Azərbaycanda peşə təhsili alıb Çində aşpaz oldu – Elnur Rzayevin uğur yolu
Azərbaycanda peşə təhsili alanların sorağı xarici ölkələrdən gəlməyə başlayıb. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin məzunu Elnur Rzayev də onlardan biridir. O, Çində sifarişə uyğun olaraq hər cür yemək, əsasən isə milli mətbəximizdən təamlar hazırlayıb müştərilərinə təqdim edir.
Elnurun talış mətbəxindən təqdim etdiyi dadlı nümunələr Çində elə məşhurlaşıb ki, restoranda işə başlayandan bir neçə ay sonra çinli aşpaza ehtiyac qalmayıb, artıq restoranın yeganə aşpazıdır.
İaşə mütəxəssisi olmaq üçün peşə təhsili müəssisəsinə qəbul olundu, ancaq axırda aşpaz oldu
Elnur Rzayev Lənkəran rayonunun Yuxarı Nüvədi kənd məktəbində ümumi orta təhsilini tamamladıqdan sonra peşə təhsilinə üz tutub: “Məndən əvvəl qardaşım peşə təhsili almışdı. Artıq peşə təhsilinin üstünlükləri barədə məlumatlıydım”.
Qardaşından sonra o, 2022-ci ildə “Turizm üzrə iaşə mütəxəssisi” ixtisasına qəbul olunub. 3 illik yüksək texniki peşə təhsilini ötən il tamamlayıb.
Bəs bu ixtisası bitirib necə aşpaz olub?
Elnurun sözlərinə görə, istehsalat təlimi ustası Ağakərim Zeynallı həm də aşpaz olduğundan onda aşpazlığa həvəs yaradıb. 2022-2025-ci illərdə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində təhsilini uğurla davam etdirib. Bir tərəfdən bağlanan qapı o bir tərəfdən açılıb
“Mono otel”, “Xəzər Palas”da uğurlu təcrübə keçən Elnur Rzayev təcrübəçidən işçiyə çevrilib. “Xəzər Palas”da aşpaz köməkçisi vəzifəsində çalışaraq təcrübəsini artırıb: “Bu ixtisas üzrə 14 nəfər məzun olduq. Onlardan 3 nəfər işləyir, qalanı hərbi xidmətdədir. 3 nəfərdən biri də mənəm. Biz hərbi xidmətə müxtəlif səbəblərdən gedə bilmədik. Mən yastıpəncəlikdən əziyyət çəkdiyim üçün hərbi xidmətə yararsız oldum”.
Hərbi xidmətdə “yararsız” qeydi üzsə də, arxasınca aldığı xoş xəbər ona stimul olub. Çində azərbaycanlının açdığı bir restoranda işləmək imkanı əldə edib: “Çinə getmək şansı bir azərbaycanlı vasitəsilə yarandı. Murad Zamanovla eyni vaxtda təhsil almışdıq, eyni yerdə təcrübədə olmuşduq. O məndən bir il əvvəl məzun oldu. Çinə də məndən əvvəl getmişdi. Ona görə də aşpaz axtarılanda mənə bildirdi. Hazırda ayrı-ayrı şəhərlərdə olan restoranlarda işləyirik”.
Daha çox talış yeməkləri hazırlayıram
Elnur Yivu şəhərindədir. Burada “Qafqaz” adlı restoranda aşpazdır: “Burada Azərbaycan milli mətbəxinə aid yeməklər bişirirəm. Bura gələndə Çin mətbəxindən yeməkləri çinli qadın hazırlayırdı. Mən salatlar, sifariş olanda milli mətbəximizə aid yeməklər hazırlayırdım. Daha çox talış yeməkləri hazırlayıram. Artıq bu restoranda çin yeməkləri, demək olar ki, sifariş olunmur. Sifariş azaldığı üçün çinli qadın restorandan ayrıldı. Hazırda nadir hallarda Çin mətbəxindən yemək istəyən olur, hazırlayıb verirəm. Restoranımıza ən çox qazaxlar, ruslar, gürcülər, uyğurlar, hətta cinlilər gəlirlər”.
Elnur Çində işindən razıdır: “Çində işləmək daha sərfəlidir. Burada xaricdən dəvət olunmuş aşpaz kimi əməkhaqqı alıram”.
Elnur qardaşını da Çinə aparmaq fikrindədir: “Qardaşım Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin “Avtomobil çilingəri” ixtisası üzrə təhsilini 2023-cü ildə bitirib. Məzun olan kimi hərbi xidmətə getdi. İndi o da Çinə getmək istəyir. Orada aşpaz köməkçisi işləyə bilər”.



