Azərbaycanda memarlıq təhsilinin konseptual transformasiyası: Dəyərlər, çağırışlar, perspektivlər

27 Yanvar, 2026 - 09:25
Azərbaycanda memarlıq təhsilinin konseptual transformasiyası: Dəyərlər, çağırışlar, perspektivlər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsi ölkəmizdə memarlıq ali təhsilinin əsasını qoymuş, zəngin tarixə və ənənələrə malik təhsil mərkəzlərindən biridir. 100 ildən artıq fəaliyyəti dövründə bu fakültə yalnız memarlar yetişdirməklə kifayətlənməyib, həm də şəhərsalmanın, abidələrin qorunması və bərpasının, memarlıq düşüncəsinin formalaşmasının mühüm akademik məkanı olmuşdur. Azərbaycanın memarlıq təhsilinin əsası ötən əsrin əvvəllərində - 1920-ci ildə qoyulub. O dövrdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlanan ali məktəbin tərkibində fəaliyyət göstərən İnşaat fakültəsinin Memarlıq bölməsi bu istiqamətdə kadr hazırlığının ilkin ünvanı olub. 1951-ci ildən bu iş Azərbaycan Politexnik İnstitutunun tərkibində davam etdirilib və nəhayət, 1968-ci ildə müstəqil Memarlıq fakültəsi formalaşdı. 1975-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Cənubi Qafqazda ilk İnşaat Mühəndisləri İnstitutunun yaradılması ilə memarlıq təhsili yeni mərhələyə qədəm qoydu.

Bu gün fakültəmiz 100 ildən artıq yaşı olan, zəngin ənənələri ilə seçilən elm və tədris ocağıdır. Yalnız Azərbaycanın deyil, ümumiyyətlə, regionun memarlıq təhsili tarixində mühüm yerə malik olan fakültə, həm digər fakültələr, həm də ölkəmizdə “Memarlıq” ixtisası üzrə fəaliyyət göstərən ali məktəblər arasında daim ön sıralarda qərarlaşıb. Bu üstünlüyün təməlində isə professor-müəllim heyətimizin yüksək elmi və peşəkar potensialı dayanır.

Hazırda fakültədə 7 memarlıq üzrə elmlər doktoru, 10 professor, 21 fəlsəfə doktoru və dosent fəaliyyət göstərir. Onlar memarlıq layihələndirilməsi, şəhərsalma, abidələrin bərpası sahələrində ölkəmizin tanınmış alimləri və praktik mütəxəssisləridir.

Fakültəmizdə həmçinin “Şöhrət” və “Şərəf” ordenli pedaqoqlar, Əməkdar memarlar və Dövlət mükafatı laureatları, Beynəlxalq Memarlıq Akademiyasının (MACA) həqiqi və müxbir üzvləri tədris prosesində bilik və təcrübələrini gənc memarlarla bölüşürlər. Biz bu tarixi irsə arxalanaraq, onu müasir çağırışlarla sintez edir və beynəlxalq təhsil standartlarına uyğun təhsil modeli qururuq. Bu baxımdan Bolonya sisteminə inteqrasiya, elektron universitet modelinin tətbiqi və fakültəmizin nüfuzunun artması - bütün bunlar son illər ərzində əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.

Memarlıq fakültəsinin bu gün əldə etdiyi nüfuz və elmi-pedaqoji nailiyyətlər, şübhəsiz ki, onun təməlini qoymuş və inkişafında mühüm rol oynamış görkəmli alim və memarların fədakar əməyinin nəticəsidir. Fakültəmizin ilk dekanı olmuş dosent Boris Revazovun adı bu kontekstdə xüsusilə hörmətlə xatırlanır. Ardınca Həsənağa Məcidov, Elcarun Kanukov, Ramiz Əbdülrəhimov, Tofiq Abdullayev kimi tanınmış simaların rəhbərliyi ilə fakültəmiz həm tədris, həm də elmi istiqamətdə mühüm irəliləyişlər əldə edib. 

Fəxrlə qeyd etməliyik ki, Memarlıq fakültəsinin məzunları Azərbaycanın memarlıq tarixində və memarlıq təhsilində silinməz izlər qoyublar. Mikayıl Useynov, Sadıq Dadaşov, Ənvər Qasımzadə, Əbdülvahab Salamzadə, Kamal Məmmədbəyov, Qəzənfər Əlizadə, Davud Axundov, Kamil Məmmədzadə, Fikrət Hüseynov, Turan Muradxanova, Tələt Dadaşov, Nəriman Əliyev, Rafael Həsənov kimi şəxslər bu məktəbin yetirmələri olub. 

