Alim olmaq istəyənlərə plagiata görə 3-5 illik məhdudiyyət qoyulur

4 Sentyabr, 2026 - 17:52
Alim olmaq istəyənlərə plagiata görə 3-5 illik məhdudiyyət qoyulur

“Elmi ad və elmi dərəcələrin verilməsi üçün imtinaların ən əsas səbəbi elmi etikanın pozulmasıdır. Bu da ilk növbədə özündə plagiatı ehtiva edir və mərhələsindən asılı olmayaraq, birmənalı imtina səbəbidir”.

Bunu “Azərbaycan müəllimi”nə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Aparat rəhbərinin müavini, baş elmi katibi Firuzə Mayılova deyib.

Onun sözlərinə görə, plagiat səbəbindən iddiaçıya elmi dərəcənin verilməsindən imtina verilibsə, fəlsəfə doktoru elmi dərəcəsi iddiaçılarına qərardan 3 il,  elmlər doktoru elmi dərəcəsi iddiaçılarına qərardan 5 il ərzində  müdafiə etməsinə məhdudiyyət qoyulur. İddiaçı yenidən həmin mövzuda dissertasiya müdafiə edə bilməz. Digər səbəblər arasında müdafiə prosedurunun hansısa mərhələdə pozulması da var. Rəsmi opponentlərin sayı, təyini ilə bağlı tələblərin yerinə yetirilməsi önəmlidir:
“Məsələn, opponentlər eyni təşkilatı təmsil etməməli, iddiaçı ilə eyni şöbənin əməkdaşları, onlarla bərabər elmi əsərlərin həmmüəllifləri olmamalıdırlar. İmtina səbəbləri arasında doktorantura təhsili dövrü üçün iddiaçılara qoyulan tələblərin yerinə yetirilməməsi və ya düzgün qaydada yerinə yetirilməməsi də qeyd edilə bilər. Tutaq ki, fəlsəfə doktoru imtahanları vaxtında verilməyibsə, dil və ixtisas imtahanlarından keçməyibsə, müsbət qərar vermirik. Elmi adlara gəlincə, iddiaçılar qarşısında tədris metodiki işlər, monoqrafiya, elmi vəzifələri tutmaq kimi tələblər qoyulub və həmin tələblər ödənilməlidir”.

AAK rəsmisi əlavə edib ki, cari ilin 6 ayı üzrə 335 iddiaçıya (295  fəlsəfə doktoru, 40 elmlər doktoru) elmi dərəcə verilib, 153 iddiaçıya (139 fəlsəfə doktoru, 14 elmlər doktoru) elmi dərəcə verilməsindən imtina edilib; 137 iddiaçıya (122 dosent, 15 professor) elmi ad verilib, 39 iddiaçıya (37 dosent, 2 professor) elmi ad verilməsindən imtina edilib. Elmi dərəcə və elmi ad verilməsindən, xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərinin tanınmasından imtina edilməsinə dair qərarlardan 12-si elmi işlərdə plagiat faktının aşkarlanması ilə bağlı olub.