AzMİU dünyanın ilk 1000 universiteti sırasında yer alıb
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) növbəti dəfə beynəlxalq akademik məkanın ən nüfuzlu qiymətləndirmə sistemlərindən biri olan QS World University Rankings 2027 reytinqində mühüm uğura imza atıb. Universitet dünyanın ən yaxşı ali təhsil müəssisələri arasında yer alaraq 951–1000-ci pillələr qrupunda qərarlaşıb və bununla da qlobal akademik rəqabətdə mövqeyini daha da gücləndirib.
Universitetdən ‘‘Azərbaycan müəllimi’’nə bildirilib ki,bu, AzMİU-da son illər həyata keçirilən məqsədyönlü islahatların, beynəlxalq əməkdaşlıq siyasətinin, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsinin, tədris keyfiyyətinin yüksəldilməsinin və universitetin qlobal akademik inteqrasiyasının real nəticəsidir.
QS World University Rankings 2027 qiymətləndirməsində dünyanın 106 ölkəsindən 8 808 universitet təhlil olunub. Onlardan yalnız 1 504 ali təhsil müəssisəsi yekun reytinq cədvəlinə daxil edilib. Bu il reytinqə 98 yeni universitet əlavə olunub ki, bu da rəqabətin əvvəlki illərlə müqayisədə daha da artdığını göstərir.
Belə bir şəraitdə AzMİU-nun dünyanın ilk 1000 universiteti sırasında yer alması universitetin beynəlxalq səviyyədə tanınan və rəqabətədavamlı ali təhsil müəssisəsinə çevrildiyini təsdiqləyir.
QS-in açıqladığı nəticələr göstərir ki, AzMİU bir sıra strateji göstəricilər üzrə dünya universitetlərinin nəticələrini üstələyib:
• Müəllim-tələbə nisbəti göstəricisi üzrə 411-ci yerdə qərarlaşıb;
• İşəgötürən nüfuzu göstəricisi üzrə 453-cü yeri tutub;
• Akademik nüfuz göstəricisi üzrə isə 567-ci pillədə qərarlaşıb.