Hazırda fakültədə ölkəmizin memarlıq elminin aparıcı nümayəndələri tədris prosesində yaxından iştirak edirlər. Onlar arasında AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova, Memarlar İttifaqının İdarə Heyətinin sədri professor Elbay Qasımzadə, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi professor Səbinə Hacıyeva, professorlar Ramiz Əbdülrəhimov, Rayihə Əmənzadə, Nizami Nağıyev, Aybəniz Həsənova, Şəhla Qəhrəmanova, Elkin Ələsgərov, dosentlər Nərmin Yusifli, Xəlil Cəfərov və Nazim Vəliyev və b. kimi görkəmli alim və praktik memarlar var. 

Eyni zamanda, fakültə əməkdaşları tərəfindən tərtib olunmuş 50-dən çox monoqrafiya, dərslik və metodik vəsait memarlıq sahəsində tədrisin elmi əsaslarla təmin olunmasına xidmət edir. Bu nəşrlər - “Qafqaz Albaniyasının memarlığı”, “Azərbaycanın qədim və orta əsrlər memarlığı”, “Memarlıq abidələrinin bərpasının əsasları”, “Ümumdünya memarlıq tarixi”, “Şəhərsalmanın layihələndirilməsi”, “Memarlığın tipologiyası”, “Landşaft memarlığı” kimi fundamental əsərlər gənc memarların formalaşmasında bu gün də əsas mənbə kimi istifadə olunur. 2013-cü ildə Azərbaycan Memarlar İttifaqının böyük layihəsi sayılan və cənab Prezident İlham Əliyevin bilavasitə dəstəyilə Azərbaycan, ingilis və rus dillərində nəfis şəkildə çap edilmiş memarlığa aid 25 adda kitabın müəlliflərinin böyük əksəriyyəti fakültəmizin professor-müəllim heyətidir. Nəşr olunmuş kitablar arasında ən qədim dövrlərdən müasir günümüzə qədər memarlığımızın inkişafinı əks etdirən “Azərbaycan memarlıq tarixi” adlı 5 cildliyi xüsusi qeyd etmək istərdim. 

Bütün bunları ümumiləşdirsək, əminliklə deyə bilərik ki, bu gün Memarlıq fakültəsi yalnız tarixi irsə söykənən deyil, həm də onu daşıyan, inkişaf etdirən və gələcək nəsillərə ötürən canlı bir akademik mərkəzdir.

Bu gün Memarlıq fakültəsi nəinki Azərbaycanın, həm də beynəlxalq elmi ictimaiyyətin diqqət mərkəzindədir. Britaniya Memarlarının Kral İnstitutu - RIBA tərəfindən iki dəfə ardıcıl olaraq akkreditasiyadan keçməsi bu fakültənin dünya səviyyəsində tanındığının və yüksək tədris keyfiyyətinin sübutudur.

RIBA akkreditasiyası bu gün memarlıq sahəsində beynəlxalq tanınmanın və etimadın ən yüksək göstəricilərindən biridir. Bu nüfuzlu qurumun tələbləri olduqca sərtdir və bu akkreditasiyanı almaq üçün universitetlər tədrisin keyfiyyətindən tutmuş, maddi-texniki baza, müəllim heyəti, dərslik və proqramlar, layihə tapşırıqları, ən başlıcası, tələbələrin təqdim etdiyi portfoliolar və ümumilikdə təhsil mühitinə qədər bütün sahələrdə yüksək standartlara cavab verməlidirlər. Azərbaycan Memarlıq və İnşaat Universiteti olaraq biz ilk dəfə bu akkreditasiyanı 2019-cu ildə aldıq və bu, bizim üçün tarixi bir nailiyyət idi. Həmin il bütün dünyada cəmi 11 ali memarlıq məktəbi bu hüququ qazandı və onların arasında AzMİU-nun Memarlıq fakültəsi də yer aldı. Bu, bizi MDB məkanında RIBA akkreditasiyasına sahib olan yeganə ali məktəbə çevirdi.

