Asif Mustafayev: Qayıdış hüququnun təminində əsas maneələr hüquqi deyil, praktiki xarakter daşıyır

18 Aprel, 2026 - 15:56
Asif Mustafayev: Qayıdış hüququnun təminində əsas maneələr hüquqi deyil, praktiki xarakter daşıyır

“18 aprel 2026-cı il tarixdə Qarabağ Universitetində humanitar sahədə təhsil alan tələbələrlə görüşümüz keçirildi. İlk olaraq hüquq ixtisası üzrə təhsil alan tələbələrlə xaricdə, xüsusilə Almaniyada hüquq təhsili və bu sahədə inkişaf imkanları barədə müzakirələr apardıq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Dövlət Proqramı çərçivəsində Köln Universitetinin doktorantura məzunu, Bakı Dövlət Universitetinin Hüquq klinikasının rəhbəri Asif Mustafayev Qarabağ Universitetində keçirilən “Qayıdış: Gənclər Forumu” çərçivəsində təşkil olunan “Qayıdış hüququ və beynəlxalq hüquq: normativ və tətbiqi yanaşmalar” mövzusunda panel sessiyada çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, daha sonra beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə panel müzakirələr təşkil olunub. Onun sözlərinə görə, iştirak etdiyi iki panel çərçivəsində deportasiya cinayətləri, qayıdış hüququ, beynəlxalq hüququn normativ və tətbiqi yanaşmaları, eləcə də məsuliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Çıxışçı vurğulayıb ki, bu mövzuların məhz Qarabağ Universitetində müzakirəsi xüsusi əhəmiyyət kəsb edir. O bildirib ki, həm deportasiya cinayətləri, həm də qayıdış hüququ universitetin yerləşdiyi ərazi və həmin ərazilərdə yaşamış əhali ilə birbaşa bağlıdır.
Asif Mustafayev qeyd edib ki, deportasiya əməlləri İkinci Dünya müharibəsindən sonra beynəlxalq hüquqda insanlıq əleyhinə və müharibə cinayətləri kimi tanınıb. Onun sözlərinə görə, 1949-cu il IV Cenevrə Konvensiyasının 49-cu maddəsi işğal olunmuş ərazilərdə mülki əhalinin zorla köçürülməsini qadağan edir və bu norma Qarabağda 1990-cı illərin əvvəllərində baş vermiş hadisələrə də şamil oluna bilər.

O əlavə edib ki, 1998-ci il Roma Statutunda da deportasiya insanlıq əleyhinə və müharibə cinayəti kimi təsbit olunub. Lakin Azərbaycanın bu sənədə qoşulmaması səbəbindən həmin hadisələr Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasından kənarda qalır. Bununla belə, BMT Təhlükəsizlik Şurasının qərarı ilə bu məsələnin məhkəməyə çıxarılmasının mümkün olduğunu qeyd edib.

İkinci panelin əsas mövzusunun qayıdış hüququ ilə bağlı olduğunu deyən A.Mustafayev bildirib ki, bu hüquq hər bir insanın öz vətəninə qayıtmaq hüququnu ifadə edir və həm qaçqınlara, həm də məcburi köçkünlərə şamil olunur.

Onun sözlərinə görə, bu hüquq ilk dəfə 1948-ci il İnsan Hüquqları Ümumi Bəyannaməsində, daha sonra isə 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda təsbit olunub.

Çıxışında o, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə də toxunaraq bildirib ki, bu sənədlər Azərbaycan ərazilərinin işğalını pisləyir və məcburi köçkünlərin öz yurdlarına qayıtmasını tələb edir. O qeyd edib ki, bu qətnamələr uzun müddət icra olunmasa da, son nəticədə Azərbaycanın öz imkanları hesabına reallaşıb.

Asif Mustafayev vurğulayıb ki, hazırda qayıdış hüququnun həyata keçirilməsi əsasən daxili mexanizmlər çərçivəsində tənzimlənir. Onun fikrincə, bu prosesdə hüquqi deyil, daha çox praktiki çətinliklər mövcuddur.

“Hazırda əsas maneələr infrastrukturun dağıdılması, mina təhlükəsi, sosial-iqtisadi problemlər və psixoloji amillərlə bağlıdır. Hüquqi baxımdan qayıdış üçün ciddi əngəllər mövcud deyil”, – deyə o əlavə edib.

Sonda çıxışçı qeyd edib ki, beynəlxalq praktikada qayıdış prosesinin əsas prinsipləri könüllülük, təhlükəsizlik və ləyaqət meyarları üzərində qurulub. Onun sözlərinə görə, Azərbaycan da işğaldan azad olunmuş ərazilərə əhalinin məhz bu prinsiplər əsasında qayıdışını təmin etmək istiqamətində ardıcıl addımlar atır.