcəkləri qeyd olunub. Bu gənclərin bir araya gətirilməsi filialda yaradıcı mühitin formalaşdırılması və kollektiv fəaliyyət bacarıqlarının inkişafı baxımından mühüm addım kimi qiymətləndirilir.