Azərbaycanda “Uşaq hüquqları haqqında” yeni Qanun qəbul ediləcək

28 Yanvar, 2026 - 11:02
Azərbaycanda “Uşaq hüquqları haqqında” yeni Qanun qəbul ediləcək

Azərbaycanda “Uşaq hüquqları haqqında” yeni Qanun qəbul ediləcək.

"Azərbaycan müəllimi" Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə edilib.

Bildirilib ki, bu Qanun Azərbaycanda uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarını, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını müəyyən edəcək.

Azərbaycan Respublikasının uşaq hüquqları haqqında qanunvericiliyi Konstitusiyadan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, Ailə Məcəlləsindən, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunlardan və digər normativ hüquqi aktlardan ibarət olacaq.

Bu Qanunda nəzərdə tutulmuş hüquqlar və azadlıqlar irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən, sağlamlıq imkanlarından, valideynlərinin (onları əvəz edən şəxslərin), digər ailə üzvlərinin sosial vəziyyətindən, ictimai birliklərə mənsubiyyətindən və digər əlamətlərdən asılı olmayaraq hər bir uşağa aid ediləcək.

Azərbaycan Respublikasında olan əcnəbi və vətəndaşlığı olmayan uşaqlar digər qanunlarda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, bu Qanunda nəzərdə tutulmuş bütün hüquqlardan və azadlıqlardan istifadə edə biləcəklər.