Azad Ağdamda təhsilin yeni ünvanları – Böyük Qayıdışın məktəbləri

20 Noyabr, 2026 - 09:20
Azad Ağdamda təhsilin yeni ünvanları

44 günlük Vətən müharibəsinin yekunu olaraq 2020-ci il noyabrın 10-da imzalanmış bəyanata əsasən, Ağdam şəhəri noyabrın 20-də Azərbaycan Ordusunun nəzarəti altına keçib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə bu tarix Ağdam Şəhəri Günü kimi əbədiləşdirilib və təntənəli şəkildə qeyd olunur.

30 ilə yaxın həsrətdən sonra daşı-daş üstündə qalmayan Ağdamda həyat yenidən canlanır. Böyük Qayıdış proqramı çərçivəsində sakinlər doğma torpaqlarına köçür, inkişafın və yenidənqurmanın canlı şahidlərinə çevrilirlər. Bu dirçəlişin bariz nümunələrindən biri də işğaldan azad edilmiş ərazilərlə yanaşı, Ağdamda da təhsilə göstərilən qayğıdır. Təhsilini doğma yurdlarında davam etdirəcək şagirdlər üçün yüksək standartlara cavab verən, müasir avadanlıqlarla təchiz olunmuş məktəb binaları inşa edilir və istifadəyə verilir.

“Azərbaycan müəllimi” 20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə burada fəaliyyətə başlayan məktəblərdə təhsilə cəlb olunan müəllim və şagirdlərlə həmsöhbət olub.

Hazırda Ağdamda Sarıcalı kənd tam orta ümumtəhsil məktəbi (Kəngərli məktəbinin tabeliyində), Kəngərli kənd tam orta ümumtəhsil məktəbi, Ayköl Manas adına Xıdırlı kənd tam orta ümumtəhsil məktəbi və Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.

2025-ci ilin sentyabr ayından fəaliyyətə başlayan Kəngərli kənd tam orta ümumtəhsil məktəbində hazırlıq qrupu ilə birlikdə 146 nəfər təhsil alır. Kəngərli məktəbinin tabeliyində olan və 2025-ci il aprelin 9-da fəaliyyətə başlayan Sarıcalı kənd tam orta ümumtəhsil məktəbində isə hazırlıq qrupu ilə birlikdə 62 nəfər təhsil prosesinə cəlb edilib. Onların təlim-tərbiyəsi ilə 33 nəfər təhsilverən məşğul olur.

31 ildir pedaqoji fəaliyyətlə məşğul olan Kəmalə Məmmədova Böyük Qayıdış proqramı çərçivəsində fəaliyyətini artıq azad Ağdamda – Kəngərli məktəbində davam etdirir. O, uzun illərdən sonra bu torpaqlarda yaşamağın və işləməyin sevincindən danışır, şagirdlərin təhsil prosesinə töhfə verməyin qürurunu yaşadığını dilə gətirir: “Doğma torpaqlarda yaşamaq, işləmək, uzun illərin arzularının gerçəyə çevrilməsi mənim üçün bambaşqa bir hissdir. Təbii ki, bunları sözlə ifadə etmək asan deyil, yaşamaq lazımdır. Gənc nəslin doğma torpaqlarda oxuyub təhsil alması üçün üzərimizə düşən məsuliyyətin böyük olduğunu bilirik. İşğal dövründə Ağdam rayonunun Quzanlı qəsəbəsində işləmişəm. Bu gün isə Kəngərlidə qızımla birlikdə çalışıram”.

Bir zamanlar həsrəti çəkilən bu torpaqlarda indi müəllim kimi fəaliyyət göstərən, şagirdlərinin gələcəyinə işıq tutmağa çalışanlardan biri də ibtidai sinif müəllimi Vüsalə Ağayevadır.

O, əvvəllər Mingəçevir şəhərində yerləşən Ağdam rayonu 51 saylı tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərib. Ağdam azad edildikdən sonra Kəngərli kəndinə köçən Vüsalə müəllim fəaliyyətini buradakı məktəbdə davam etdirir: “Kəngərli kəndinə köçmək mənim üçün şəhidlərin ruhu ilə müqəddəsləşən doğma yurduma, kökümə, özümə qayıtmaqdır. Bu torpağa qayıtmaq mənim üçün sevincdən daha böyük, qürurdan daha dərin bir duyğudur. Ən böyük qürurum isə bu torpağa müəllim kimi qayıtmağımdır”.

Azad olunmuş ərazilərdə təhsil alan hər bir şagird gələcəyə bir ümid, bir dirçəlişdir. Bu dirçəlişin növbəti rəmzlərindən biri də Xıdırlı məktəbidir. Qardaş Qırğızıstanın dəstəyi ilə tikilən Ayköl Manas adına Xıdırlı kənd tam orta ümumtəhsil məktəbi də Kəngərli məktəbi ilə eyni ildə fəaliyyətə başlayıb. 125 şagirdlə tədrisə başlayan məktəbdə hazırda 249 şagird təhsil alır. Onların təlim-tərbiyəsində 20 təhsilverən və pedaqoji heyətə yardımçı olan 5 nəfər iştirak edir.