Lakin daha önəmlisi odur ki, bu uğur təsadüfi olmadı. 2015-ci ildən başlayaraq universitet rəhbərliyinin, xüsusilə də rektorumuz professor Gülçöhrə Məmmədovanın bilavasitə təşəbbüsü və dəstəyi ilə fakültədə əsaslı islahatlar həyata keçirildi. Tədris planlarımız, kurs layihələrinin məzmunu, dərslik və fənn proqramlarımız RIBA-nın tövsiyələrinə əsasən dəyişdirildi və “Yol Xəritəsi” hazırlandı. Maddi-texniki baza gücləndirildi, yeni və müasir smart texnologiyalar, kompüter laboratoriyaları, 3D printerlər, lazer skanerlər və digər avadanlıqlarla təchiz olunmuş tədris binamız istifadəyə verildi. Tələbələrin yaradıcılığını inkişaf etdirən studiyalar və layihə dərslərinə xüsusi önəm verildi. 

2024-cü ildə isə biz bu akkreditasiyanı növbəti dəfə uğurla yenilədik. RIBA-nın ekspert heyəti AzMİU-ya səfər edərək həm fakültədəki tədris keyfiyyətini, tələbə portfoliolarını, həm də layihə sərgilərini, müəllim-tələbə əlaqələrini və beynəlxalq əməkdaşlıqlarımızı yüksək qiymətləndirdi. Bu, o deməkdir ki, bizim memarlıq təhsilimiz artıq yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də tanınır və rəqabətə davamlıdır. 

Bu akkreditasiya həm tələbələrimiz, həm də müəllim heyəti üçün çoxsaylı imkanlar açır. Məzunlarımız diplomlarına əlavə olunan akkreditasiya sənədi ilə Avropa İttifaqı ölkələrində və Böyük Britaniyada tanınan memarlar kimi fəaliyyət göstərə bilirlər. Bu isə onlara genişmiqyaslı karyera perspektivləri və sərhədsiz iş imkanları qazandırır. Müəllimlərimiz üçün isə bu, beynəlxalq şəbəkəyə qoşulmaq, müasir tədris metodlarını tətbiq etmək və qlobal memarlıq cərəyanlarını daha yaxından izləmək imkanı deməkdir. 
Biz bu uğuru yalnız bir sertifikat kimi yox, həm də ölkəmizin memarlıq təhsilinin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi kimi qiymətləndiririk. Bu, Azərbaycanın çoxəsrlik memarlıq irsinin davam etdirilməsində, müasir və davamlı şəhərsalmanın formalaşmasında 100 illik memarlıq təhsilimizə ciddi töhfə verən bir addımdır.

Bu gün memarlıq təhsili yalnız nəzəri biliklərlə kifayətlənməməlidir. Tələbənin memar kimi formalaşması üçün o, mütləq şəkildə real layihə mühitində işləməli, multidissiplinar düşünməyi öyrənməli, fərqli məktəblərin yanaşmaları ilə tanış olmalı və praktik bacarıqlara yiyələnməlidir. Məhz bu məqsədlə Memarlıq fakültəsində tədrisin əsası layihə studiyaları üzərində qurulub. Layihə studiyalarında aparılan işlər tələbənin yaradıcı potensialını üzə çıxarır, düşüncəsini sərbəstləşdirir və ona fərqli funksional, estetik və texniki problemləri kompleks şəkildə həll etməyi öyrədir. Tələbə burada yalnız kağız üzərində deyil, real kontekstə uyğun şəkildə layihələndirməni öyrənir. Üstəlik, bu dərslərdə kollektiv müzakirələr, müəllim və tələbə arasında interaktiv dialoqlar tələbənin qərarvermə qabiliyyətini və öz layihəsini əsaslandırmaq bacarığını formalaşdırır. 

