AzTU alimlərinin süni intellekt araşdırması Q1 jurnalında dərc olunub

25 Sentyabr, 2026 - 15:52
AzTU alimlərinin süni intellekt araşdırması Q1 jurnalında dərc olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik və Müdafiə Texnologiyaları İnstitutunun alimləri Hikmət Kərimov və Rahid Ələkbərli süni intellektin gələcəkdə qərarvermə proseslərində hansı şərtlərlə səlahiyyət əldə edə biləcəyinə dair yeni elmi araşdırma aparıblar.

"Azərbaycan müəllimi" xəbər verir ki, sözügedən araşdırma “AI and Ethics” beynəlxalq elmi jurnalında dərc olunub. “Springer Nature” tərəfindən nəşr olunan jurnal süni intellektin etikası, təhlükəsizliyi, idarə olunması və tənzimlənməsi üzrə ixtisaslaşır və Q1 səviyyəli elmi nəşrlər sırasında yer alır.

Alimlərin “Süni intellekt tərəfindən yaradılan qərarlar nə zaman real nəticələr doğuran səlahiyyətə çevrilir?” mövzusunda apardıqları tədqiqatda süni intellektin hazırladığı qərar və tövsiyələrin hansı hallarda insan və təşkilatların fəaliyyətinə birbaşa təsir göstərən real qərarlara çevrildiyi araşdırılır.

Müəlliflərin yanaşmasına görə, süni intellektin verdiyi qərarlar onun avtomatik olaraq real dünyada icra olunan qərara çevrildiyi anlamına gəlmir. Bu zaman qərarın hansı məlumat və sübutlara əsaslanması, həmin məlumatların etibarlılığı, mümkün nəticələrin əhəmiyyəti və insan nəzarətinin mövcudluğu kimi amillər mühüm rol oynayır.

Araşdırmada bu məsələlər üçün yeni nəzəri çərçivə təqdim edilir. Sözügedən çərçivə süni intellektin təqdim etdiyi nəticənin məlumat və tövsiyə mərhələsindən real nəticə doğuran qərar mərhələsinə keçidini sistemli şəkildə qiymətləndirməyə imkan verir.

Tədqiqat xüsusilə süni intellekt sistemlərinin getdikcə daha çox müstəqil qərarlar qəbul etdiyi və müxtəlif proseslərdə insanın rolunu dəyişdirdiyi bir dövrdə aktuallaşır. Müəlliflər vurğulayırlar ki, bu sistemlərin inkişafı ilə yanaşı, süni intellekt tərəfindən qəbul edilən qərarların hansı hallarda və hansı şərtlər çərçivəsində tətbiq oluna biləcəyini müəyyən edən elmi və idarəetmə mexanizmlərinin formalaşdırılması da vacibdir.

Məqalədə təklif olunan yanaşma süni intellektin idarə olunması, təhlükəsizliyi və insan nəzarəti ilə bağlı gələcək tədqiqatlar üçün nəzəri əsas yaradır. Tədqiqatın əsas nəticələrindən biri süni intellektin qərarvermə imkanlarının yalnız texniki baxımdan deyil, həmin qərarların real dünyada yarada biləcəyi nəticələr nəzərə alınmaqla qiymətləndirilməsinin vacibliyidir.

Qeyd edək ki, “AI and Ethics” jurnalı “Springer Nature” tərəfindən nəşr olunur və süni intellektin etikası, idarə olunması və cəmiyyətə təsiri üzrə beynəlxalq tədqiqatları dərc edir. Jurnalın 2025-ci ildə məqalələri 2,1 milyondan çox yüklənib və nəşrləri bir sıra beynəlxalq elmi məlumat bazalarında indekslənir.

AzTU alimlərinin süni intellekt araşdırması Q1 jurnalında dərc olunub
AzTU alimlərinin süni intellekt araşdırması Q1 jurnalında dərc olunub
AzTU alimlərinin süni intellekt araşdırması Q1 jurnalında dərc olunub