Uzun illərdən sonra bu torpaqlarda yaradılan şərait, inşa edilən məktəblər gələcəyə hesablanmış böyük addımdır. Burada təhsil alan şagirdlərin söylədikləri bir daha təsdiqləyir ki, sinif otaqlarında təkcə dərslər keçirilmir, həm də sabahın işıqları yandırılır.
İki ildir Xıdırlıda yaşayan Gülnur Mustafazadə 6-cı sinifdə oxuyur. O, ilk vaxtlar dərslərdə və yeni insanlarla ünsiyyətdə çətinlik yaşayacağını düşündüyünü, ancaq qısa müddətdə müəllimlərinin köməyi ilə bu çətinliklərin aradan qalxdığını deyir:
“Əvvəllər Cəbrayıl rayonu Hafiz Fətəliyev adına Şahvəlli kənd tam orta məktəbində təhsil almışdım. Bura gələndə çox həyəcanlı idim. Yeni müəllimlər, yeni uşaqlar... Artıq alışmışam, yeni dostlarım, tanışlarım var”.

Azad olunmuş Ağdamda təhsil almağın ikiqat məsuliyyət olduğunu deyən Rəfiqə Əbilova 8-ci sinif şagirdidir. Zəfər tarixini yazanlardan biri də onun atasıdır: “Atam hərbçidir. Onun da Qələbəmizdə payı var. Biz şagirdlər əlimizdən gələni etməliyik ki, təhsilimizdə uğurlu addımlar ataq, Vətənə layiqli övladlar olaq. Bu gün azad Ağdam və Qarabağa qayıdış proqramı çərçivəsində minlərlə ailə öz doğma torpaqlarına qayıdır və biz hər gün minlərlə ailənin sevincinə, yeni parta yoldaşlarımızın həyəcanına şərik oluruq”.

Məktəblərində hər cür şərait yaradıldığını deyən Mənsumə Ağakişili 6-cı sinifdə keçirilən monitorinq imtahanında yüksək nəticə göstərib.

“Doğma kəndimizdəyik. Məktəbimiz bütün avadanlıqlarla təchiz olunub, intellektual yarışlar keçirilir. Anam məktəbdə müəllimdir. Biz çox şanslıyıq ki, həm burada yaşayır, həm də təhsil ala bilirik”.

9-cu sinif şagirdi Hüseyn Vəlizadə də məktəbindən və müəllimlərindən razılıqla danışır: “Qarabağ gündən-günə gözəlləşir. Gələcəkdə hüquqşünas olmaq istəyirəm. Ağdamın inkişafına töhfə vermək, ədalətin təmin olunmasına və gənclərin hüquqi maarifləndirilməsinə dəstək göstərmək istəyirəm. Bizim borcumuz bu torpaqlarda qurulan yeni həyatı qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha gözəl bir Qarabağ miras qoymaqdır”.

Böyük Qayıdışın növbəti təhsil ünvanlarından biri də Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbidir. Məktəb 2026-cı ilin fevralında fəaliyyətə başlayıb. Hazırda burada 320 şagird və 24 müəllim təhsil prosesinə cəlb edilib. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayan digər məktəblər kimi, bu müasir təhsil ocağının müəllim və şagirdləri də tarixi missiyanın iştirakçıları olduqları üçün qürur duyurlar.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Fəzilə Aslanova 25 ildir pedaqoji fəaliyyətlə məşğuldur. O, cari ilin aprel ayından fəaliyyətini burada davam etdirir və Ağdamda yaşamağın, işləməyin sevincini bölüşür: “İllərlə şagirdlərimizə “Gün o gün olsun ki, azad Ağdamımızda Bilik Günü, “Son zəng” kimi əlamətdar günləri qeyd edək” deyə arzulayırdıq. Bu gün həmin arzuların çin olduğu tarixi bir gündür. Şagirdlərimə hər zaman deyirəm ki, sizlər azad Ağdamın ilk sakinləri, ilk məktəbin ilk şagird və məzunlarısınız. Bu seçilmiş adın məsuliyyətini dərk edərək dərslərinizdə daha əzmlə çalışmalısınız”.


30 ildən sonra fəaliyyətə başlayan məktəbin şagirdi olmaqdan qürur hissi keçirən 9-cu sinif şagirdi Maya Məmmədzadə də hisslərini bizimlə bölüşür: “Bu məktəbdə ikinci tədris ilimdir. Burada təhsil almağımız üçün hər cür şərait yaradılıb. Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadasına qoşulmuşam. Hədəfim olimpiadada yer tutmaq və buraxılış imtahanında məktəbim adına yüksək nəticə göstərməkdir. Gələcəkdə isə həkim olmaq istəyirəm”.

Məktəbin 8-ci sinif şagirdi Səfurəxanım Əhmədli də məktəbin adını uca tutmaq, uğurlara imza atmaq istəyir. O, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadaya hazırlaşır: “Ağdam mənim üçün sadəcə bir şəhər deyil; qürurun, zəfərin, tariximizin və gələcəyə olan ümidlərimizin ünvanıdır. Məktəbimizin direktoru Günəş müəlliməyə və mənə dəstək olan müəllimlərimə təşəkkür edirəm. İnanıram ki, uğurumla təkcə ailəmi deyil, müəllimlərimi və doğma şəhərimi də sevindirəcəyəm”.

Bir zamanlar dağıdılmış, işğalın gətirdiyi viranlığın səssiz şahidinə çevrilmiş Ağdamda indi yüzlərlə şagirdin gülüşü, gələcəyə yönələn azad arzuları yenidən canlanır. Bu dirçəliş, bu bərpa Böyük Qayıdışın ən sarsılmaz bünövrəsidir. Azad Ağdamın yeni tarixi bu bünövrə üzərində qurulur.

Şəhər Günün mübarək, azad Ağdam!