Ustad dərsləri isə tələbələrimiz üçün əsl ilham mənbəyidir. Fakültəyə müxtəlif ölkələrdən - İtaliya, Fransa, Türkiyə, ABŞ, Almaniya, İspaniya və digər ölkələrdən tanınmış memarlar dəvət olunur. Onlar tələbələrlə birbaşa işləyir, real layihə təcrübələrini bölüşür, yanaşma fərqlərini izah edirlər. Bu, tələbələrin dünyagörüşünü genişləndirir və onlara beynəlxalq memarlıq kursuna inteqrasiya olunmaq imkanı yaradır. Beynəlxalq vörkşoplar isə bir növ simulyasiya mühitidir - tələbələr burada müxtəlif ölkələrin memarlıq məktəblərindən olan yaşıdları ilə birgə qruplarda işləyərək, fərqli mədəni və sosial kontekstlərdə layihə hazırlayırlar. Bu proses həm komandada işləmək, həm də öz ideyasını başqa mədəniyyətlərə təqdim etmək və əsaslandırmaq baxımından tələbə üçün misilsiz təcrübədir. Layihə studiyaları, ustad dərsləri və beynəlxalq vörkşoplar tələbənin yalnız bilik deyil, həm də bacarıq, düşüncə tərzi və yaradıcılıq baxımından tam formalaşmış memar kimi yetişməsinə xidmət edir. Bu yanaşma nəticəsində məzunlarımız təkcə yerli deyil, qlobal əmək bazarında da rəqabətədavamlı və tələb olunan mütəxəssislərə çevrilirlər.

Fakültənin son illərdə həyata keçirdiyi layihələr arasında xüsusilə diqqət çəkən məqamlardan biri də SABAH qrupları ilə işlənən “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” adlı elmi-tədqiqat və konseptual layihədir. Hələ 2017-ci ildə, torpaqlarımız işğal altında olduğu bir dövrdə belə bir layihəni hazırlamağımız, bir çoxları üçün həm cəsarətli, həm də simvolik addım kimi görünürdü. Ancaq bizim üçün bu, sadəcə layihə deyildi - bu, milli yaddaşın, memarlıq kimliyimizin və ərazi bütövlüyümüzə olan inamın ifadəsi idi. 

Bu təşəbbüsə bizi vadar edən əsas səbəb, ilk növbədə, bir memarlıq məktəbi kimi milli məsuliyyət hissimiz idi. Biz o dövrdə də inanırdıq ki, işğal olunmuş torpaqlarımız gec-tez azad ediləcəkdir və həmin məkanlar təkcə bərpa olunmalı deyil, həm də dayanıqlı, çağdaş şəhərsalma prinsipləri əsasında yenidən qurulmalıdır. Hazırladığımız bu layihə ilə biz gələcəyə bir baxış sərgilədik - tarixə və mədəni irsə hörmətlə yanaşaraq, Qarabağın gələcək inkişaf modelini elmi əsaslarla və qabaqcıl memarlıq yanaşmaları ilə təqdim etdik. 

Digər mühüm səbəb isə tələbələrimizə və gənc memarlara bu ərazilərin yalnız keçmişdən ibarət olmadığını, eyni zamanda gələcəyin şəhərləri üçün ilham mənbəyi ola biləcəyini göstərmək idi. Bu layihə həm də təhsil prosesində vətənpərvərlik ruhunun, sosial və peşəkar məsuliyyətin aşılanması baxımından mühüm rol oynadı. 

Bu gün artıq Qarabağ azaddır. Sevindirici haldır ki, həmin illərdə ideya səviyyəsində hazırladığımız layihələr indi real bərpa və quruculuq prosesinə inteqrasiya olunur. Təsadüfi deyil ki, Qarabağın azad olunduğu o günlər fakültə buraxılış işlərinin və magistr dissertasiyalarının mövzularını Qarabağın yenidən qurulmasına yönəltdik. Bu isə o deməkdir ki, biz yalnız müəllim kimi deyil, həm də vətəndaş-memar kimi zamanın çağırışını dərk edib, gələcəyə yönəlik düşünməyi bacarmışıq.  Azad olunmuş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələrində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin rolu açıq şəkildə hiss olunur. Əsas səbəb isə çox sadədir: Azərbaycanda fəaliyyət göstərən memarların təxminən 90 faizi məhz bizim fakültənin məzunlarıdır. Onlar həm dövlət, həm də özəl sektorda aparıcı mövqelərdə çalışırlar və bu gün Qarabağın və digər azad edilmiş bölgələrin yeni simasını məhz həmin məzunlarımız formalaşdırır. Onu da qeyd etməliyəm ki, bu layihələrdə    Elbay Qasımzadə, Şəhla Qəhrəmanova, Əzimxan Həsənov, İlqar Balakişiyev və b. kimi yaradıcılığı ilə sözünü demiş müəllim heyətimizlə yanaşı məzunlarımız, doktorant və gənc müəllimlərimiz də uğurla çalışır.

Zahidə MƏMMƏDOVA,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin dekanı, professor, Azərbaycanın Əməkdar memarı