Ana və qızı eyni fəndən imtahan verdi, hər ikisi yüksək bal topladı
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir. Mil-Muğan regionu üzrə keçirilən növbəti imtahan günü maraqlı bir uğur hekayəsi ilə yadda qalıb. Belə ki, ana və qız eyni fənn – tarix üzrə imtahanda iştirak edərək yüksək nəticə əldə ediblər.
"Azərbaycan müəllimi" İmişli rayonunun Çaxırlı kənd tam orta məktəbinin tarix müəllimi Xuraman Kazımova və Əliyetməzli kənd tam orta məktəbinin tarix müəllimi Zümrüd Kazımlı ilə həmsöhbət olub.
İmtahanda könüllü iştirak edən Xuraman Kazımova 54 bal toplayıb. Onun qızı Zümrüd Kazımlı isə 53 bal nəticə göstərərək uğurlu müəllimlər sırasında yer alıb.
Ana və qız bildiriblər ki, sertifikasiya imtahanına birgə hazırlaşıblar.
Onların sözlərinə görə, hazırlıq prosesində əsasən dərsliklərdən istifadə edərək mövzuları təkrar ediblər.
“İmtahana birgə hazırlaşdıq. Dərsliklərlə təkrar etdik. Bundan da yüksək nəticə gözləyirdik”, – deyə onlar qeyd ediblər.
Qeyd edək ki, Xuraman Kazımovanın 60 yaşı tamam olduğu üçün o, sertifikasiya imtahanında könüllü əsaslarla iştirak edib. Ana və qızın eyni fəndən imtahan verərək yüksək nəticə göstərməsi müəllimlər arasında maraqla qarşılanıb və sertifikasiya prosesinin yaddaqalan məqamlarından biri olub.




