Arzulardan gələcəyin peşələrinə: 730 qızın təhsilinə dəstək olan layihə

14 Oktyabr, 2026 - 11:35
Arzulardan gələcəyin peşələrinə: 730 qızın təhsilinə dəstək olan layihə

“Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən müxtəlif təqaüd proqramları vasitəsilə 5 il ərzində 730 qızın təhsilinə və inkişafına dəstək göstərilib.

Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində aparıcı məsləhətçi Xumar İlqarqızı deyib. 

Onun sözlərinə görə, 2021-ci ildə Hacı Zeynalabdin Tağıyevin maarifçilik ənənələrinin yaşadılması, onun təşəbbüsü ilə yaradılan Qızlar Məktəbinin 120 illik yubileyinin qeyd olunması və 11 oktyabr – Beynəlxalq Qızlar Gününün əhəmiyyətinin vurğulanması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin start verdiyi layihə  genişlənərək yüzlərlə qızın təhsilinə və gələcək inkişafına töhfə verir: “İlk dəfə bu layihə çərçivəsində sahibkar qadınlar və şirkətlər tələbə qızların təhsilinə dəstək göstərib.  Sevindirici haldır ki, həmin vaxt 14 qızla başlayan bu təşəbbüs zamanla genişlənərək yüzlərlə qızın təhsilinə və gələcək inkişafına töhfə verən böyük bir layihəyə çevrilib”. 

Qızların təhsilinə dəstək sistemli və davamlı xarakter alır

2022-ci ildə Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığın genişlənməsi və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığa qoşulması ilə layihənin inkişafında yeni mərhələ başlayıb: “Bu əməkdaşlıq təşəbbüsün daha geniş miqyasda həyata keçirilməsinə, qızların təhsilinə dəstəyin sistemli və davamlı xarakter almasına zəmin yaradıb”.

Hənifə Məlikova-Zərdabi proqramı: 30-dan çox universitetdə 317 tələbə qız

Əməkdaşlığın ilk “meyvəsi” Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı olub: ““Qızların təhsilinə dəstək” layihəsinin özəlliyi ondan ibarətdir ki, bu layihə müxtəlif istiqamətləri və qolları özündə birləşdirir. Layihənin əsas istiqamətlərindən biri olan və Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı çərçivəsində ümumilikdə respublika üzrə 30-dan çox ali təhsil müəssisəsində təhsil alan 317 qız təqaüd alıb”.
Qızların təhsil imkanlarının genişləndirilməsinə və akademik uğurlarının dəstəklənməsinə yönələn proqram 2023-cü ildə təsis edilib. Bu proqram çərçivəsində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, regionları təmsil edən, eləcə də həssas qruplara aid olan qızların təhsil imkanları dəstəklənib, onların inkişafına töhfə verən addımlar atılıb.
 
125 illik böyük missiya davam edir
           
Bu il Bakıda Qızlar Məktəbinin yaradılmasının 125-ci ildönümü münasibətilə daha bir təqaüd proqramı təsis edilib. Hacı Zeynalabdin Tağıyev adına bu təqaüd proqramına artıq 22 tələbə qız qoşulub. Proqram qızların təhsilinə dəstək göstərməklə yanaşı, onların gələcək peşəkar inkişafına və cəmiyyətdə fəal iştirakına şərait yaratmağı hədəfləyir.

Şəhid xanımlarının şəxsi və peşəkar inkişafına dəstək

“Qızların təhsilinə dəstək” layihəsinin sosial əhəmiyyət daşıyan başqa bir istiqaməti Azərbaycan Banklar Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır: ““Sən tək deyilsən – Gələcəyə əmin addımlarla” proqramının əsas məqsədi Vətənimizin müdafiəsi uğrunda həyatını itirmiş şəhidlərin həyat yoldaşlarının təhsilinə və şəxsi inkişafına dəstək göstərmək, şəhid ailələrinin cəmiyyətdə rolunun və ictimai fəallığının artırılmasına dəstək olmaq, eləcə də şəhid xanımlarına diqqət və qayğını gücləndirməkdir. Qeyd edim ki, bu il şəhid xanımlarından əlavə 2 nəfər də şəhid anası cəlb edilib”.

Qızların ali təhsil arzuları reallaşır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində daha bir təqaüd proqramı abituriyent qızların təhsilinə dəstək məqsədilə həyata keçirilir. Xumar İlqarqızının sözlərinə görə, “Bir ekosistemi” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Arzumuz var” təqaüd proqramı gənc qızların ali təhsil arzularının reallaşmasına və gələcək hədəflərinə doğru inamla addımlamalarına dəstək verir. 

Layihədə əhatəlilik: Təqaüd proqramlarında müxtəlif regionlar, ali təhsil müəssisələri və ixtisas istiqamətləri


Layihə iştirakçısı olan tələbə qızların tərkibindən aydın görünür ki, təqaüd proqramları müxtəlif regionları, ali təhsil müəssisələrini və ixtisas istiqamətlərini əhatə etməklə geniş təmsilçilik imkanları yaradıb.

