Hər kəs çalışmalıdır ki, Azərbaycan dilinin normalarına uyğun danışsın – AMEA prezidenti

25 May, 2026 - 10:51
Hər kəs çalışmalıdır ki, Azərbaycan dilinin normalarına uyğun danışsın

“Azərbaycan dilinin saflığının qorunması daha çox nitq mədəniyyəti ilə bağlı olan bir məsələdir. Hər kəs çalışmalıdır ki, inkişaf etmiş təfəkküründə mümkün olduğu qədər öz ana dilimizin zəngin imkanlarından istifadə etsin, Azərbaycan dilinin qrammatik və ədəbi dil normalarına uyğun şəkildə danışsın. Ekranda da, efirdə də, ali məktəb auditoriyalarında da buna əməl etmək bizim borcumuzdur”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli ADPU-da keçirilən “Ana dili: kimlik və gələcək” respublika konfransında səsləndirib.

Akademik bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasında müstəqillik dövrünün prinsipləri, azərbaycançılıq dünyagörüşü əsasında Azərbaycan dilinin qrammatikası artıq yeni konseptual səviyyədə hazırlanır:
“Leksika bölməsi, fonetika bölməsi, sintaksis bölməsi yazılıb kitab halında çap olunub. Morfologiya bölməsi də bu ilin sonuna qədər tamamlanıb təqdim ediləcək”.

İ.Həbibbəyli bildirib ki, bu, müstəqil dövrün Azərbaycan dilçiliyinin, Azərbaycan dili qrammatikasının bütün sistemi ilə yaradılması deməkdir.