“Azərbaycana qayıdıb müəllim kimi işləmək istəyirəm” – Nüfuzlu universitetin tələbəsi
Bəzi hədəflər illər keçdikcə formalaşır, bəziləri isə məktəb illərindən insanın yolunu müəyyənləşdirir. Aysu Eyvazovanın hələ VIII sinifdə dövlət idarəçiliyi sahəsinə yaranan marağı onu bu gün dünyanın aparıcı ali məktəblərindən biri olan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə (LSE) aparıb.
Bu il ADA Universitetinin “Dövlət və ictimai münasibətlər” ixtisasını bitirən Aysu Eyvazova London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin dövlət idarəetməsi üzrə magistr proqramına qəbul olub.
Aysu deyir ki, bu sahəyə hələ məktəb illərində başlayan marağı universitet illərində daha da güclənib. Məhz buna görə magistratura təhsilini bu istiqamətdə davam etdirmək qərarına gəlib: “Dövlət idarəetməsi sahəsinə marağım hələ VIII sinifdə yaranmışdı. Həmin vaxtdan bu sahənin cəmiyyətin inkişafında oynadığı rol məni daim düşündürür və motivasiya edirdi. Bu maraq zamanla akademik seçimlərimə və peşəkar hədəflərimə çevrildi”.
Təhsil aldığı müddətdə nəzəri biliklərlə kifayətlənməyən Aysu müxtəlif dövlət qurumları və özəl sektorda təcrübə proqramlarında iştirak edib. PAŞA Həyat, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycanın İtaliyadakı Səfirliyində keçdiyi təcrübələrin ona dövlət idarəçiliyi, strateji düşüncə və beynəlxalq əməkdaşlıq sahələrində mühüm bilik və bacarıqlar qazandırdığını bildirir.
LSE-ni seçməsi də təsadüfi olmayıb. Aysunun sözlərinə görə, dövlət idarəetməsi sahəsində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri hesab olunan universitetin yüksək akademik nüfuzu, beynəlxalq mühiti və qabaqcıl tədris proqramı onun üçün əsas seçim meyarları olub.
Dövlət idarəçiliyi üzrə dünyanın ilk sıralarında qərarlaşan universitetlərindən olan bu ali məktəbəə qəbul prosesi aylarla davam edən hazırlıq tələb edib. Aysu sənədlərini universitetin III kursunun sonundan hazırlamağa başlayıb: “Hələ universitetin 3-cü kursunun sonundan xaricdə təhsil üçün tələb olunan sənədləri hazırlamağa başlamışdım. Bu proses mənə məqsədyönlülüyün, səbrin və əzmkarlığın uğura aparan ən vacib amillər olduğunu bir daha göstərdi”.
Uzun hazırlıq mərhələsinin ən yaddaqalan anı isə qəbul məktubunu aldığı gün olub: “Qəbul məktubunu aldığım an keçirdiyim sevinc və qürur hissini sözlə ifadə etmək çətindir. Bu, uzun müddət göstərdiyim zəhmətin qarşılığını aldığımı hiss etdiyim unudulmaz anlardan biri idi”.
Aysu qazandığı uğurda ailəsinin dəstəyini xüsusi vurğulayır. Onun sözlərinə görə, valideynləri hər zaman ona inanıb, bütün qərarlarında yanında olublar.
Gələcəklə bağlı planları da indidən müəyyənləşib. Aysu magistr təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdaraq ali təhsil müəssisəsində müəllim kimi çalışmaq və dövlət idarəçiliyi sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə vermək istəyir: “İnanıram ki, LSE-də əldə edəcəyim bilik və beynəlxalq təcrübə ölkəmizdə insan kapitalının inkişafına və dövlət idarəçiliyi sahəsində müasir yanaşmaların tətbiqinə öz töhfəsini verəcək”.
Aysu artıq Dövlət Proqramı ilə təhsil üçün də müraciət edib və nəticələri gözləyir. Hesab edir ki, bu proqram Azərbaycan gənclərinin dünyanın aparıcı universitetlərində təhsil alması üçün yaradılmış ən dəyərli imkanlardan biridir.




