Azərbaycan bölməsinin şagirdlərinin nəticələri daha yaxşıdır – Elnur Əliyev

11 Sentyabr, 2026 - 11:37
Azərbaycan bölməsinin şagirdlərinin nəticələri daha yaxşıdır

"4-cü sinif şagirdlərinin nəticələri Azərbaycan və rus bölmələrində müqayisə edilən zaman yalnız hər iki bölmənin fəaliyyət göstərdiyi məktəblər nəzərə alınıb". 

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev bildirib.

Onun sözlərinə görə, mövcud yanaşma nəticələrin müqayisəsində yaşayış məntəqəsi və sosial-iqtisadi vəziyyət kimi amillərin eyniləşdirilməsinə imkan verir:

"Müqayisə zamanı Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri nisbətən daha yüksək olub. Orta ballar bir-birinə yaxın olsa da, Azərbaycan bölməsində 4-cü səviyyədə olan şagirdlərin payının daha çox olduğu müəyyənləşib. Hazırkı müşahidələr Azərbaycan bölməsində təhsil alan şagirdlərin nəticələrinin nisbətən daha yaxşı olduğunu göstərir".

E.Əliyev qeyd edib ki, vahid məlumat bazasına 2022-ci ilin payızından daxil edilən məlumatlar həmin ildən əvvəl birinci sinfə qəbul olunmuş uşaqları əhatə etmir:

"Buna görə də hazırkı təhlildə əsasən məktəbəhazırlıq qruplarında təhsil alma faktı nəzərə alınıb. Yaxşı xəbər ondan ibarətdir ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların nəticələri təxminən digər yaşıdlarından 10 bal artıqdır. Bu göstərici həm şəhər, həm də kənd məktəbləri üzrə ayrıca təhlil edilib".