Bahar Muradova: Gələcək insan kapitalı məhz müəllimlərin əməyinin nəticəsidir
“Müəllim peşəsi çox müqəddəsdir. Gələcəyimizin təminatçısı olan gənc nəsil, Azərbaycanın gələcək insan kapitalı məhz müəllimlərin əməyinin nəticəsi kimi ortaya çıxır. Mənə elə gəlir ki, müəllimlərin hər birinin qürur duymaq üçün ciddi əsasları var”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Bakı Slavyan Universitetinin “Məzun günü” tədbirində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib
B.Muradova məzunlara müraciət edərək bildirib ki, tələbələr cəmiyyətin müstəqil, bilikli, savadlı, öz peşəsini sevən, vətəninə, torpağına bağlı bir fərdinə çevriləcəklər: “Siz bu ictimai-siyasi mühitin təkcə iştirakçısı yox, həm də onun idarəçiləri sırasına qoşulacaqsınız. Yeni dostlar qazanacaq, iş yerləri əldə edəcək, kollektivə düşəcək, yeni vəzifələrlə üzləşəcəksiniz. Bu vəzifələrin icrası sizin bir şəxsiyyət kimi özünüzü təsdiq etməyiniz üçün yeni imkanlar, yeni qapılar açacaq. Lazımdır ki, boyunuz o qapılara uyğun olsun”.
B.Muradova əlavə edib ki, bu gün yaşadığımız rəqəmsal mühitdə çoxsaylı təhlükələrlə üz-üzəyik:
“Rəqəmsal mühit inkişafınızın təminatçısı kimi çıxış etməklə yanaşı, buna mane olan amilləri də ortaya çıxarır. Bu amillər bizim ailə, milli-mənəvi dəyərlərimizə, insanlar arasındakı münasibətlərə, vətəndaşla dövlət arasında münasibətlərə mənfi təsir göstərə bilər. Ona görə də gözüaçıq olmağınızı, yaxşını pisdən seçməyinizi, haradan gəlib hara getdiyinizi doğru dərk etməyinizi arzulayıram. Mən inanıram ki, bu belə olacaq. Çünki sizin bu dəyərlərlə formalaşmış valideynləriniz var. Sizi Azərbaycanın ən çətin dönəmindən Zəfər dövrünə gətirən müəllimləriniz, ordumuz var. İqtisadiyyatımızı dirçəldən peşəkarlarımız var. Sizdən asılı olan sizə verilənləri gələcəyə ötürmək və daha yaxşı Azərbaycan qurmaq işinə həyatınızı sərf etməkdir”.




