Onun üçün kainat bir sual, həyat isə axtarışdır - Naxçıvan məktəblisinin elmi araşdırmaları 

26 Noyabr, 2026 - 19:08
Onun üçün kainat bir sual, həyat isə axtarışdır

İnsanı tanımaq üçün bəzən onun nailiyyətlərinə deyil, verdiyi suallara diqqət yetirmək lazımdır. Xüsusilə də qarşımızda hələ məktəbli yaşında olan, lakin düşüncələri ilə daha geniş intellektual dünyaya qapı açan bir gənc dayanırsa... Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Cavidan Kəngərli məhz belə gənclərdəndir.

“Azərbaycan müəllimi” gəncin uğur hekayəsini təqdim edir.

Həqiqət axtarışında və müstəqil fəlsəfi düşüncədə

Onun haqqında danışarkən, ilk növbədə, yüksək nəticələrindən, elmi məqaləsindən, xarici dil biliklərindən və geniş mütaliəsindən söz açmaq olar. Ancaq Cavidanı fərqləndirən yalnız bunlar deyil. O, nəzəri fizika, kvant mexanikası, astrofizika və riyaziyyatla maraqlanmaqla yanaşı, varlığın mahiyyəti, zaman, şüur, həqiqət və insanın azad iradəsi haqqında da düşünür. Üstəlik, bütün bunları ayrı sahələr kimi deyil, bir-birini tamamlayan intellektual istiqamətlər kimi qəbul edir.

Cavidan özünü təqdim edərkən də ənənəvi yanaşmadan uzaq durur. Deyir ki, insanı yalnız adı, yaşı, təhsili və nailiyyətləri ilə xarakterizə etmək onun intellektual mahiyyətini tam ifadə etmir: “İnsan həm də özünə ünvanladığı sualların, qəbul etdiyi dəyərlərin və varlıq qarşısında tutduğu mövqeyin daşıyıcısıdır. Özümü, ilk növbədə, həqiqəti axtaran, mövcudluğu sorğulayan və müstəqil fəlsəfi təfəkkürünü formalaşdırmağa çalışan bir insan kimi təqdim edərdim”. 

Cavidanın maraq dairəsində xüsusilə kvant mexanikası mühüm yer tutur. “Burada mənim üçün əsas məsələ yalnız riyazi ehtimalların hesablanması deyil, həmin ehtimalların fiziki reallıq haqqında nə ifadə etdiyini anlamaqdır”, - deyir. Bu suallar onu determinizm, indeterminizm, kvant ölçmə problemi və informasiya nəzəriyyəsinin fəlsəfi nəticələrini araşdırmağa yönəldib.

Elmi məqaləsinin arxasında hansı sual dayanır?

Cavidanın bu istiqamətdəki araşdırmalarından biri “Deterministik simulyasiya və kvant agentliyi arqumentlərinin sərhədləri” adlı elmi-fəlsəfi məqaləsidir. Araşdırmanın əsas sualını özü belə izah edir: “Hazırladığım məqalə mənim üçün yalnız müəyyən akademik mövzuya həsr edilmiş araşdırma deyil. O, uzun müddətdir maraqlandığım determinizm, azad iradə və fiziki reallığın mahiyyəti problemlərini daha sistematik və arqumentativ formada qiymətləndirmək təşəbbüsüdür”.

Məqaləsini beynəlxalq akademik jurnallara təqdim etməsi də onun elmi fəaliyyətinin diqqətçəkən tərəflərindəndir. Cavidan bu prosesdə təqdimat, elmi rəy və nəşr mərhələlərinin fərqləndirilməsinin vacibliyini qeyd edir.

1550 bal, C1 səviyyəsi və müstəqil öyrənmə

Elmi-fəlsəfi araşdırmaları ilə yanaşı, Cavidanın akademik göstəriciləri də diqqətəlayiqdir. SAT üzrə sınaq imtahanında 1600 baldan 1550 bal toplayıb. Riyaziyyat bölməsində maksimum – 800, "Oxu və Yazı" bölməsində isə 750 bal əldə edib. O, bu nəticənin rəsmi imtahan göstəricisi deyil, hazırlıq prosesindəki sınaq nailiyyəti olduğunu xüsusi olaraq qeyd edir. 

İngilis dilini isə repetitor dəstəyi olmadan C1 səviyyəsində mənimsəyib. Bu nəticəyə necə nail olduğunu soruşduqda dilə münasibətinin də fərqli olduğunu görürük: “Müstəqil öyrənmə prosesimdə müəyyən sözləri mexaniki şəkildə əzbərləməkdən daha çox onların semantik mahiyyətini, kontekstual funksiyasını və akademik nitqdə tətbiqini anlamağa üstünlük vermişəm. Mənim üçün sözü bilmək yalnız onun Azərbaycan dilində qarşılığını xatırlamaq deyil. Həmin sözün hansı kontekstdə, hansı mənanı ifadə etdiyini, anlayışlarla əlaqələndiyini və arqumentativ funksiyanı yerinə yetirdiyini dərk etməkdir”.

Onun fikrincə, bu dilə yiyələnməyin ən mühüm üstünlüklərindən biri beynəlxalq elmi və fəlsəfi ədəbiyyatla birbaşa tanış olmaqdır.

97 kitabın yaratdığı düşüncə dünyası

Cavidanın mütaliəyə marağı da xüsusi diqqət çəkir. Onun oxuduğu 97 kitab yalnız elmi ədəbiyyatı deyil, fəlsəfə, psixologiya və klassik bədii ədəbiyyatı da əhatə edir.

