Bakıda internat məktəbində yanğın olub, səbəblər araşdırılır- BŞTİ

22 Aprel, 2026 - 09:35
Bakıda internat məktəbində yanğın olub, səbəblər araşdırılır- BŞTİ

Aprelin 22-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin elektrik naqillərində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib. 

BŞTİ-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə dərhal məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.

İnternat məktəbindəki uşaqların və işçilərin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın dəhlizində yığılmış geyim əşyaları 5 kvadratmetr sahədə, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və dolab yanıb, 1 ədəd dolab və pilləkən qəfəsi 5 kvadratmetr sahədə deformasiya edib.