Azərbaycanlı müəllim Özbəkistanda rəqəmsal təhsil mövzusunda təqdimatla çıxış edib
Özbəkistanda “İbtidai təhsildə rəqəmsal təhsil mühitinin yaradılması üçün nəzəri və praktiki həllər: Türk dövlətlərinin təcrübəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfrans türk dövlətləri arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, ibtidai təhsildə rəqəmsal mühitin formalaşdırılması istiqamətində uğurlu təcrübələrin paylaşılması, innovativ yanaşmaların müzakirəsi və müasir təhsil modellərinin inkişafının dəstəklənməsi məqsədi daşıyıb.
Tədbirdə müxtəlif ölkələrdən alimlər, müəllimlər, tədqiqatçılar və təhsil mütəxəssisləri iştirak edərək rəqəmsal təhsil sahəsində əldə olunan təcrübələri bölüşüblər. Konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktoru vəzifəsini icra edən, təhsil tədqiqatçısı Böyükağa Mikayıllı və ADA İbtidai Məktəbinin Azərbaycan dili müəllimi Ülviyyə Nağıyeva iştirak ediblər. Konfransın diqqətçəkən məqamlarından biri iştirakçıların çıxışlarını öz ana dillərində təqdim etmələri olub. Konfransın açılışında çıxış edən Böyükağa Mikayıllı Azərbaycan–Özbəkistan təhsil əlaqələrinin tarixindən və müasir inkişaf mərhələsindən bəhs edib. O, Ermənistan işğalından azad edilmiş Füzuli rayonunda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə özbək xalqı adından Azərbaycan xalqına hədiyyə olaraq 960 şagird yerlik məktəb binasının inşa edilməsini böyük minnətdarlıq hissi ilə iştirakçıların diqqətinə çatdırıb. B. Mikayıllı, eyni zamanda, son dövrlərdə Azərbaycan–Özbəkistan elmi əlaqələrinin daha da intensivləşdiyini və bu əməkdaşlığın təhsil və elm sahələrində yeni imkanlar açdığını vurğulayıb.
ADA ibtidai məktəbinin Azərbaycan dili müəllimi Ülviyyə Nağıyeva “Azərbaycan müəllimi”nə açıqlamasında tədbirin türk dövlətləri arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edən mühüm platforma olduğunu bildirib:
“Burada ən əsas məqam ondan ibarət idi ki, konfransda iştirak edən bütün universitetlərin nümayəndələri öz dillərində çıxış edirdilər. Bu həm türk xalqları arasında ortaq dəyərlərin qorunmasına, həm də elmi müzakirələrin daha səmərəli aparılmasına şərait yaradırdı. Konfransın əsas məqsədi ibtidai təhsildə rəqəmsal mühitin formalaşdırılması istiqamətində uğurlu təcrübələrin paylaşılması, innovativ yanaşmaların müzakirəsi və müasir təhsil modellərinin inkişafının dəstəklənməsi idi. Tədbirdə çoxsaylı alimlər, müəllimlər və təhsil mütəxəssisləri iştirak edərək öz təcrübələrini bölüşürdülər”.
Ü.Nağıyeva qeyd edib ki, konfransda rəqəmsal alətlərin və təbiətyönümlü təhsilin inteqrasiyasına həsr olunmuş təqdimatla çıxış edib. O vurğulayıb ki, geniş araşdırmalara əsaslanan təqdimatı təhsil tədqiqatçısı Böyükağa Mikayıllı ilə birgə hazırlayıb. Onun sözlərinə görə, təqdimatda ibtidai təhsildə şagirdyönümlü rəqəmsal öyrənmə mühitinin yaradılması, interaktiv tədris metodlarının tətbiqi, rəqəmsal platformalardan səmərəli istifadə, eləcə də şagirdlərdə tənqidi düşüncə və yaradıcı yanaşmanın inkişaf etdirilməsi məsələləri ön plana çıxarılıb.




