Bahar Muradova: 593 qızın təhsilinə dəstək göstərilib

24 İyun, 2026 - 17:53
Bahar Muradova: 593 qızın təhsilinə dəstək göstərilib

“Azərbaycan qadının maariflənməsi məsələsi şərəfli və keşməkeşli tarixi yol keçib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qızların təhsilinə dəstək” layihəsinin “II Məzun günü 2026” tədbirində söyləyib.

Komitə sədri qeyd edib ki, “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı müxtəlif istiqamətlərdə fəaliyyət göstərdiyi 5 il ərzində ümumilikdə 593 qızın təhsilinə dəstək göstərib: “Bunlardan 239 nəfəri Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək təqaüd proqramının iştirakçısı olub. Təqaüdçülər ölkənin 60-dan artıq regionunu və 31 ali təhsil müəssisəsini təmsil edirlər”.

B.Muradova qeyd edib ki, layihənin 10 nəfər iştirakçısı Qarabağ Universitetində təhsil alır: ““Qızların təhsilinə dəstək” layihəsinin müxtəlif proqramları üzrə bu il 66 nəfər ali təhsilini başa vurur. Bu gün fəxrlə deyə bilərik ki, layihənin iştirakçıları sırasında Qarabağ Universitetində təhsil alan qızlarımız da yer alır. Bu bizim üçün xüsusi qürur mənbəyidir”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, ötən ilin məzunları ilə birlikdə layihə çərçivəsində artıq 125 gənc qadın mütəxəssis kimi cəmiyyətə vəsiqə qazanıb:

“Builki məzunlarla birlikdə proqramlarımız üzrə artıq 125 nəfər peşəkar kadr kimi əmək bazarına daxil olur. Onlardan 20-yə yaxını ali təhsil müəssisələrini fərqlənmə diplomu ilə bitirib”.

B.Muradova şəhid ailələrinin üzvlərinə yönəlmiş təhsil proqramına da toxunaraq bildirib ki, bu istiqamət üzrə indiyədək 34 nəfər dəstək alıb:

“Şəhid əmanətlərinin təhsilinə töhfə vermək həm mənəvi məsuliyyət, həm də dövlət-vətəndaş həmrəyliyinin göstəricisidir”, - deyə B.Muradova qeyd edib.