Azərbaycan üçün iki yeni mamır növü ilk dəfə qeydə alınıb

28 İyul, 2026 - 15:46
Azərbaycan üçün iki yeni mamır növü ilk dəfə qeydə alınıb

Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Məmmədovanın xarici alimlərlə həmmüəllifi olduğu "New national and regional bryophyte records, 85" ("Yeni milli və regional briofit qeydləri, 85") adlı elmi məqalə beynəlxalq elmi bazalarda indekslənən Q2 kvartilli "Journal of Bryology" jurnalında dərc olunub. Məqalədə dünyanın müxtəlif ölkələrindən 40-dan çox tədqiqatçının elmi nəticələri təqdim edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, nəşrdə Azərbaycan briyoflorası üçün ilk dəfə qeydə alınmış iki mamır növü – "Grimmia hartmanii Schimp." və "Hypnum jutlandicum Holmen & E. Warncke" təqdim olunub. Tədqiqat zamanı "Grimmia hartmanii" növü Masallı rayonundakı Hirkan Milli Parkında, "Hypnum jutlandicum" növü isə Xaçmaz rayonundakı Samur-Yalama Milli Parkında aşkar edilib.

Aparılan morfoloji tədqiqatlar və beynəlxalq taksonomik mənbələrlə müqayisələr nəticəsində bu növlərin Azərbaycan briyoflorası üçün yeni qeydlər olduğu müəyyən edilib. Məqalədə yeni qeydə alınmış növlərin diaqnostik əlamətləri, yayılma arealları və onları oxşar növlərdən fərqləndirən morfoloji xüsusiyyətlər təqdim olunub.

Azərbaycan üçün iki yeni mamır növü ilk dəfə qeydə alınıb
Azərbaycan üçün iki yeni mamır növü ilk dəfə qeydə alınıb