ARTİ rəsmisi: “Uşaq hansı fəndən daha yaxşıdırsa, ona daha çox vaxt ayırmalıdır”
“Hər kəsin özünə görə bir qabiliyyəti var. Hər bir övladımızın bu və ya digər istiqamət üzrə istedadı mövcuddur. Əgər bir uşaq çox güclü tennis oynayırsa, mən tövsiyə edirəm ki, o, vaxtının böyük hissəsini tennis oynamaqla keçirsin. Uşaq hansı fəndən daha yaxşıdırsa, ona daha çox vaxt ayırmalıdır. Çünki orada daha uğurlu olacaq, irəli gedəcək”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Təhsil TV-də yayımlanan “Təhsil saatı” verilişində deyib.
O bildirib ki, bütün fənləri oxumaq lazımdır, müəyyən baza biliklərinə sahib olmaq kifayətdir: “Amma əgər uşaq hər hansı fənnə maraqlıdırsa, o zaman həmin sahələrdə dərinləşmək gərəklidir. Bəzən valideynlərin övladlarına qarşı gözləntiləri yüksək olur. Hər bir uşağı olduğu kimi qəbul etməkdə fayda var və hər uşağın əldə etdiyi kiçik və ya böyük uğuru uğur kimi qiymətləndirmək lazımdır. 10 nəfərin olduğu bir mühitdə kiminin boyu ən uzun, kiminin boyu ən qısa olacaq. Burada heç kimin günahı və ya səhvi yoxdur. Ona görə əgər 10 nəfər yarışırsa, onlardan 1-nin xüsusi istedadı daha çox ola bilər və o, digərlərindən irəlidə ola bilər. Amma bu, digər uşaqların uğursuz olduğu anlamına gəlmir”.


