Azərbaycanın ali təhsil imkanları Mərkəzi Asiya ölkələrində təqdim olunub
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, “Study in Azerbaijan” layihəsi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələrindən ibarət heyət Mərkəzi Asiya ölkələrində keçirilən beynəlxalq təhsil sərgilərində (International Education Fair – IEF 2026) iştirak edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, səfər proqramı çərçivəsində Qazaxıstanın Astana və Almatı, Qırğızıstanın Bişkek və Özbəkistanın Daşkənd şəhərlərində Azərbaycanın ali təhsil imkanları təqdim olunub.
Sərgilərdə ziyarətçilərə Azərbaycanın ali təhsil müəssisələri, müxtəlif təhsil səviyyələri üzrə tədris proqramları, qəbul qaydaları, tədris dilləri və təqaüd imkanları barədə məlumat verilib. Ölkəmizdə tədris proqramları, təhsil haqları, yaşayış şəraiti və müraciət prosedurları ilə bağlı sualları cavablandırılıb.
Sərgilərdə iştirakın əsas məqsədi Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq səviyyədə tanıdılması, potensial tələbələrin məlumatlandırılması və əcnəbi tələbələrin cəlbi istiqamətində əlaqələrin genişləndirilməsi olub.




