Azərbaycan “Türk Uşaq Oyunları Festivalı”nda təmsil olunur
Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin koordinasiyası ilə 28–30 aprel tarixlərində İstanbul şəhərində “Türk Uşaq Oyunları Festivalı” keçirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, festivalın əsas məqsədi Türk dünyasına məxsus ənənəvi uşaq oyunlarının qorunması, eləcə də uşaqlar arasında mədəni əlaqələrin və dostluq münasibətlərinin gücləndirilməsidir.
Festivalda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin nümayəndələri, o cümlədən Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğız Respublikası, Şimali Kipr Türk Respublikası və Macarıstandan olan şagirdlər, müəllimlər və təhsil idarəçiləri iştirak edirlər.
Festival çərçivəsində iştirakçı ölkələri təmsil edən şagirdlər öz ənənəvi oyunlarını nümayiş etdirir, müxtəlif mədəni təqdimatlar və qarşılıqlı mübadilə fəaliyyətləri həyata keçirilir. Azərbaycanı təmsil edən 20 məktəbli də festivalda iştirak edərək milli uşaq oyunlarımızı nümayiş etdirir və ölkəmizin zəngin mədəni irsinin tanıdılmasına töhfə verir.