Dünyagörüşünə ən çox təsir edən əsərlərdən biri Jan-Pol Sartrın “Varlıq və Heçlik” kitabıdır. Şərq intellektual irsindən isə Nəsimi, Nəimi, Şəms Təbrizi, Cəlaləddin Rumi və Ömər Xəyyamın yaradıcılığını xüsusi əhəmiyyətli hesab edir: “İnsan yüzlərlə kitab oxuya bilər, amma həmin kitablardakı ideyaları sorğulamırsa, onların arasında mövcud ziddiyyətləri müəyyənləşdirmirsə və şəxsi mühakiməsini formalaşdırmırsa, mütaliənin dərin imkanlarından tam istifadə etməmiş olar”. 

“Fəlsəfə mənim üçün gündəlik düşüncə fəaliyyətidir”

İstedadlı yeniyetmə üçün fəlsəfə yalnız kitab oxuyarkən və ya elmi problem üzərində düşünərkən məşğul olduğu sahə deyil. Gündəlik həyatın hadisələri, insan davranışları, şəxsi qərarlar və əxlaqi dilemmalar da fəlsəfi düşüncəsinin predmetinə çevrilir: “İlahi həqiqət təkcə insana məxsusdur. Mənə görə, fəlsəfi düşüncənin mühüm fəzilətlərindən biri öz inanclarını sorğulamaq və onların yanlış ola biləcəyini qəbul etməyə hazır olmaqdır. Fəlsəfəni sevmək yalnız həqiqət haqqında danışmaq deyil, həqiqət iddiasının qarşısında öz düşüncəni də məsuliyyətə cəlb etməkdir”.

Məktəb yalnız bilik ötürməməlidir...

Bu qədər fərqli marağı məktəb dərsləri ilə uzlaşdırmaq, təbii ki, intizam və məsuliyyət tələb edir. Cavidan gündəlik fəaliyyətində dərslərə, beynəlxalq imtahanlara hazırlığa, riyazi məsələlərin həllinə, elmi araşdırmalara və fəlsəfi mütaliəyə vaxt ayırmağa çalışır.
Onun fikrincə, müəllim şagirdə yalnız məlumat ötürməməli, onun düşünmək, əsaslandırmaq, müqayisə etmək və öz nəticələrinə tənqidi yanaşmaq bacarığını inkişaf etdirməlidir. Məktəblərdə istedadlı şagirdlər üçün müstəqil tədqiqat layihələrinin, elmi seminarların, fənlərarası müzakirələrin, universitet laboratoriyaları ilə əməkdaşlığın və akademik mentorluğun genişləndirilməsini vacib hesab edir.

Gələcəyin hədəfləri: elm, fəlsəfə və yaradıcılıq

Cavidanın gələcək planları da maraq dairəsi qədər genişdir. O, beynəlxalq səviyyədə yüksək akademik standartlara malik universitetdə fizika üzrə təhsil almaq, nəzəri fizika, kvant mexanikası və astrofizika istiqamətlərində ixtisaslaşmaq, doktorantura mərhələsinə qədər irəliləmək və PhD elmi dərəcəsi almaq istəyir: “Akademik titul insanın müəyyən hazırlıq mərhələsini tamamladığını göstərə bilər. Ancaq elmi düşüncənin həqiqi dəyəri onun reallıq haqqında daha dəqiq suallar formalaşdırmaq, yeni nəticələr əldə etmək və mövcud biliklərin inkişafına töhfə vermək qabiliyyətindədir. Mən fundamental fizika sahəsində tədqiqatlar aparmaq, beynəlxalq elmi əməkdaşlıqda iştirak etmək və gələcəkdə əldə etdiyim bilikləri Azərbaycan elminin inkişafına yönəltmək istəyirəm”.

Ancaq onun gələcək arzuları bununla bitmir. Cavidan fəlsəfi və ədəbi yaradıcılıqla da məşğul olmaq, filosof, yazıçı və şair kimi öz yaradıcılıq istiqamətini inkişaf etdirmək niyyətindədir. Xüsusilə iki fundamental əsər hazırlamaq istəyir.

“Bilmədiyini etiraf etmək düşüncənin məğlubiyyəti deyil”

Söhbətimizin sonunda Cavidandan öz potensialını kəşf etməkdə çətinlik çəkən gənclərə tövsiyəsini soruşuruq. Cavabı yenə də onun düşüncə tərzini əks etdirir. O, gənclərə özlərini başqalarının nailiyyətləri ilə müqayisə etməməyi, mütaliəyə, elmi biliklərə və müstəqil düşüncəyə üstünlük verməyi tövsiyə edir: “Mənim fikrimcə, intellektual inkişafın əsas şərtlərindən biri insanın bilmədikləri ilə üzləşməkdən çəkinməməsidir. Çünki bilmədiyini etiraf etmək düşüncənin məğlubiyyəti deyil. Əksinə, daha əsaslandırılmış biliyə doğru hərəkətin başlanğıcı ola bilər”.

Cavidan Kəngərlinin elmə və fəlsəfəyə uzanan bu yolunun gələcəkdə hansı nəticələr verəcəyini zaman göstərəcək. Ancaq bir şey indidən aydındır, o, öz gələcəyini yalnız nailiyyətlərlə deyil, cavabını axtardığı suallarla da qurmağa çalışır.