Aktiv uşaqlar, razı valideyn, məsuliyyətli müəllim – Naxçıvandakı icma əsaslı bağçadan REPORTAJ

19 Dekabr, 2025 - 12:55
Aktiv uşaqlar, razı valideyn, məsuliyyətli müəllim – Naxçıvandakı icma əsaslı bağçadan

"Məktəbimizdə bağça açılır” cümləsini əvvəllər eşitsəydik, bu bizə qəribə gələ bilərdi. Amma artıq bu cümlə nəinki reallaşıb, hətta əhatə dairəsi olduqca genişlənib. Təxmin etdiyiniz kimi, söhbət icma əsaslı bağçalardan gedir. Belə ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında 25 icma əsaslı məktəbəqədər qrupları fəaliyyətə başlayıb.

“Azərbaycan müəllimi” də belə qrupların birində olub.

Məlumat üçün bildirək ki, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi 2017-ci ildə yaradılıb və bu layihə çərçivəsində ölkə üzrə, o cümlədən regionlarda icma əsaslı qrupların təşkilinə başlanılıb. Layihə çərçivəsində 890 məktəbdə 1177 icma əsaslı qrup təşkil edilib. Hazırda bu qruplara 19 133 nəfər 3-4 yaşlı uşaq cəlb olunub. Onların təlim-tərbiyəsi ilə 1088 tərbiyəçi-müəllim məşğul olur.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Ayşən Əsgərova deyir ki, icma əsaslı məktəbəqədər qrupların yaradılmasının məqsədi ölkə üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılması, valideyn- icma-məktəb əməkdaşlığının yaradılması və uşaqların hərtərəfli inkişaf sahəsini əhatə edən bacarıqlarının formalaşdırılmasından ibarətdir: “Bu baxımdan, cari tədris ilindən etibarən Naxçıvan MR-da  12 ümumi təhsil müəssisəsini əhatə etməklə Naxçıvan, Şərur, Culfa, Ordubad, Kəngərli rayonlarında 25 icma əsaslı məktəbəqədər qruplar fəaliyyətə başlayıb. Xüsusən 3-4 yaşlı uşaqların həmin qruplara cəlbi nəzərdə tutulub, fəaliyyətə başladığı oktyabr ayından etibarən isə 400-ə yaxın uşaq tədrisə cəlb olunub”.

Sektor müdiri deyir ki, həftədə 4 gün olaraq fəaliyyət göstərən bu qruplara rəğbət böyükdür: “Qrup məşğələlərində tərbiyəçi-müəllimlərlə bərabər icmanın aktiv valideynləri də iştirak edir. Valideynlər uşaqlarının təlim-tərbiyə prosesini yaxından izləyir, ev şəraitində məşğələlərin davam etdirilməsinə dəstək göstərir, müəllimlərlə sıx əməkdaşlıq edirlər. Bu isə uşaqların psixoloji rahatlığını və təhsilə marağını artırır.

Nəticə etibarilə, Naxçıvanda icma əsaslı məktəbəqədər təhsil modeli uşaqların məktəbə hazırlıq səviyyəsinin yüksəldilməsində, erkən yaşlardan təhsilə cəlb olunmasında və bərabər təhsil imkanlarının yaradılmasında mühüm rol oynayır”.

Yolumuzu saldığımız Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən icma əsaslı bağça bu prosesə 3 ildir qoşulub. Məktəbin tədris işləri üzrə direktor müavini və layihə rəhbəri Vüsalə Qənbərova deyir ki, hər qrupda 15 uşaq olmaqla iki qrup var: “Ümumilikdə, layihəmizdən 30 uşaq, o cümlədən 60 valideyn və ya qəyyum yararlanır. Naxçıvan şəhər 10 nömrəli tam orta məktəb elə bir ərazidə yerləşir ki, bu ərazidə uşaq bağçası yoxdur. Ona görə də bu ərazidə yaşayan bir çox valideyn, həmçinin işləyən valideynlər çox əziyyət çəkirdi. Elə layihənin əsas məqsədi də öncə valideynlərə dəstək olmaq, uşaqlara alternativ üsullarla – bağça və məktəb arasında inteqrasya yaradaraq dərsləri sevərək öyrənməyi aşılamaqdır”.

Vüsalə müəllim deyir ki, məşğələ saatları uşaqları yormamaq məqsədilə müxtəlif mərhələlərə bölünür: “Uşaqlarımızın əl bacarıqlarını inkişaf etdirmək üçün sərbəst fəaliyyət, rəngləri fərqləndirmək qabiliyyətin inkişaf etdirmək üçün rəsm saatı, fiziki aktivliyin artırılması üçün idman saatı, təfəkkürün inkişafı üçün nağıl saatı məhz bu mərhələlərdəndir. Nağıl saatlarında uşaqlar nağılları dinləyərək obrazları xəyallarında canlandırmağa çalışır, insanlarda yaxşı və pis xüsusiyyəti fərqləndirməyi öyrənir, öz fikirlərini bildirərək nitqlərini inkişaf etdirirlər”.

Bu il icmanın 11 uşağı məzun olub. Onların hər biri bu gün 10 nömrəli tam orta məktəbin məktəbəqədər qrupunda təhsillərini davam etdirirlər: “Sinif müəllimlərinin icma qrupundan məzun olan bu uşaqlar haqqında çox müsbət fikirlərini dinlədikdə bu icma qrupunun nə qədər lazımlı olduğuna bir daha əmin olduq. Müəllimlər bildirir ki, evdən gələn uşaqla icma qrupundan qatılan uşaq arasında çox fərq var. İcma qrupundan gələn uşaqların nitqləri daha sərbəst olur, fikirlərini aydın çatdırır, yoldaşları ilə yaxşı rəftar edir, əşyalarını paylaşır, ən əsası isə sinifdə valideyndən ayrılaraq sərbəst oturmağı bacarır”.

