Azərbaycan ali təhsil üçün arzuolunan ölkələrdəndir - Ramin Nurəliyev
Məlum olduğu kimi, Quacquarelli Symonds (QS) agentliyi dünyanın ən yaxşı universitetlərinin 2026-cı il üzrə fənn sahələri reytinq cədvəlini dərc edib. Yeni nəticələrə əsasən, Azərbaycanın 7 universiteti ilk dəfə 22 sahə üzrə reytinqdə təmsil olunub.
Bununla bağlı “Azərbaycan müəllimi”nə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə, təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb.
Bakı Dövlət Universiteti sözügedən reytinqdə ilk dəfə TOP 100-lüyə daxil olaraq 10 fərqli sahə üzrə müsbət nəticə əldə edib. Onun sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universiteti 4, Azərbaycan Dillər Universiteti 2, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2, Bakı Mühəndislik Universiteti 2, Azərbaycan Memarlıq və İnşaat Universiteti 1, Azərbaycan Texniki Universiteti isə 1 sahə üzrə dünya reytinqinə adını yazdırıb. Bəzi universitetlər bu il reytinqdə yenidən yer alıb, bir neçəsi isə ilk dəfə siyahıya düşüb.
Ramin Nurəliyevin fikrincə, bu nailiyyət son illərdə ölkədə ali təhsilin inkişafı istiqamətində atılan mühüm addımların məntiqi nəticəsidir: “Qlobal reytinq cədvəlində ölkəmizin müxtəlif sahələr üzrə 7 ali təhsil ocağının yüksək səviyyədə təmsil olunması Azərbaycan təhsilinin inkişafını göstərir. Xüsusilə universitetlərdə şəffaflığın təmin olunması, akademik göstəricilərin müasir təhsil standartlarına uyğunluğu, pedaqoji heyətin keyfiyyəti, tələbə imkanlarının genişliyi və dövlətin ali təhsilə diqqət və qayğısı bu nəticənin əldə olunmasında əsas amillərdəndir”.
Ekspert əlavə edib ki, bu gün dövlət tərəfindən ali təhsilə diqqət və qayğı yüksək səviyyədədir. Onun sözlərinə görə, universitetlərin ikili diplom proqramları çərçivəsində beynəlxalq ali məktəblərlə əməkdaşlığı ildən-ilə genişlənir. Azərbaycan gənclərinin dövlət proqramları və hökumətlərarası təqaüd layihələri vasitəsilə xaricdə nüfuzlu universitetlərdə təhsil alması da bu istiqamətdə aparılan siyasətin mühüm göstəricisidir.
Ramin Nurəliyev vurğulayıb ki, artıq Azərbaycan universitetləri xarici tələbələrin də diqqət mərkəzindədir: “Hər il xarici tələbələrin sayının artması bunun bariz nümunəsidir. Artıq Azərbaycanda ABŞ, İngiltərə, Almaniya, Fransa, İtaliya, Türkiyə, Rusiya və Cənubi Koreya kimi qabaqcıl ölkələrlə əməkdaşlıq çərçivəsində birgə ali təhsil layihələri uğurla həyata keçirilir”.
Ekspertin sözlərinə görə, Azərbaycan artıq MDB məkanında ali təhsil üçün etibarlı və arzuolunan ölkələrdən biri sayılır. Bir çox istiqamətlər üzrə ölkəmiz MDB ölkələri arasında ön sıralarda qərar tutur.
O, həmçinin bildirib ki, dövlət universitetlərində şəffaflığın artması, qəbul və semestr imtahanlarının obyektiv təşkili, eləcə də ikili diplom proqramlarının genişlənməsi Azərbaycanın beynəlxalq akademik nüfuzunu daha da gücləndirib.
Sonda ekspert vurğulayıb ki, bu kimi nəticələr və beynəlxalq reytinqlərdə müşahidə olunan ildən-ilə yüksəliş dövlətin ali təhsilə göstərdiyi diqqət, düzgün kadr siyasəti və universitetlərin qlobal əməkdaşlıq imkanlarının genişlənməsi ilə birbaşa bağlıdır.



