ADU-da Qərbi Azərbaycanın tarixi müzakirə edilib

5 Dekabr, 2024 - 14:49

Azərbaycan Dillər Universitetində Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən “Gənclər arasında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin müasir informasiya metodları ilə təbliği” adlı tədbir keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə çıxış edən layihə rəhbəri Vüsalə Hümbətli bildirib ki, Qərbi Azərbaycanın tarixi və mədəni irsinin təbliğ olunması zamanı arxiv sənədlərinə, xəritələrə, eləcə də tarixi sənədli filmlərə istinad edərək gerçək tarixi faktları üzə çıxarmaq, onları gənclər arasında təbliğ etmək tədqiqatçıların prioritet vəzifəsi olmalıdır.

Layihə rəhbəri həmçinin Azərbaycan türklərinə, onların toponimlərinə və qədim abidələrinə qarşı erməni vandalizmini elmi araşdırmalarla ifşa etməyin vacib olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru Rasim Rzayev Qərbi Azərbaycanın tarixi və mədəni irsinin daha dərindən öyrənilməsinin əhəmiyyətindən, Qərbi Azərbaycan ərazisində türk-müsəlman abidələrinə qarşı erməni vandalizminin faciəli nəticələrindən bəhs edib. Rasim Rzayev eyni zamanda, Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin saxta erməni adları ilə əvəz edilməsinin, XX əsrdə Qərbi Azərbaycan ərazisində Azərbaycan xalqının maddi-mədəni irsinə və tarixi-coğrafiyasına qarşı törədilən cinayətlərin erməni faşizmi nəticəsində baş verdiyini diqqətə çatdırıb.

Tədbirdə “Qarabağ” İKT Mərkəzinin istehsalı olan “İrəvan – gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş edilib.