Məktəblilər arasında esse müsabiqəsi elan edilir

6 Noyabr, 2026 - 22:22
Məktəblilər arasında esse müsabiqəsi elan edilir

8 Noyabr – Zəfər Günü münasibətilə ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Zəfər tariximiz, Qayıdış gələcəyimizdir” mövzusunda elektron esse müsabiqəsi keçirilir.

Bu barədə “Azərbaycan müəllimi”nə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Belə ki, müsabiqənin məqsədi tarixi Qələbəmizin və Böyük Qayıdışın keçmiş məcburi köçkün məktəblilərin düşüncəsində və baxışlarında necə əks olunduğunu işıqlandırmaqdır.

Müsabiqədə ümumi təhsil müəssisələrinin yalnız məcburi köçkün statusuna malik şagirdləri sərbəst şəkildə iştirak edə bilərlər. Azərbaycan dilində hazırlanmalı olan esse mətninə iştirakçının adı, soyadı, ata adı və FİN kodu əlavə edilməlidir.

Materiallar yalnız elektron qaydada Komitənin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmi elektron poçt ünvanına — media@idp.gov.az⁠ göndərilməlidir. Elektron məktubun mövzu (Subject) hissəsində mütləq “ESSE” sözü qeyd olunmalıdır.

Esselərin qəbulu 6–16 noyabr 2026-cı il tarixlərini əhatə edir. İştirakçılar yazılarını noyabrın 16-sı saat 23:59-dək təqdim edə bilərlər. Daxil olan yazılar müstəqil ekspertlər tərəfindən qiymətləndiriləcək.

Qalib şagirdlər məktəbli ehtiyaclarına uyğun dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. Təltifetmə mərasimi Komitənin inzibati binasında təşkil olunacaq təntənəli tədbirdə keçiriləcək.

Əlavə məlumat üçün +994 55 800 28 80 nömrəsi ilə əlaqə saxlamaq olar.