Azərbaycanı Şanxayda təmsil edəcək Elsevərin peşə yolu
Ötən həftə “World skills-2026”-da Azərbaycanı təmsil edəcək komandanın 2 üzvü – aşpaz və dəmir yolu texnologiyaları üzrə iştirakçısı seçildi. Komandanın “dəmiryolçu”su Dəmiryolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 17 yaşlı tələbəsi Elsevər Yaqubov oldu.
“Azərbaycan müəllimi” Elsevəri Şanxaya qədər aparacaq peşə yolu ilə maraqlanıb, onunla müsabiqədə uğur qazanmasına səbəb olan peşə bacarıqları barədə söhbətləşib.
Kiçik kənd uşağının oyun yeri internet, oyuncağı böyük maşınlar, qatarlar, yeni texnologiyalar olub
2009-cu ildə Zərdab rayonu Lələağacı kəndində anadan olan Elsevər Yaqubov ümumi orta təhsilini bitirənə kimi kənddən çıxmayıb. Amma bu balaca kənd uşağının boyundan böyük maraqları olub. Ən böyük əyləncəsi böyük maşınlar, hətta qatarlar, ağır texnikalar olub. Kənd uşağı olduğuna baxmayın, çoxlarından fərqli olaraq internetdən oyunlar yükləmək üçün yox, araşdırmaq, maraqlandığı suallara cavab tapmaq üçün istifadə edib: “İnternetdə yeni texnikalar, yeni mexanizlər haqqında araşdırmalar etmışəm. Qatarlar məndə böyük maraq oyandırdı”.
Qatarlara olan marağı onun karyera yolunu da müəyyənləşdirib. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində təhsil almağa başlayıb: “Oxuduğum təhsil müəssisəsini də özüm internetdə axtarıb tapmışam. Burada texniki peşə təhsili alıram”.
“Gələcəkdə daha çox nüfuzu olan peşələr var. Fikrimcə, həmin peşələrdən biri də mənim ixtisasımdır. Ona görə mən də sevdiyim işlə məşğul olacağam. Sevdiyim işi ən yüksək səviyyədə öyrənəcəyəm. Ali təhsil almaqla bağlı hələ ki qəti fikrim yoxdur. İşimin peşəkarı olmaq üçün ali təhsil almağıma, məncə, ehtiyac yoxdur”, - deyən Elsevər üçün uğur qapıları məhz təhsil aldığı peşə təhsili mərkəzində açılıb: ““WorldSkills” yarışı barəsində bizə məlumat veriləndə çox maraqla dinlədim. Təbii ki, yarışa qatılmaq şərtləri ilə maraqlandım. Çox düşünmədən qərar verdim”.
Yarış həyəcanı: “Təsir altında tez qərar vermək kimi bir çox sınaqlardan keçdim”
“World Skills Azerbaijan” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən dəmir yolu texnologiyaları istiqaməti üzrə milli yarış uğurla başa çatıb: “Milli yarışın ilk turu məktəbdə keçrildi. Yarışın nəticəsinə görə 12 tələbə seçildi. Bir neçə gündən sonra Azərbaycan Dəmir Yolları QSC-nin dəstəyi ilə final turu keçirildi və mən 1-ci yerə layiq görüldüm”.
Seçim prosesinin çətin və həyacanlı keçdiyini deyən Elsevər qiymətləndirmədən də danışıb: “Qiymətləndirmə prosesində ADY-dən nümayəndələr və mərkəzimizin müəllimləri istirak etdi. Mən 11 tələbə yoldaşımla mübarizə apardım. Digərləri ilə müqayisədə əl qabiliyyətim daha yaxşı idi və qalib oldum”.
Müsabiqədən uğurla keçən qəhrəmanım deyir ki, mübarizə şəraitində, sadəcə qalib olmağı yox, həm də dostluqlar qurmağı bacarıb: “Burada yeni dostlar qazandım və təsir altında tez qərar vermək kimi bir çox sınaqlardan keçdim”.
Təlimlər davam edir: “Burada öyrəndiklərim ən böyük qazancım olacaq”
Milli yarışda qalib seçilmək mübarizənin sonu yox, başlanğıcıdır. Bu qələbə həm də böyük məsuliyyət qoyur. O, Azərbaycanı Şanxayda layiqli şəkildə təmsil etməlidir. Bu məsuliyyətin öhdəsindən layiqincə gələ bilmək üçün də var gücü ilə çalışır: “Hazırda təlimlərimiz davam edir. Bakı Lokomotiv Deposunda ADY işçiləri ilə birgə təcrübə keçirik. Peşəkar mütəxəssislərlə təlimlər xoşuma gəlir, çox maraqla öyrənir, əlimə düşən bu fürsəti layiqincə dəyərləndirməyə çalışıram. Bilirəm ki, bu təlimlərdə öyrəndiklərim bütün karyeram dövründə ən böyük qazancım olacaq”.
Elsevər qeyd edib ki, dəmir yolu texnologiyaları beynəlxalq yarışa ilk dəfə salındığından sözügedən ixtisas üzrə Çində ödənişsiz təlimlər təşkil edilib. Ötən il təşkil edilən 10 günlük təlimlərə qatılan Elsevər Yaqublu burada uğurla iştirak edib: “Ötən ilin oktyabrında Çinin Çançun şəhərində "Changchun Digital Technology Vocational College" də təlim keçdim. Təlimlər mənim üçün çox maraqlı idi. Yeni insanlarla tanış oldum, yeni biliklər qazandım və yeni texnikalar gördüm. Bunun kimi daha bir təlim yarışlardan əvvəl də keçiriləcək. 10 günlük ödənişsiz təlimlərin keçiriləcəyi bildirilib. Həmin təlimlərə də qatılacağam. Yarşda öz ölkəmi ən yaxşı şəkildə təmsil edəcəyimə inanıram”.