Xumar İlqarqızı əlavə edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təsis etdiyi və həyata keçirdiyi təqaüd proqramlarına seçilən tələbə qızlar aylıq təqaüdlərlə yanaşı, təcrübə proqramlarından, inkişafyönümlü təlimlərdən və maarifləndirici görüşlərdən də mütəmadi yararlanıblar: “Bu imkanlar onların nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsinə, peşəkar əlaqələr qurmasına və gələcək karyeralarına daha hazırlıqlı başlamasına şərait yaradır”.

“Qızların Təhsilinə Dəstək” Məzunlar Şəbəkəsi yaradılır

“Layihənin mühüm və əlamətdar istiqamətlərindən biri də iştirakçıların “Məzun Günü”nün təşkilidir”, - deyən komitə əməkdaşı deyir ki, proqramın “məzun ənənəsi” formalaşır: “2025-ci ildə ilk dəfə “Qızların təhsilinə dəstək” layihəsinin 59, 2026-cı ildə 66 iştirakçısı üçün “Məzun Günü” təşkil olunub. Beləliklə, iki il ərzində ümumilikdə 125 gənc qız və şəhid xanımı layihələr çərçivəsində məzun statusu qazanıb. “Məzun Günü” yalnız əldə olunan uğurların qeyd edildiyi tədbir deyil, həm də layihələrin davamlılığının, iştirakçıların şəxsi və peşəkar inkişafının, eləcə də gələcək nəsil qızlar üçün yaradılan motivasiya mühitinin göstəricisidir”.
Bu il layihənin davamlılığını təmin etmək və məzunlar arasında uzunmüddətli əməkdaşlıq əlaqələrini gücləndirmək məqsədilə “Qızların təhsilinə dəstək” Məzunlar Şəbəkəsinin yaradılması istiqamətində işlərə başlanılıb: “Şəbəkə məzun qızların vahid platforma ətrafında birləşməsinə, təcrübə və bilik mübadiləsinin təşviqinə, eləcə də onların gələcək təlimlərə, görüşlərə və müxtəlif inkişaf imkanlarına çıxışının genişləndirilməsinə xidmət edəcək”. 

Stereotipləri yıxan uğurlar: Qızların mühəndislik, IT və süni intellektə marağı artır

Xumar İlqarqızı layihənin gedişatında müəyyən etdikləri maraqlı nəticələrdən, qızların stereotipləri dağıdan seçimlərindən danışıb: “Layihənin nəticələrindən danışarkən deməliyəm ki, iştirakçılar arasında qızlar üçün, adətən qeyri-ənənəvi hesab edilən ixtisaslara maraq ildən-ilə artır. Bu tendensiya qızların peşə seçimlərinin genişləndiyini, onların müasir əmək bazarının tələblərinə uyğun sahələrə yönəldiyini və öz potensiallarını müxtəlif istiqamətlərdə reallaşdırmağa daha çox imkan qazandıqlarını göstərir”.
Məsələn, müasir qızlar kimya mühəndisliyi, informasiya texnologiyaları, aerokosmik mühəndislik, təbiət elmləri, kompüter elmləri, geologiya və geofizika, kompüter mühəndisliyi, aviasiya-hava hərəkətinin təşkili, neft-qaz mühəndisliyi, informasiya mühəndisliyi, informasiya təhlükəsizliyi və data analitikası kimi perspektivli sahələrə maraq göstərir, bu sahələri əhatə edən ixtisaslara yiyələnirlər: “Süni intellektin, rəqəmsal texnologiyaların və yeni peşələrin həyatımıza sürətlə daxil olduğu bir dövrdə bu seçimlər xüsusi əhəmiyyət daşıyır”.  
           
Yeni hədəflər başqa qızları da oxutmaqdır 

Layihənin davamlılığından danışarkən Xumar İlqarqızı 2026-cı ilin xüsusi əhəmiyyətini də vurğulayıb: “Bu il Bakıda qızlar məktəbinin yaradılmasının 125 illiyi, eyni zamanda, layihənin 5 illiyi qeyd olunur. Bu əlamətdar tarixlər qızların təhsilinə verilən dəyərin, onların ictimai fəallığının təmin edilməsinə yönəlmiş təşəbbüslərin və maarifçilik ənənələrinin davam etdirildiyinin rəmzidir”.

Beləliklə, cəmiyyətdə təhsilli qızların, iş yerlərində təcrübəli, hazırlıqlı qadınların sayı artır. Təhsil qızlara yalnız bilik qazandırmır, həm də onlara öz potensiallarını reallaşdırmaq və cəmiyyətin inkişafında fəal iştirak etmək imkanı yaradır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində hesab edirlər ki, bir qızın təhsilinə verilən dəstək yalnız onun gələcəyini deyil, bütövlükdə cəmiyyətin gələcəyini formalaşdırdığından gələcəkdə layihənin əhatə dairəsi genişləndiriləcək, qızların nailiyyətlərini ictimaiyyətə tanıtdıracaq, onların bilik və təcrübə mübadiləsini təşviq edəcək, qızları öz potensiallarına inanmağa, qarşılarına məqsədlər qoymağa və gələcək uğurlara doğru inamla addımlamağa ruhlandıracaqlar.