Burada olduğumuz müddətdə kənardan sakitcə balacaları izləyirik. Onlar sərbəst şəkildə məşğələlərə qoşulur, oynayırlar.  Bir azdan nağıl saatıdır. Müəllimləri onları bir yerə toplayıb nağıl oxuyur. Demək olar ki, iki yaşlı balacadan başqa ağlayan uşaq görmürük. Hər biri ünsiyyət qurmağa, nələrisə deməyə can atır.

Balaca Hüseyn Paşa deyir ki, buranı çox sevir: “Mənim 4 yaşım var, burada isə çoxlu dostlarım var. Evdə olanda onlar üçün darıxıram”.

Getmək istəyərkən bir uşaq deyir ki, bəs məndən nəsə soruşmayacaqsan? Uşaqların belə aktivliyi sevindirici haldır. Əlbəttə, onun istəyini geri çevirmək olmaz. Deyir ki, onun da 4 yaşı var: “Mənim adım Hikmət, familyam Kərimlidir. Burda oyunlar oynayıram, rəsm çəkirəm. Müəllimlərimi də çox sevirəm”.

Bəli, icma əsaslı bağçanın üstün cəhətlərindən biri də odur ki, qruplarda uşaqlara ünsiyyət qurma bacarığı, yoldaşlıq münasibətləri öyrədilir. İlk günlərdə tərbiyəçi-müəllimlər hər bir uşaqla tanış olmaq, onların hazırkı qabiliyyətlərini qiymətləndirmək və gələcək aylar üçün hədəflər müəyyən etmək üçün vaxt sərf edirlər. Bu müddət ərzində tərbiyəçi-müəllimlər hər bir uşağın fərdi ehtiyaclarının ödənilməsini təmin etmək və həll edilməli olan potensial problemləri müəyyən etmək üçün valideynlərlə sıx əməkdaşlıq edirlər.

Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupunun  tərbiyəçi-müəllimi Aysun Xıdırova imtahan verərək ilk pedoqoji fəaliyyətinə burada başlayıb. O, Naxçıvan Müəllimlər İnstitutunun “Məktəbəqədər təhsil” ixtisasını 2025-ci ildə bitirib. Deyir ki, uşaqlarla işləmək məsuliyyətli və səbr tələb edən bir işdir: “Əlbəttə, bunu bilə-bilə bu ixtisası seçmişəm. Çünki uşaqları çox sevirəm. Onlara sadə riyazi təsəvvürlər, incəsənət, musiqi , idman məşğələləri keçirik. Biz müəllim uşaq, valideyn üçbucağında işləyirik – zirvə nöqtəmiz uşaqdır. "İcma əsaslı məktəbəqədər təhsil" layihəsinin əsas üstünlüklərindən biri onun oyun əsaslı öyrənməyə yönəlməsidir. Bu yanaşma uşaqlara əyləncəli və cəlbedici fəaliyyətlər vasitəsilə ətrafdakı dünyanı öyrənməyə və kəşf etməyə imkan verir. Rəssamlıq və rəsmdən tutmuş müxtəlif oyunlara qədər, məktəbəqədər uşaqlar öz yaradıcılıqlarını və təxəyyüllərini kəşf etməyə təşviq olunurlar”.

Aysun Xıdırova deyir ki, uşaqlar bura təzə gələndə bir çoxu aqressiv idi: “Onlar fikirlərini sərbəst izah edə bilmir, yoldaşları ilə ünsiyyət qura bilmirdi. Bu iki ay ərzində uşaqların həm nitqində, həm də davranışlarında çox ciddi dəyişikliklər müşahidə olundu. Onlar artıq sosiallaşıblar və məktəbə tam hazır şəkildə gedəcəklər”.

Bu təhsil modelinin əsas üstünlüklərindən biri valideynlərin və yerli icmanın prosesə aktiv cəlb olunmasıdır. Valideynlər uşaqlarının təlim-tərbiyə fəaliyyətini yaxından izləyir, ev şəraitində məşğələlərin davam etdirilməsinə dəstək göstərir, müəllimlərlə sıx əməkdaşlıq edirlər. Bu isə uşaqların psixoloji rahatlığını və təhsilə marağını artırır.

Elə qrupda uşağı ilə birlikdə iştirak edən valideyn Həyat Paşayeva ilə də bu barədə söhbətləşirik. O, deyir ki, həqiqətən çox gözəl təşəbbüsdür, günün tələblərinə uyğundur: “Burada müasir təlim metodlarından istifadə olunur. Yeni metodlara üstünlük verilməsi çox yaxşı cəhətdir. Uşaqlar həm əylənir, həm də biliklərə yiyələnirlər. Bu uşaqlar gələcəkdə dərs otaqlarında daha aktiv olacaq. Günün tələblərinə cavab verəcəklər. Mən də nənə kimi buranı görəndə sevinirəm. İstər musiqi, əyləncə baxımından, istərsə də təlim baxımından mükəmməldir”.

O, qohumlara, tanışlara da buranı tövsiyə etdiyini deyir: “Uşaqları bura gətirsinlər. Gələcəkdə onlar məktəbə daha sərbəst, rahat gəlib gedəcəklər”. 

Görünür ki, bu layihə həm uşaqların, həm də valideynlərin ürəyincədir. Tam rahat və güvənilir şəkildə uşaqları icma əsaslı bağçalara əmanət etmək olar. Elə bu əminliklə də oradan ayrılırıq.

FOTO: Şahin Məmmədov